Bir az olar ki, çoxdan tanıdığım yoldaşlardan biri dünən paylaşdığım yazıya iradını bildirdi. Dedi ki, ABŞ-a ehtiramla yanaşırsan. O dövlət qondarma “DQR”-a pul (öz sözüdür) yardımı edir. Niyə ABŞ-ı “duruya” çıxarırsan ?
Dostum, mən ABŞ-ı müdafiə etmirəm. Axı bu ağrılı problemi bizə “qonaq” edən, onu bizə “bağışlayan” Rusiya olub. Düzdür, hakimiyyətin siyasi baxımdan danışmağa mövzusu olmasa da, ilhaqla bağlı dərin, əsaslanmış fikir ortaya qoya bilməsə də hiss edilir ki, günah məsələsində Rusiyanı “divar” arxasında gizlətməklə məşğuldur. Heç 25 ildə bir dəfə gördükmü, eşitdikmi Azərbaycan Respublikasının səlahiyyətli nümayəndələri şimal dövlətinin rəsmilərini bu cinayətdə – ərazilərimizi qəsbdə Beynəlxalq təşkilatların tribunasından ittiham etmiş olsunlar ? Son 200 il ərzində bizə münasibəti dəyişməyən, torpağımızı yeyən, o dövlətə-bu dövlətə yedirdən Rusiyanı strateji müttəfiq hesab etmək nə dərəcədə doğrudur? Bir ovuc torpağımızda qurduğumuz müstəqilliyimizi də Rusiyaya yedirdək ? Ərazi bütövlüyümüzü bərpa edə bilmiriksə günahkar Qərbdir, Beynəlxalq təşkilatlardır ? Bəlkə bir az da özümüzdən inciyək ? Hələ də bu iqtidarın “ağ ayıya” mütiliyi davam edir. Çünki siyasətdə təsadüfidirlər. Hələ də Azərbaycanın Krım olmadığını başa düşmürlər. Başa düşmürlər ki, Siyasi aləmdə bulaqların okeanları udması var.
Mən ABŞ-ın Rusiyayla eyniləşdirilməsinin əleyhinəyəm. İndi siz deyin ! Ərazilərimiz qəsb ediləndə, yüz minlərlə insan mənəvi və fiziki basqılara məruz qalanda, köçgünləşəndə Ölkəmizdə fəaliyyət göstərən Məhkəmə hakimiyyəti hüquqi müstəvidə nə kimi işlər həyata keçirdi ? Ümumiyyətlə, nə etdi? Hamının başa düşəcəyi şəkildə deyək. O zamanlar müəllim məktəblərdə gənclik yetişdirirdi, ƏSGƏRLƏRİMİZ DÖYÜŞÜRDÜ, əkinçi əkirdi, neftçi vətən üçün neft nəql edirdi… Bəs o ağır illərdə Məhkəmə hakimiyyəti düşdüyümüz durumda bütövlüyümüz üçün nə edirdi? Axı yüz minlərlə insan Respublika daxilində bandit yığını tərəfindən zorakılığa məruz qalmışdı. Axı bu insanların hər birinin işinə Məhkəmələrdə baxılmalıydı. Azərbaycan Respublikasının daxilində bandit yığınının qondarma “DQR” yaratdığına Məhkəmələrimiz münasibət bildirməliydi. Beynəlxalq təşkilatlar, dövlətlər bu barədə məlumatlandırılmalıydı. O məlum qərardan sonra bilərdik ki, o bandit yığınını ölkələrinə buraxmamaqda hüquqi əsası olan hansı ölkə “ loyallığıyla” həddini aşır. Respublika daxilində Konstitusiya və Qanunlarımıza tabe olmayan bandit yığını barəsində Məhkəmələrimiz bir qərar vermədi. Eləcə də qondarma “DQR” haqqında ? Başa düşək, dostum, dünya Azərbaycan hakimiyyətində mövcud olan düşüncəylə idarə olunmur. Hakimiyyətin dövlətçilik barəsində təsəvvürü yox dərəcəsində. Parlamentin, Məhkəmənin fəaliyyətsizliyi göz önündə. Ölkə də, insanlar da “mağara” qanunlarıyla, “mağar” qanunlarıyla idarəsiz bir vəziyyətdə günün keçirir. Bəlkə Xalq olduğumuzu, Vətəndaş olduğumuzu, müstəqil dövlət qurduğumuzu, demokratiyaya haqq etdiyimizi, Ərazi bütövlüyümüzə layiq olduğumuzu yada salaq !