Vahid Əhmədov: “Apreldən sonra kadr islahatlarının şahidi olacağıq”


“Arzu edirəm İsa Qəmbər tezliklə sağalsın və yenidən Azərbaycan siyasətinə qayıtsın”

“Baxış bucağı”

Bu həftə SSRİ-nin saxlanması ilə bağlı keçirilən səsvermənin 27-ci ildönümü tamam olacaq. Cümhuriyyətimizin 100-cü ildönümündə arzuolunan budur ki, mart referendumunda istiqlalımıza səs verən “43-lər” barədə də hansısa qərar verilsin. İstiqlalçı deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla gündəmin vacib mövzularını əhatə edən söhbətimizdə əvvəlcə bu barədə danışdıq.

- Vahid bəy, üstündən 27 il keçəndən sonra SSRİ-nin saxlanması ilə əlaqədar keçirilən mart referendumunu necə xatırlayırsınız?

- İlk olaraq qeyd etmək istəyirəm ki, əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi bizimçün fəxarətdir, önəmli məsələdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi - baxmayaraq ki, 1918-20-ci illərdə müstəqilliyimizin ömrü cəmi 23 ay olmuşdu, amma biz artıq 27-ci ildir ki, müstəqildir. Dövlət başçısına minnətdarlıq bildirirəm ki, Azərbaycan dövlətinin 100 illiyi ilə əlaqədar sərəncam imzaladı. Cümhuriyyətimizlə bağlı Milli Məclisdə də xüsusi iclas keçiriləcək. Həmçinin, bütün dünyada 100 illiklə əlaqədar silsilə tədbirlər olacaq. 1991-ci ilin 17 martındakı referenduma toxundunuz. Əlbəttə, o dövrlər Azərbaycan üçün çox ağır dövrlər idi, çox ciddi hadisələr baş verirdi. Topxana meşəsində bir ağaca görə başlanan hadisələr Azərbaycanda milli azadlıq hərəkatının güclənməsinə səbəb olmuşdu. O zaman Moskva SSRİ-ni saxlamaq üçün çox çalışırdı. Buna görə də referendumun keçirilməsi ilə bağlı bütün respublikalardakı mərkəzi komitələrə, həmçinin Azərbaycana göstəriş verilmişdi. O zaman mən Ali Sovetin deputatı idim. Bizdə də referendumun keçirilməsi üçün qərar vermək tələb olunurdu. Yadıma gəlir, 17 mart idi. Biz 365 deputat idik, o deputatların yalnız 43 nəfəri SSRİ-nin saxlanmasının əleyhinə səs verdi, rəhmətlik Heydər Əliyev də həmin o siyahıda idi. “Demblok”u təşkil edən deputatlar, digərləri də var idi, məsələn, Cümşüd Nuriyev, rəhmətlik Tofiq Bağırov. İndi o 43 nəfərin 20-dən çoxu rəhmətə gedib, qalanları da müəyyən proseslərdə iştirak edirlər. Sonradan deputat seçilənlər də oldu. Amma mən hesab edirəm ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar həmin deputatlar müəyyən imtiyazlara malik olmalıdırlar.

- Bu barədə illərdir təkliflər səslənir. Cümhuriyyət ilində istiqlalçı deputatlarla bağlı hansısa qərar verilə bilərmi?

- İlk olaraq onların pensiya təminatı həllini tapmalıdır. Deputat maaşının 80 faizi miqdarında təqaüdün onlara da verilməsi ilə bağlı qərarın o insanlara da şamil edilməsi çox vacibdir. Dediyim kimi, həmin insanların 50 faizindən çoxu rəhmətə gedib, sağ qalanlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu, o insanların haqqıdır. Çünki onlar imperiyanın saxlanmasının əleyhinə səs veriblər. Bizim üçün çox önəmli bir tarixdə, Cümhuriyyətimizin 100 illiyində istiqlalçı deputatlarla bağlı qərar verilməsi də çox vacib məsələdir. Fikir vermisinizsə, İlham Əliyev prezident seçildikdən sonra belə humanist addımların çox şahidi olmuşuq. İnanırıq ki, 100 illiklə bağlı müəyyən proseslər gedəcək və bu məsələ də öz həllini tapacaq. Biz, Milli Məclisin 23 deputatı bununla əlaqədar cənab prezidentə müraciət etmişdik. Amma nədənsə bu məsələ həllini tapmadı. Mən yenə də belə hesab edirəm ki, Cümhuriyyətin 100 illiyində həmin insanlara diqqət artırılmalıdır və onlar real qiymətlərini almalıdırlar.

