Ölkədə söz oyunu başlayıb.Bu söz oyununda özünü daha yaxşı oyunçu kimi aparmaq istəyənlərin səsi nədənsə daha bərk çıxır, o qədər bərk ki, bəzən hətta həqiqətləri ört-basdır etməyə qədər çatır.“Böyük həqiqətlər pıçıltıyla deyiləndə də eşidilir” deyiminin onlara aidiyyatı yoxdur, onlar hansı yolla olursa- olsun öz həqiqətlərini sırımağa çalışırlar. Bunu insanın təməl haqlarından olan ifadə azadlığı kimi düşünüb keçmək, ən azından susmaq olardı, amma öz yalanlarını həqiqət kimi cəmiyyətə sırımağa cəhd edənlərin böyük çabalarının cəmiyyəti hara və niyə apardığını görməzdən gəlmək olmur.
Ölkədə razılar da var, narazılar da.Problemlər də kifayət qədərdir, onları dilə gətirən siyasi-ictimai kəsim də. Narazılığını söyuşsüz, təhqirsiz, üstəlik, bağırmaqla yox, sivil qaydada, normal dildə ifadə edənlərin də sayı az deyil. Ancaq son zamanlar ortaya elə adamlar, elə ifadə tərzləri və elə “seçilmiş cümlələrlə” çıxırlar ki, əs narazılar abırlarına qısılmalı olurlar.
Sanki ənənəyə çevrilir və nəzərə alaq ki, təhlükəli ənənədir. Ömrünün ən yaxşı illərini hərəkatda, mübarizədə, daha yaxşı gələcək uğrunda savaşda, döyüşdə keçirib, əvəzində adi normal yaşayışdan belə məhrum olanlar bir kənarda qalıb, ömrünün bir günü belə hərəkatda olmayan, mübarizə aparmayan, orda təmsilçiliyi özünə sığışdırmayan, olanlara da “yadlar” kimi baxıb özlərinə yaradılan şəraitdən gen-bol istifadə edənlər maraqları bir az təmin edilməyən kimi “əsl müxalifətə” çevrilmək hədə-qorxusuna başlayırlar. İlk cümlələri də söyüş, hədə-qorxu olur.Biz qətiyyən hansısa sahənin, lap elə müxalifətin də monopoliyasına tərəfdar deyilik, yeni müxalifətə hər zaman ehtiyac var və proseslərin içindən zaman-zaman yetişib ortaya çıxmalıdır. “Zamanında hərəkatda olmayanların mübarizəyə haqqı yoxdur” da demirik, zatən desək, gülünc olar, hər kəsin etiraza, müxalif olmağa, nədənsə narazı qalmağa haqqı var. Eləcə də insanın öz fikrini sərbəst ifadə etməsindən yanayıq, amma bunu illərlə yuxarıdan -aşağı baxıb, tənə vurduqları insanları küncə sıxışdırmağa cəhd etməklə edənlərə meydan verilməməlidir. Şəxsən mən özlərini indi müxalif kimi cəmiyyətə sırımağa çalışıb, vaxtilə hakimiyyətin yanında, arxasında olduqları müddətdə təmin etdikləri maraqlarını, vəzifələrini, işlərini, təminatlarını itirdikdən dərhal sonra əks cəbhəyə keçənlərin səmimiyyətinə inanmıram.Ona da inanmıram ki, onlardan xalqa xeyir gələcək.Ancaq onlar bunu anlamır, anlasalar da, özlərini anlamaz kimi göstərib müxalifət oyununda baş rolu üzərlərinə götürmək kimi cəhdlərini günbəgün artırırlar.İllərini mübarizəyə sərf edib bu mübarizədən qazandığı ancaq xəstəlik, ən aşağı həddə maddi imkan, bəzən ailə-övladın tənəsi olan insanları hədəfə almağı belə özlərinə rəva görürlər.Bu insanlara mübarizə dərsi vermək cəsarətində olurlar, “siz bacarmadınız, meydana mən gəlirəm” deyib bir-iki söyüşlü cümlə ilə “mübarizəyə” başladıqlarının anonsunu verirlər.Ardından başlayır məsafədən atılan “güllələr”.Əksəriyyəti boşa çıxır, çünki dolu deyil, hardan atıldığı və niyə ünvanlandığı da bir məsələdir.Nədəndirsə, hədəflərində təkcə hakimiyyət olmur, hansı kı, küskünlükləri məhz ondandır, ona sona qədər sahib çıxmayıb, yolun ortasında “ögey övlad” münasibəti göstərib istədiyi hər şeyi anında və artıqlaması ilə vermədiyi üçün. Sağa-sola saldırırlar, hədə-qorxunu hər tərəfə səpələyirlər, söyüşün biri bir qəpik” ifadəsinin haqqını bol-bol verirlər, “mübarizədə yeni qüvvə” ayamasını öz boylarına özləri biçirlər, bu ifadəni kimsənin onlar haqqında nə keçmişdə, nə indi, nə də gələcəkdə sözün həqiqi mənasında işlətməyəcəyini bilə-bilə susmurlar.
Utandıqlarından deyil, bilmədiklərindən “Mübarizə bu gün də var, yarın da...”nı oxumurlar. Allah üzümüzə baxıb ki, tarixdən, ədəbiyyatdan o qədər də məlumatlı deyillər. Biriləri tarixi oxuyub öyrənəndə, mübarizənin ön sırasında olanda onlar həmin o birilərini söyməklə, təhqir etməklə məşğul idilər, başları onlara həvalə edilən vəzifədən daha çox pul qazanmağa qarışmışdı, “başı dolu, cibi boş intelligentlər”dən olmaq istəmədiklərini sinələrinə döyə-döyə bağırırdılar. İndi cibləri boşalanda başlarının da heç zaman dolu olmadığının fərqində belə olmayan bu insanlar üçün hər şey ancaq maddi təminatdır. O varsa, hər tərəf güllük-gülüstanlıqdır, qurd quzu ilə yola gedir, əgər o yoxdursa, hər tərəf cəhənnəmdir və deməli, “mübarizəyə” başlamaq olar...
Bilərəkdən, şüurlu şəkildə ömrünü mübarizəyə həsr edib, əvəzində heç bir təmənna güdməyən, saf, təmiz insanları hədəfə almaqla xalqın olan-qalan inamını da itirməyi hədəfləyiblər.“Əgər bu da bunlara qoşuldusa, onda heç nə” deyən insanların sayını artırmaq üçün ciddi-cəhdlə çalışırlar, leksikonlarındakı dürlü-dürlü söyüşlər, təhqirlər bu yerdə köməklərinə çatır.Yaxşı oynayırlar. Bəzən hətta o qədər yaxşı ki, adam az qalır “oyunçu aparsın” desin. Amma demirik, məqsədlərinin bu oyunda Azərbaycanı aparmaq olduğu üçün demirik...
Elnarə Kərimova
Cebhe.info