ABŞ-ın şübhəli Qarabağ siyasəti: Ağ Ev kimin əlinə oynayır?



Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyan ABŞ-a səfər edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, Saakyan ABŞ-a səfəri zamanı Konqresin inzibati binasında tədbir keçirib. Tədbirdə bir sıra amerikalı konqresmen və erməni diasporunun üzvləri iştirak ediblər.Artıq bununla bağlı ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim edilib.Həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını çatdırıb.

Vaşinqtondan ikili standart

Başqa sözlə, separatçıların lideri ABŞ-da yüksək səviyyədə qarşılandı və ona tədbir keçirməsi üçün bütün şərait yaradıldı.Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ABŞ-ın bu addımı Azərbaycan tərəfindən başqa formada qarşılana bilməzdi və haqlı olaraq etiraz edildi. Bu fonda Sekutanın verdiyi açıqlama isə Azərbaycan üçün naməlum idi. O, Bako Saakayanın səfərindən asılı olmayaraq, ABŞ-ın Qarabağ probleminə olan münasibətinin dəyişmədiyini dedi. Nəzərə alsaq ki, Amerika indiyədək nə Minsk qrupu səviyyəsində, nə də müstəqil dövlət olaraq münaqişəyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən yanaşmayıb, üstəgəl, separatçıların Vaşinqtona səfərinə böyük maraq göstərib, demək ki, Sekutadan məsələyə bundan artıq yanaşma gözləmək də sadəlövhlük olardı. Saakyanın ABŞ-da normal qarşılanması bir daha sübut etdi ki, Vaşinqton münaqişənin həll prosesində işğalçını öz adı ilə çağırmayacaq.Əksinə, bundan sonrakı dönəmlərdə Qarabağ separatçılarına ABŞ-dan dövlət səviyyəsində yardım gözləntisi də yaranıb.Bu vəziyyətdə Azərbaycanın hansı addım atacağı isə bu ölkənin siyasi rəhbərliyinin iradəsindən asılıdır.

Saakyanın Amerika səfərinin pərdəarxası məqamları

Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistada keçirilən prezident seçkilərindən sonra bu ölkə yeni siyasi idarəetmə mərhələsinə keçib. Politoloq qeyd edib ki, yeni prezident Armen Sarkisyan Avropa və ABŞ-da kifayət qədər tanınmış diplomatdır və güclü əlaqələrə malikdir:

“Armen Sarkisyan rəsmi vəzifəsinin icrasına başlamamışdan əvvəl artıq xarici əlaqələrindən və diasporun gücündən istifadə etməyə başlayıb. Serj Sarkisyanın prezident səlahiyyətlərinin bitməsindən sonra baş nazir olaraq yenidən ölkəni tam nəzarətə götürəcəyi iddia eddilsə də Armen Sarkisyanın potensialı məsələyə başqa prizmadan baxmağa məcbur edir.Hesab edirəm ki, Ermənistan rəhbərliyi ölkəni parlament respublikasına çevirməklə daha uzaq hədəflərinə çatmaq istəyir.Ermənistan rəhbərliyi bu ölkənin “Avropa ailəsi”nə daha yaxın olduğunu Qərbə göstərməyə çalışır.Bundan Dağlıq Qarabağ münaqişəsinin həllində öz xeyirlərinə istifadə etməyə cəhd edirlər. Artıq bu gedişin ilk cücərtiləri də var. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Bako Saakyanın ABŞ-a səfəri ərəfəsində qondarma respublikanın “xalqlar ailəsi”nə qoşulması barədə “The National Interest” qəzetinə verdiyi müsahibə ermənilərin bununla bağlı yeni planlarının olmasından xəbər verir”.

Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu deyən Vasif Əfəndi bildirib ki, yerli ictimaiyyət arasında tez-tez bu qurumun formatının dəyişdirilməsindən danışılır:

“Ermənistan Xarici İşlər Nazirliyi vəziyyətin dəyişə biləcəyi ehtimalını nəzərə alaraq, Minsk qrupundan kənar fəaliyyətə üstünlük verməyi qərara alıb. Armen Sarkisyanın qarşısına qoyduğu hədəf, danışıqlar ərəfəsində qondarma respublikaya müəyyən qanuni status almaqdır. Təbii ki, onlar “müstəqilliyin tanınması”nı istəsələr də, ən az indiki məqamda müəyyən status almaq niyyətindədirlər. Bako Saakyanın ABŞ səfərinin kökündə də bu məsələ var. Ermənistan parlamentində qondarma respublikanın tanınması barədə ciddi hazırlıq gedir.Hətta, bir sıra xarici ölkələrin parlamentləri ilə müəyyən sazişlərin bağlanması nəzərdə tutulur”.(Cebhe.info)



Tarix: 15-03-2018, 21:49
Xəbəri paylaş





Xəbər lenti