Serj Sərkisyanın cavabsız buraxdığı suallar – Münxen uğursuzluğu



Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. 

Onların sırasında Ermənistan prezidenti Serj Sərkisyan da vardı. S.Sərkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sərkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib. O, Bakı və Ankaranı sülhə gəlməməkdə günahlandırmağa çalışıb. Lakin heç bir arqument gətirə bilməyib. Dediklərinə reaksiya da minimum olub. Müzakirələr zamanı verilən suallara özünün məhdud regional təfəkkürü çərçivəsində primitiv cavablar verib. Yəni faktiki olaraq heç birinə normal cavab verə bilməyib. Bütün bu məsələlərin geosiyasi aspektləri üzərində dayanmağa çalışacağıq.

Cavabsız suallar: Serj Sərkisyanın çaşqınlığı

Ondan heç zaman həqiqi siyasi lider formalaşmayacaq. Dünyagörüşü məhdud, siyasi görüşləri məhdud radikal milliyyətçilikdən kənara çıxa bilməyən adamdır. O, dünyaya "balaca separatçı" kimi gəlib, elə o statusda da gedəcək. İndi Ermənistan adlı vassal dövlətə, forposta rəhbərlik edən Serj Sərkisyan haqqında onun Münxen Təhlükəsizlik Konfransdakı çıxışında ifadə olunan fikirlərinə nəzər saldıqda və tədbirdə verilən suallara cavablardan sonra yalnız bu nəticəni çıxarmaq olar.

Biz S.Sərkisyanın bir neçə ildir ki, müxtəlif tədbirlərdəki çıxışlarını izləyirik. Etiraf edək ki, o, bizi təəccübləndirir; bəsit məntiqi, radikal siyasi mövqeyi və qaba fikirləri ilə! Adam heç dəyişə bilmir! Münxendə də Yan Bremerin suallarına cavab verə bilməməsi, onlardan faktiki olaraq yan keçməsi ayrıca bir komik səhnə idi (bax: На Мюнхенской конференции по безопасности Президент ответил на вопросы участников обсуждения / "President.am", 17 fevral 2018).

Xatırladaq ki, Yan Bremer "Avrasiya" qrupunun yaradıcısı və hazırda sədridir. O, S.Sərkisyana xarici siyasət məsələləri ilə bağlı suallar verib. Y.Bremer soruşub ki, rəsmi İrəvanın "Aİ ilə assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməklə Avrasiya İqtisadi İttifaqına üzv olması necə seçim idi? Siz qorxdunuzmu? Rusiyanın təsiri oldumu? Budurmu yeni model və ya yeni ideya?" (bax: əvvəlki mənbəyə).

S.Sərkisyan isə cavabında deyib ki, Avropa İttifaqı Ermənistanla saziş imzalamaqdan imtina edib (?). Guya o, şərt qoyub, Ermənistan isə onu qəbul etməyib. Əslində isə Brüssel dəqiq mövqe tutmağı tələb edirdi ki, bunda da tam haqlıdır. S.Sərkisyan da öz mövqeyini, yəni seçimini etdi – o, Moskvaya üstünlük verdi. İndi isə hiyləgərcəsinə və əbləhliklə Avropanı ittiham etməyə çalışır. Və bunun üçün də özünün ənənəvi böhtan dəst-xəttini davam etdirir. O, Y.Bremerin ikinci və üçüncü sualına verdiyi "cavab"da … Azərbaycan və Türkiyəni günahlandırmağa çalışır.

Üstəlik, deyir ki, Ermənistan təcrid olunmayıb, onun vətəndaşlarının orta əmək haqqı Azərbaycanda olandan yüksəkdir. Görün, Ermənistan Milli Statistika Komitəsi sədrinin müavini Qurgen Martirosyan jurnalistlərlə görüşündə nə deyib. O vurğulayıb ki, 2017-ci ilin yanvarında Ermənistanda tərəvəz və kartofun qiyməti 49% (!) artıb. Bütövlükdə ərzaq məhsullarının qiyməti 2016-ya nisbətən 7,4% yüksəlib. Meyvələrin qiyməti 10,9% artıb (bax: Жизнь в Армении в 2017 году стала дороже – цены бьют рекорды / "Sputnik", 6 fevral 2017).

Həyat səviyyəsinə görə isə MDB dövlətləri içərisində ən aşağı olanı Ermənistandır (bax: Средняя зарплата в Армении в 2016-2017 году / "VisaSam.ru"). Orta əmək haqqı 2015-ci ildə Ermənistanda 383 ABŞ dolları, Azərbaycanda isə 439 ABŞ dolları olub. 100 erməni dramı indi 11,3 rubldur, 1 Azərbaycan manatı isə 35 rubldur! 100 erməni dramı 21 sentdir (!), 100 Azərbaycan manatı isə 58 dollardır! Bunlardan başqa, kim Ermənistanın regiondakı beynəlxalq layihələrdən birində iştirak etdiyini deyə bilər? Belə bir layihə mövcuddurmu? Yoxdur! Bəs bunun adı "təcrid" deyilsə, nədir?

