Prezidentliyə namizəd Hafiz Hacıyev AzEuroNews.com-a videomüsahibə verib. Müsahibə hissə-hissə yayımlanacaq.
“Ramiz kimi məmurlar asılmalıdır”
Bildirib ki, icra başçıları yerlərdə qanunsuzluqlar edir, vətəndaşları dövlətdən narazı salırlar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “kloun”, Gədəbəy İcra hakimiyyətinin başçısı Ramiz Yediyarovu “julik” adlandırıb: “O rüşvətxorun biridir, Fazil Məmmədovun kadırı olub. Fazil Məmmədov çox böyük nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. Bu adamlar niyə qalmalıdır? Ramiz dövlətçilikdən bixəbər adamdır. Oradan yoldaşlar mənə gəlib dedilər ki, əlacımız sənə qalıb, prezidentə çatdır ki, o adamın əlindən Gədəbəy camaatının hamısı deyir ki, bizim gedib ermənilərə girov düşməyimiz, gedib ermənilərin içində yaşamağımız yaxşıdır, nəinki bunun, bu banditin əlində yaşamağımız. Bu cür insanlar Azərbaycan hakimiyyətində baş qaxıncıdır. Bunun orada qalması cinayətdir. Onu həbs etmək lazımdır. Bu adamın mənəvi haqqı yoxdur ki, bu gün İlham Əliyevin komandasında qalıb işləsin. Çünki İlham Əliyev həmişə deyir ki, xalqın xidmətçisi olmaq lazımdır. Bu nə edir? Bu azərbaycan xalqını məcbur edir ki, gedib erməniyə əsir düşsün! Ramiz kimi məmurlar asılmalıdır”.
“O camaat bizə hansı xidmətlərimizə görə səs verməlidir?”
Hafiz Hacıyev Ramiz Yediyarovu hakimiyyət daxilindəki müəyyən qrupun adamı adlandırıb: “Onun mənəvi haqqı yoxdur ki, Gədəbəy camaatına rəhbərlik etsin. Hakimiyyət daxilindəki müəyyən qrupların adamıydı. Onu ora Fazil Məməmmədov aparıb qoymuşdu. İndi Fazil Məmmədov çıxıb, belə adamların əli ilə heyfini almaq istəyir. O düşünürsə ki, nə vaxtsa salamat qalacaq, qətiyyən belə deyil. Biz onu lazımınca cəzalandıracağıq. Heç buna şübhəsi olmasın. Adamın vicdanı olar, adam heç olmasa prezidentin tapşırıqlarını yerinə yetirər. Prezidentin sahibkarlara etdiyi köməyin bircə faizini Ramiz eləsin. Rayondan camaatı didərgin salıb. Süpürgəçidən də rüşvət alır. Mağazaların qapılarını kubiklə tikdirir. Deyir Bağdadda kor xəlifə, Gədəbəydə də mənəm. Nə dövlət, heç kimi saymıram. Pulumu verib qalmışam. Bu cür adamları tutmaq yox, asmaq lazımdır. Bunu millətin gözü qarşısında etmək lazımdır ki, o birinə, onun kimisinə, qonşusuna, Şəmkirdəkinə görk olsun! Görsünlər ki, milləti incitmək, dövlətin üstünə qaldırmaq olmaz. Rusiyada işləyən adamlar vardı, gəlib pullarını qoydular, bazar tikdilər. Bunun əlindən Rusiyadan gələn vətəndaşlar canlarını zorla alıb getdilər. Prezident deyir ki, gəlin sərmayə qoyun, vətəninizdə işləyin. Adamlar gəlir sərmayə qoyur, Ramiz də 10 nəfərin deyil, yüzlərlə adamın anasını ağladıb. Bir yerin qapısını kəsir, 10 nəfər işsiz qalır. Gör bu adam orada neçə dənə qapıları bağlayıb, qıfıl vurubdur! Gəlin baxaq oradan səs ala biləcəyik? O camaat bizə hansı xidmətlərimizə görə səs verməlidir? Ramizin camaatın qapılarını bağladığına, işsiz qoyduğuna görə? Biz bunlara qəti cavablar verməsək, adamlar vətənimizdən didərgin düşəcək. Ramiz kimi adamların hakimiyyətdə təmsil olunması baş qaxıncıdır. O, kimlərəsə pul verib vəzifədə qalır. Biz buna göz yuma bilmərik”.
“Niyə prezidentə məruzə etmir ki, cənab prezident, bizim Gədəbəyin icra başçısı julikdir”
Hafiz Hacıyev belə məmurlar haqda ciddi tədbirlərin görülməsi üçün televiziyada çıxışlar edəcəyini bildirib: “Xalqım mənə səs verərsə, Ramiz kimilərin ayağından asaram, o yediklərini hamısını bir-bir qusduraram, onda bilərlər ki, işləmək nətərdi, idarəçilik nətərdir. Gəlib bir humanist adamın əlinə düşüblər, dillənmir, Ramiz kimilər də gedib camaatın qapısını bağlayır, xalqı dövlətdən narazı salır. Ramiz kimilər həbs edilməlidir. Bilmirəm ki, Zeynal müəllim Nağdəliyev onu niyə saxlayır? Niyə prezidentə məruzə etmir ki, cənab prezident, bizim Gədəbəyin icra başçısı julikdir, ermənilərdən pisdir, xalqı incidir! Xalq gedib erməniyə əsir düşmək istəyir. Bunu niyə prezidentə demirlər? Demirlərsə, deməli nə isə maraqları var. Bu cür insanlar mənim prezidentliyim dövründə türmələrdə çürüyəcək. Sağlıq olsun, zamanı gələr, bunu sübut edəcəyəm”.
Hafiz Hacıyev çıxışının davamında Hacıbala Abutalıbovuun barəsində də kəskin fikirlər səsləndirib.