Rusiya apardığı siyasət nəticəsində özünü Qərb dünyasından təcrid edir.
Moderator.az xəbər verir ki, bu sözləri Axar.az-a Rusiya ilə Böyük Britaniya arasında Skripal olayına görə yaşanan gərginliklə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.
“Rusiya ilə Britaniya arasında gərginlik durmadan artır. Bu gərginliyin Soyuq müharibəyə aparıb-aparmayacağını indidən söyləmək olduqca çətindir. Əvvəllər Soyuq müharibə olanda iki blok - kommunizmlə kapitalizm qarşı-qarşıya dururdu. Yəni SSRİ-nin ətrafında müttəfiqləri var idi. İndi isə Rusiyanın demək olar ki, heç bir ideologiyası yoxdur. Yəni ortada ideoloji toqquşma yoxdur və əslində Rusiya təkbaşınadır. Ona görə də bunu “Soyuq müharibə” adlandırmaq çətindir. Hər halda görünən odur ki, Rusiya apardığı siyasət nəticəsində özünü Qərb dünyasından təcrid edir”.
Millət vəkili bildirib ki, Britaniya tərəfinin Rusiya diplomatlarının qovulması ilə bağlı mövqeyindən sonra Rusiyanın da analoji qərarı gözlənilən idi.
R.Musabəyov Skripal olayında Putinə qarşı irəli sürülən ittihamların hələ müəmmalı olduğunu bildirib:
“Hər halda düşünürəm ki, istintaq davam edəcək. Əgər bu olayda bilavasitə Rusiya xüsusi xidmət orqanlarının rolunun olduğu faktlarla təsdiqlənərsə, təbii ki, Rusiya daha sərt sanksiyalarla üzləşəcək”.
Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.
Britaniya olayı BMT TŞ-nin toplantısında müzakirəyə çıxarıb.Fransa, ABŞ, Almaniya, Polşa isə Britaniya ilə həmrəy olduqlarını bildiriblər. Böyük Britaniyanın 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlamasının ardından Rusiya da 23 ingilis diplomatını qovacağını bəyan edib.