Baş nazir postu uğrunda mübarizə başlayıb



   
Baş nazir postu uğrunda mübarizə başlayıb

Yaqub Eyyubovla Əli Əhmədovun siyasi elitadakı tərəfdarları arasında gizli rəqabət yaranıb; İqtidarın “ağır artireliyaları” seçkidən sonranın planını hazırlayır

Prezident seçkilərindən sonra hakim komandada ciddi dəyişikliklərin olacağı müzakirə mövzusudur. İctimai-siyasi dairələrdə seçkilərin nəticələrindən daha çox bu məsələ müzakirə olunur. Çünki seçkinin nəticəsi aşağı-yuxarı bəllidir.

Seçki marafonuna qatılan namizədlər arasında hazırki prezident İlham Əliyevə ciddi rəqib ola biləcək namizədin olmadığını nəzərə alsaq, deyə bilərik ki, 11 apreldə ölkədə iqtidar dəyişikliyi olmayacaq. Mövcud qanunlara görə, İlham Əliyev yenidən prezident seçiləndən sonra hökumət buraxılmalı, yeni tərkib təsdiqlənməlidir. Bu zaman kimlərin komandada qalacağı, kimlərin “yola salınacağı” bəlli olacaq. Doğrudur, bu məsələ prezidentin səlahiyyətindədir, amma bu istiqamətdə müəyyən təkliflər, proqnozlar da səslənməkdədir.

Ümumiyyətlə, son illər ölkədə baş verən dəyişiklikləri göz önünə alaraq demək olar ki, artıq islahatlara start verilib və bu, davam etdiriləcək. İstər idarəçilikdə struktur dəyişikliyi, istərsə də yeni simaların komandaya gətirilməsi baxımından yeniliklər qaçılmazdır. Məhz, bu baxımdan da, seçkidən sonra müəyyən kadr islahatlarının da şahidi olacağıq. Gözlənilən bu dəyişikliklər fonunda bəzi dövlət qurumlarının birləşdirilməsi, yaxud ləğvi də istisna deyil. Ötən dövrə nəzər yetirsək, görərik ki, son iki ildə bu istiqamətdə xeyli ciddi dəyişikliklər olub. 2018-ci il prezident seçkilərindən sonra da bu proses davam etdiriləcək.

Amma seçkidən sonra yeni hökumətin başında kimin dayanacağı ilə bağlı sual daha çox müzakirə olunur. Bu suala konkret cavab olmasa da, müxtəlif ehtimallar irəli sürülür. Əslində, bu müzakirələr hazırki baş nazir Artur Rasi-zadənin şəxsi keyfiyyətləri ilə bağlı deyil. Onsuz da, Artur müəllim bütün dönəmlərdə “təhlükəsiz fiqur” olub. Bəlkə də, uzun illər bu postda qalmasının əsas səbəblərindən biri də budur.

Lakin artıq onun yaşının çox olması yeni tərkibə Artur Rasi-zadənin rəhbərlik etməyəcəyini düşünməyə əsas verir. Doğrudur, bu günə kimi A. Rasi-zadənin “yola salınacağı” ilə bağlı fikirlər çox səslənib. Hətta bunu ciddi arumentlərlə əsaslandıranlar da olub. Görünən odur ki, hələ də o, bu mühüm postda saxlanılıb. Lakin böyük ehtimalla bu dəfə Rasi-zadənin “yola salınması” qaçılmaz olacaq.

Hakim komandaya daxil olmasa da, siyasi elita tərəfindən hörmətlə qarşılanan, eləcə də yuxarı dairələrdə gedən müzakirələrdən xəbərdar olan millət vəkili Vahid Əhmədov bu günlərdə mətbuata açıqlamasında da baş nazir Artur Rasi-zadənin istefaya göndərilməsi barədə maraqlı fikirlər səsləndirib. Onun bu açıqlamasında da Artur Rasi-zadənin “yola salınacağına” işarələri sezməmək mümkün deyil:

"Birincisi, Artur Rasi-zadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə - maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər.

İkincisi, cənab Prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir”.

Millət vəkilinin bu fikirlərindən də göründüyü kimi, cənab Rasi-zadə baş nazir postundan hörmətlə yola salınacaq. Maraqlıdır ki, Vahid Əhmədov da bu mühüm posta kimin gətirilə biləcəyini ehtimal edə bilmir. Onun qənaətincə, hökumət rəhbəri dəyişəcək, bu posta yaşlı nəslin nümayndələrindən də gələ bilər, eyni zamanda, o qədər də yaşı olmayan şəxs də. O zaman ortaya sual çıxır, yeni baş nazir kim ola bilər?

