Elşən Mustafayev: “İran Azərbaycana din qardaşı olaraq normal münasibət bəsləməyib”
Cənub qonşumuz İran ermənipərəst siyasətindən əl çəkmir. Siyasi istiqamətdə olduğu kimi, iqtisadi sahədə də rəsmi Tehran təcavüzkar ölkənin yaşaması üçün əlindən gələni edir və bəzi hallarda bunu açıq şəkildə büruzə verir. Sanki İran bir müsəlman ölkəsi olaraq, digər qonşuluğunda yerləşən, dövlətlərarası əlaqəsi yüksək səviyyədə olan müsəlman ölkəsi Azərbaycanın ərazilərinə edilən təcavüzü unudur.
Bu il 26-27 fevral tarixində İrəvanda keçirilmiş İran-Ermənistan hökumətlərarası müştərək iqtisadi komissiyanın 15-ci iclasında İran energetika naziri Reza Ərdəkanian ölkəsinin Ermənistana 180 milyon nəfərlik Avrasiya İqtisadi İttifaqı bazarına pəncərə kimi baxdığını qeyd edib. O, “iki ölkə xalqlarının minilliklər boyu biri-birinin yanında əmin-amanlıq şəraitində” yaşadığını qeyd edərək İranla Ermənistan arasındakı iqtisadi əlaqələrin də siyasi əlaqələr kimi inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.
Bu faktları boşuna xatırlatmırıq. Bunlar cənub qonşumuzun Ermənistanı dirçəltmək üçün göstərdiyi çabalara misaldır. Sirr deyil ki, Ermənistana ayaqda qalmaq üçün siyasi əlaqələrdən daha çox iqtisadi əlaqələrinin digər dövlətlərlə genişləndirilməsi əsasdır. Bunu isə Rusiya ilə yanaşı ən çox İran edir.
Rəsmi Bakının İranı bu mövqeyinə təsir etmək üçün nələr etməli olduğu, artıq sərt mövqe sərgiləməsinin zamanının çatdığı, eləcə də, gələcəkdə rəsmi Tehranın bu siyasətini davam etdirməmək üçün hansı addımları atması ilə bağlı ən müxtəlif mövqelər var.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, hazırda İran-Ermənistan münasibətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq, bizim buna münasibət bildirməyimizin heç bir əhəmiyyəti yoxdur: “Azərbaycan istər rəsmi şəkildə, istərsə də ictimai təşkilatlar vasitəsilə işğalçı dövlətlə isti münasibətlərə görə İranı həmişə tənqid, hətta ittiham da edib. Əvəzində isə İran bu münasibətə heç bir əhəmiyyət verməyib, bəzi hallarda Azərbaycanı qıcıqlandıracaq addımlar atıb. Bunun tarixi səbəbləri var. İran nə şah zamanında, nə də ki, İslam inqilabından sonra Türkiyə və Azərbaycana din qardaşı olaraq normal münasibət bəsləməyib. Özümüzə açıq şəkildə deməsələr də, əsassız olaraq hər iki dövləti özləri üçün təhlükə hesab ediblər. Rusiya Ermənistanla olan yaxın münasibətlərini də heç vaxt gizlətməyib. İran buna məcbur qalmayınca, bu siyasətindən əl çəkməyəcək. İran uzun müddətdir ki, beynəlxalq sanksiyalarla üz-üzədir. Sanksiyaların nəticələri isə İranı ağır duruma salıb. Belə gedərsə, gələcəkdə tam təcrid olunma təhlükəsi qaçılmaz olacaq. Bu səbəbdən Rusiya ilə münasibətlərin genişləndirilməsi, onun yaratdığı iqtisadi ittifaqlarla əməkdaşlıq etməsi mövcud olan böhranın dərinləşməsinin qarşısını almağa hesablanıb. Avrasiya İttifaqı vasitəsilə iqtisadi layihələr həyata keçirtmək istəkləri də buna görədir. İran yaxşı bilir ki, Ermənistan Rusiyanın forpostudur. Orada hər hansı iş görəcəksə, ilk öncə Rusiya buna razılıq verməlidir.
Belə görünür ki, razılıq da verilib. Amma bir məsələni unudurlar ki, indiyə qədər Rusiya heç bir dövləti sona qədər müdafiə etməyib. İraq və Liviya dünyaya meydan oxuyanda, eyni zamanda, sanksiyalarla üz üzə qalanda Rusiya ilə dostluq münasibətlərində idi və dəstəklənirdi. Hətta bir çox addımlarını da onunla razılaşdırırdı. Sonda isə Rusiya həmin dövlətləri müdafiə etməyərək tək başına qoydu. Nəticə isə hamıya məlumdur. Hətta əminəm ki, gec-tez Suriyada Əsədi də həmin gün gözləyir. Hesab edirəm ki, İran regionda Azərbaycan və Türkiyə ilə yaxından əməkdaşlıq etməli, səmimi dostluq münasibətləri qurmalı idi. Bu halda hər iki dövlətdən özlərinə qarşı xəyanət görməyəcəkdi. İndiki halda Ermənistandan və Rusiyadan hansı sədaqəti alacaq, onu zaman göstərəcək. İran dövləti hər vəchlə sərhədlərindən kənarda fəaliyyət göstərməyə, özləri demişkən nəfəslik açmağa çalışır. Qərb və ABŞ-la sanksiyalar səbəbindən bu mümkün olmadığı üçün postsovet məkanı ilə əməkdaşlıq etməyə məcburdur. Rusiya-Qərb münasibətlərinin gərgin olduğu bir vaxtda düşmənimin düşməni dostumdur deyiminin də burada rolu var. İranın işğalçı Ermənistan ilə iqtisadi və siyasi baxımdan yaxınlaşması əvvəldən də gözlənilən idi və buna bizim və Türkiyənin mane olması mümkün deyil. Ən azından İran bu məsələdə alternativ fikri qətiyyətlə rədd edir. Baxmayaraq ki, islam dövlətidir, belə məsələlərdə siyasi-iqtisadi qazancın dindən daha vacib olması anlamına gələn addımlar atır. Hələ o da məlum deyil ki, qazanc olacaq, ya itki”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”