"Bu il keçiriləcək qurultay üçün Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, "Bakı Əyləncə Mərkəzi” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir”.
Bu barədə BakuPost-a BAXCP-nin mətbuat xidmətindən bildirilib.
Partiya rəhbərliyi hesab edir ki, bu cavab onlara qarşı hörmətsizlikdir:
"BAXCP növbəti qurultayını 7 aprel 2018-ci il tarixdə "Bakı Əyləncə Mərkəzi”də keçirmək barədə "Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib. BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib.
İnanırıq ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcəkdir. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.