- Bu yaxınlarda məlum oldu ki, deputatların pensiya təminatı ilə bağlı qərar ilk çağırışa, həmçinin istiqlalçı deputatlara şamil olunmayıb. Yeri gəlmişkən, parlamentin sabiq sədri, prezident səlahiyyətlərini icra etmiş İsa Qəmbərin səhhətində yaranmış problemlərlə əlaqədar müayinə-müalicə kursları keçməsi bu məsələni bir daha gündəmə gətirdi...

- Əvvəla, mən ona şəfa diləyirəm, arzu edirəm ki, tezliklə sağalsın və yenidən Azərbaycan siyasətinə qayıtsın! Belə insanları ümumiyyətlə, həmişə diqqətdə, saxlamaq lazımdır. Həmçinin, ehtiyac olduqda mütləq dövlət, hökumət onların müalicəsinə köməklik göstərməlidir. Ölkəmizdə belə hadisələr çox olub və həmişə də dövlətimiz yardım əlini uzadıb, kömək edib.

- Vahid bəy, bu günlərdə amnistiya və əfv gözləntiləri də çox böyükdür. Sizcə, bu istiqamətində budəfəki addımlar nəyi dəyişə bilər?

- Dediyim kimi, söhbət Azərbaycanın tarixində çox şərəfli bir səhifə olan Cümhuriyyətimizin 100 illiyindən gedir. Yüzillik hər gün keçirilmir ki, 100 ildən bir baş verən çox ciddi tarixi hadisədir və dövlət də bununla bağlı hazırlıqlar həyata keçirir. Odur ki, əfv və amnistiya ilə bağlı addımların atılacağı gözlənilir. Fikrimcə, dövlətimiz tərəfindən 2018-ci ildə belə humanist addımların atılmasının şahidi olacağıq.

- Cümhuriyyət quruculularının məzarlarının Azərbaycana gətirilməsi ilə əlaqədar təşəbbüslərə münasibətiniz necədir?

- Səslənən təkliflərdə müəyyən həqiqət də var. Amma mən qəbirləri tərpətməyin bir o qədər də tərəfdarı olmamışam, bu gün də tərəfdarı deyiləm. O insanların dəfn olunduğu yerlərdə, məzarların üzərində müəyyən işlər həyata keçirilə bilər. Amma Məhəmməd Əmin Rəsulzadə ilə əlaqədar Azərbaycanda, əlbəttə, müəyyən addımlar atılmalıdır. O cümlədən Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adını vermək heç də qəbahət deyil. Yəni bu insanlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar və o dövrdə Azərbaycan cəmi 23 ay olsa da, müstəqil dövlət kimi fəaliyyət göstərib, Azərbaycanın bayrağı, gerbi və s. olub. Bu, bizim şərəfli tariximizin böyük bir parçasıdır. Tarixi şəxsiyyətlər isə onsuz da həmişə tarixdə qalırlar. Ona görə də həmin insanların əməyini qeyd etməyə ehtiyac var.

- Vahid bəy, düz bir aydan sonra ölkədə prezident seçkiləri keçiriləcək. Sizin 11 apreldən sonrakı Azərbaycan haqqında təsəvvürləriniz necədir?

- Prezident seçkiləri ilə əlaqədar çoxlu polemika, söhbətlər gedir. Namizədlərin siyahısı da məlumdur. Onların hamısına müsbət yanaşıram. Əlbəttə, seçkinin favoriti indiki prezident İlham Əliyevdir, bu, aydındır, əhali tərəfindən də müsbət qarşılanır. İlham Əliyevin son vaxtlar apardığı siyasət, xüsusilə də iqtisadi islahatlara start verilməsi - baxmayaraq ki, dünyada çox ciddi böhranlar yaşanıb - 2016-cı ildə Azərbaycanda Strateji Yol Xəritəsinin qəbul edilməsi, 2017-ci ildə ölkədə iqtisadi inkişafda ciddi addımların atılması, kadr, struktur, institusional islahatların aparılması ölkə əhalisi tərəfindən müsbət qarşılanıb. Xüsusilə kənd təsərrüfatı, sənaye sahəsində görülən işlər Azərbaycanda İlham Əliyevin prezident seçilməsini daha da labüd edib. İkincisi, başlanan işlərin axıra çatdırılması üçün əlbəttə, Azərbaycan əhalisi İlham Əliyevi prezident postunda görür və yəqin ki, əhali İlham Əliyevə səs verəcək.