İddialar və reallıq: ədalətlə böhtan arasında

Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi də məlumdur – Azərbaycan torpaqlarını işğal etməsi! Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı yalnız bir səbəbi göstərir: Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxıb və indi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin. Baxın, belə aciz bir ölkənin başçısı Münxen Konfransı kimi mötəbər bir tədbirdə həm öz ölkəsi barədə yalan danışır, həm də Azərbaycan və Türkiyəni nələrdəsə əsassız olaraq günahlandırmağa çalışır. Onun çıxışında Azərbaycanı Dağlıq Qarabağ məsələsində günahlandırmağa cəhd göstərməsi də son dərəcə böyük yalan üzərində qurulmuş sayıqlamalar idi.

Serj Sərkisyan özünü elə aparır ki, guya əzəldən Ermənistanın silahlı qüvvələri Qarabağda və ətraf rayonlarda olublar, indi Azərbaycan güclə onları oradan çıxarmaq istəyir. Bütün dünya da bu yalana inanıb Azərbaycana təpki göstərməlidir. Lakin reallığı hər kəs bilir. Bu, BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların uyğun sənədlərində dəqiq ifadə olunub. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin hamısında açıq bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Heç olmasa bu faktın fonunda S.Sarkisyanın azca da olsa, ədalətli olması ona yalnız şərəf gətirərdi. Ancaq, deyəsən, onun şərəfdən başqa, hər şeyi vardır!

Sonra, Serj Sərkisyanın Türkiyəni ittiham etməyə çalışması gülüncdür. O deyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına həmişə çalışıb. Ancaq Ankara Bakının tərəfini tutur və qeyri-dost münasibət göstərir (bax: Президент принял участие в Мюнхенской конференции по безопасности / "President.am", 17 fevral 2018).

Həqiqət nədən ibarətdir? Ankara ifadə edir ki, erməni silahlı dəstələri zəbt etdiyi qonşu Azərbaycanın ərazilərini tərk etməsə, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, ortaya Azərbaycanı atmaq deyil, Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvətdir, sülh içində yaşamağa çağırışdır. Siz necə təsəvvür edirsiniz, minlərlə azərbaycanlını qətlə yetirən, əsir saxlayan, uşaq, qadın, qoca demədən zorakılıq işlədən və işğalçı kimi davranmaqda davam edən Ermənistanla Türkiyə necə əməkdaşlıq edə bilər? Bu, absurd bir tələbdir və yerinə yetirilməsi mümkün deyil.

Ancaq S.Sərkisyanın Türkiyə məsələsini Münxen Konfransında ayrıca vurğulamasının səbəbi də olmamış deyil. Çünki cəmi bir il əvvəl onun BMT-nin Nyu-Yorkda keçirilən iclasında, necə deyərlər, ağzından od-alov püskürürdü! S.Sərkisyan onda çox radikal mövqedə idi. İndi isə adam muma dönüb, Türkiyə ilə əlaqələrin bərpasından dəm vurur, yeni danışıqlara hazır olduğunu bəyan edir. Görünür, bu "balaca separatçı"nı Afrin əməliyyatı yumşaldır. Çünki bütün dünya görür ki, türk rəhbərliyi kimsədən məsləhət almır və türk ordusu bir mükəmməl savaş maşını kimi terrorçuları məhv edir. Bəzilərinin ələkeçməz adlandırdıqları ən müasir mühəndis qurğularını belə ustalıqla tuta bilir. Müxtəlif tərəflərdən Ankaranı dayandırmağa çalışanlara Rəcəb Tayyib Ərdoğanın cavabı birdir: "Son terrorçu qalana qədər gedəcəyik"!

Azərbaycan Prezidenti İlham Əliyev də işğal olunmuş torpaqların azad ediləcəyini qətiyyətlə ifadə etməkdədir və tarixi torpaqlarımızın da unudulmadığı mesajını verir. Bax, bunlar həm də sarkisyanlara mesajdır! Onlara xəbərdarlıqdır ki, əgər danışıqlarla zəbt etdiyiniz Azərbaycan torpaqlarını tərk etməsəniz, hərbi yolla məsələni həll edəcəyik.

Beləliklə, S.Sərkisyanın Münxen Konfransındakı çıxışı və müzakirələrdə verilən suallara cavabı primitiv, bəsit məntiqdən başqa bir şey deyil. Onun orada boşboğazlıq etdiyini zaman da göstərəcək. Ancaq indidən bir sıra erməni ekspertləri Serj Sərkisyanın Münxen "imtahanından kəsildiyini" yazır (bax: məs., В Мюнхене Серж Саркисян не ответил на главный вопрос / "Lragir.am", 18 fevral 2018). Ümumiyyətlə isə S.Sərkisyan həyat imtahanından kəsilmiş adamdır!

Newtimes.az

Tarix: 11-03-2018, 21:19
Xəbəri paylaş





Xəbər lenti