Bu posta hakim komandada iddialılar sırasında bir çox nazirin də adı çəkilib. Onlardan Maliyyə naziri Samir Şərifovun, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, İqtisadiyyat naziri Şahin Mustafayevin, hətta Milli Məclisin sədri Oqtay Əsədovun da adı hallanıb.
Amma bu adlar sırasında baş nazirin hazırki müavinlərinin də adı çəkilir. Hakim komandanın yuxarı dairələrinə yaxın mənbədən “Reytinq”ə verilən məlumata görə, sözügedən posta təyin olunma ehtimalı yüksək sayılan iki şəxslə bağlı müzakirələr başlayıb. Onlardan biri baş nazirin birinci müavini Yaqub Eyyubov, digəri baş nazirin müavini Əli Əhmədovdur.


Məlumata görə, namizədlərlə bağlı müzakirələr yekunlaşıb: “Hələlik əsas müzakirə bu iki şəxs üzərində gedir. Yaqub Eyyubovla Əli Əhmədovun şəxsi xarakterlərinin baş nazir postuna yararlı olmaları barədə qərar verilib”.

Mənbəmiz bildirib ki, hər iki şəxs bu günə kimi iddialı şəxs olmayıblar, eyni zamanda, ətraflarına qruplaşma yaradaraq “yuxarılar”a təhlükəli kadr kimi görünməyiblər: “Kənardan qiymətləndirmə lazım gələrsə, Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Yəni, dövlət ricalında davamlılığı nəzərə alsaq, onun baş nazir postuna gətirilməsində problem yoxdur. Ən azından uzun illərdir ki, ayrı-ayrı zamanlarda Artur Rasi-zadəni əvəzləyib.

Əli Əhmədov da hakim siyasi elitanın önəmli üzvlərindən sayılır. Baş nazirin müavini, Dövlət Qulluğunu İdarəetmə Şurasının və həmin Şura yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvüdür. Qısaca xatırlatma verim ki, Əli Əhmədov 2005-ci ilin martın 26-da III qurultayda YAP Sədirinin müavini və İcra katibi seçilib. 22 oktyabr 2013-cü ildən isə baş nazirin müavinidir. Əli Əhmədovun da baş nazir postuna gətirilməsi üçün kifayət qədər əsaslar var. Onun uzun illər YAP rəhbəri olması, siyasi müstəvidə mübarizənin əsas fiquru kimi çıxış etməsi, prezident seçkilərində İlham Əliyevin səlahiyyətli nümayəndəsi kimi seçki marafonunda önə çıxması ona karyera yüksəlişində “yaşıl işıq” yandırır. Eyni zamanda, Əli Əhmədovun mafioz fiqur olmaması ona baş nazir postu üçün əlavə şans verir”.

Bildirilir ki, hər iki namizədi dəstəkləyənlər olsa da, yekun rəyə təsir etmək üçün müəyyən işlər aparılır. Mənbəmizin sözlərinə görə, Əli Əhmədovu dəstəkləyənlərlə Yaqub Eyyubovun baş nazir olmasını istəyənlər əslində qarşı-qarşıya olan qruplar deyil, lakin maraqlar toqquşur. Bu səbəbdən də sözügedən şəxsləri dəstəkləyən siyasi elita nümayəndələri mübarizəni gizli aparırlar. Ona görə də bu savaşı sezmək mümkün deyil.

“Qeyd etdiyim kimi, hər iki şəxsin hakimyyət üçün xidmətləri danılmazdır. Amma böyük ehtimalla ikisindən biri bu posta gətirilə bilər. Hazırkı rəy ondan ibarətdir ki, Eyyub Yaqubovun bu posta layiq olduğunu düşünənlər daha çoxdur. Adının qalmaqallarda çox hallanmaması, rüşvət və korrupsiya ilə bağlı ünvanına çox ittihamların səslənməməsi ona etimad göstəriləcəyinə əminlik yaradır.

Amma eyni fikriləri Əli Əhmədovla bağlı da söyləmək olar. Lakin bəzi məqamlar var ki, onlar Əli Əhmədova problemlər yaradır. Belə ki, onun baş nazirin müavini təyin olunandan sonra həyata keçirmək istədiyi layihələrin müsbət nəticələnməməsi ona qarşı inamı azaldıb. İcbari tibbi sığorta məsələsini neçə ildir ki, gündəmə gətirsə də, reallaşdırmağa müvəffəq olmayan müavinin baş nazir olacağına inam bir qədər azdır. Ona görə də hazırda Yaqub Eyyubov Əli Əhmədovdan şanslı görünür.

Amma bir məqamı da nəzərə çatdırım ki, prezident İlham Əliyev hər zaman fövqəladə qərarlar verib. Odur ki, son anda tamamilə başqa şəxsin baş nazir postuna təsdiqlənməsi də mümkündür”, - deyə mənbəmiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ
Tarix: 19-03-2018, 14:13
Xəbəri paylaş





Xəbər lenti