Bayaq qeyd etdim, Azərbaycanda artıq islahatlara start verilib və bu, davam etdiriləcək. Biz müəyyən kadr islahatlarının da şahidi olacağıq. Həmçinin bəzi dövlət orqanlarının birləşdirilməsi, ləğvi baş verəcək. Çünki İlham Əliyevin prezidentliyi dövründə biz vaxtaşırı bunların şahidi olmuşuq. 2018-ci il prezident seçkilərindən sonra ola bilər Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin. Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Bu addımlar da ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcək.

- Bu həftə hökumət parlamentə hesabat verəcək. İddialar var ki, budəfəki hesabat hazırkı kabinet başçısının sonuncu hesabatı ola bilər...

- Birincisi, Artur Rasi-zadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər. İkincisi də, cənab prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir. Artur Rasi-zadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub.

- Deputat həmkarınız Əli Məsimli Milli Məclisdə prezidentə dollar kreditləri ilə bağlı müraciət etdi. Seçkiqabağı yüz minlərlə vətəndaşı maraqlandıran bu məsələ ilə bağlı güzəştlər edilə bilərmi?

- Dövlət başçısı son vaxtlar bir sıra humanist addımlar atır. Milli Məclisin son iclasında da sığorta amnistiyası ilə bağlı qanunu qəbul etdik və şirkətlərin, insanların 386 milyon manata yaxın ödəyə bilmədiyi sığorta vəsaiti silindi. Belə bir addımın dollarla verilmiş kreditlərlə əlaqədar atılması da çox vacibdir. Çünki bu dəqiqə məhkəmələrdə 100 minlərlə işlər var. Biz həmin vəsaitin tam dövlətin üzərinə qoyulmasını da istəmirik. Bununla əlaqədar Əli Məsimli ilə birgə 14 səhifəlik təkliflər də vermişik. Orda Azərbaycan dövləti, Mərkəzi Bank və vətəndaşlar arasında bölüşdürmüşdük ki, hərəsi təxminən 25 faiz ödəməklə bu krediti birdəfəlik bağlaya bilər. Dollarla verilən kreditlərin bağlanması tək əhali üçün vacib məsələ deyil, banklar üçün də vacibdir. Bankların sağlamaşdırılması prosesi çox ləng gedir, bunun sürətləndirilməsi üçün vaxtı keçmiş kreditlər məsələsini həll etmək lazımdır. Bu gün deyirlər təqribən 1,6 milyard manata yaxın kredit borcu var, amma xeyir, məbləğ 2 milyard manata yaxındır. Çünki Beynəlxalq Bankda yaranmış problemli kreditləri də bura əlavə etsək, görərik ki, rəqəm daha ciddidir. Bu da Azərbaycanın maliyyə bazarına ciddi təsir göstərir, bank sistemində kreditləşmə çox yüksək səviyyədə getmir. Bütün bunları həll etmək üçün belə bir addım atmaq lazımdır. Biz bu istiqamətdə addımın atılması üçün mətbuat vasitəsilə cənab prezidentə müraciət etdik. Bu, prezidentin qərarı, Milli Məclisə qanun layihəsi şəklində də verilə bilər. Bir məsələyə də toxunmaq istəyirəm. Bir sıra dövlətlərdə artıq kapitalın amnistiyasına başlanılıb. Məsələn, Qazaxıstanda Nazarbayevin qərarı ilə kapitala amnistiya verdilər. Rusiyada da mərhələlər üzrə proses başlayıb. Azərbaycanda da artıq buna getməyin vaxtı çatıb. Dövlətimiz 27 ildir müstəqildir, insanlar vəsaitlər qazanıblar, əyri, ya düz yolla qazanıblar, bunun araşdırılmasını gözləmək lazım deyil. Azərbaycana investisiya yatırılmasını artırmaq, həmin vəsaiti xaricdən ölkəyə gətirmək üçün kapital amnistiyasına çox böyük ehtiyac var. Çünki bu gün qeyri-neft sektorunun inkişafı üçün bizə investisiya yatırımı çox vacibdir. Belə bir qərarın da verilməsini biz cənab prezidentdən xahiş edirik. Əlbəttə, amnistiya olandan sonra qərarda, ya qanunda nəzərə almaq lazımdır ki, gətirilən vəsait konkret sahələrə yönəldilsin.

- Nəzəri cəhətdən o halda ölkəyə nə qədər vəsait gələ bilər?

- O zaman ölkəmizə milyardlarla vəsait gələ bilər və Azərbaycanın iqtisadi inkişafı üçün önəmli vəsait ola bilər. Amma nəzərə almaq lazımdır ki, o vəsait terrora, hökumətin devrilməsi və s. yönəlməsin, yalnız qeyri-neft sektorunun, Azərbaycan iqtisadiyyatının inkişafı üçün istifadə edilsin.

Elşad PAŞASOY

Tarix: 12-03-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti