Kremlin ən əsas ideoloqlarından biri, filosof və politoloq Aleksandr Duqinin daim Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılmasının zəruriliyi haqda çıxışlar etməsi əslində müsbət haldır.
Amma rusiyalı politoloq çıxışlarında bunun üçün tələb olunan ilkin şərtlər və ya beş rayonun qaytarılmasından sonra atılmalı olan addımlar haqqında heç vaxt müfəssəl bir söz demir.
Halbuki indiyədək masa üzərində olan layihələrdə bu məqamların hamısı bircə-bircə əksini tapıbdır. Hətta ermənilər özləri də beş rayonun qaytarılmasının əleyhinə deyillər, amma bununla bahəm paralel şərtlər də irəli sürürlər. Məsələn, Dağlıq Qarabağ üçün elə “aralıq status” tələb edirlər ki, əslində bunu yalnız şərti olaraq, formal şəkildə aralıq status kimi başa düşmək olar, çünki tələb olunan statusun qəbul olunması elə bəri başdan Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən və yaxud da onun konstitusion müstəvisindən çıxmasını nəzərdə tutur. Elə A.Duqinin də tez-tez dilə gətirdiyi beş rayon məsələsi əks olunan nəzəri razılaşmanın indiyədək qəbul olunmamasının əsas səbəblərindən biri də budur.
Amma politoloq Duqinin kiçik açıqlamasında “diqqətəlayiq” başqa məqamlar da vardı və əsasən onların üzərində dayanmağa qərarlıyıq, o səbəbdən ki, müasir Rusiyanın ən böyük geoiqtisadi və yaxud geosiyasi layihələrindən birinin müəllifinin çıxışlarında çox vaxt “incə” geosiyasət elementləri də olur. Məsələn, diqqətli oxucu yəqin, onun Türkiyə-NATO münasibətlərilə bağlı “proqnoz”larını xatırlayır...
Bəs indiki açıqlamada hansı geosiyasi mətləblər əks olunub? Bunun üçün açıqlamanın bir yerinə diqqət yönəltməyinizi təvəqqe edərdik. A.Duqin açıqlamanın bir yerində deyir: “Türkiyə azərbaycanlılarla milli birlik əsasında, İran isə ermənilərlə tarixi köklər və hind-Avropa ümumiliyi zəminində bağlıdır. Bundan başqa İranın Cənubi Azərbaycan problemi də vardır”...
Diqqət etdinizmi? Əgər etdinizsə, özünüz də razılaşarsınız ki, Kremlin ideoloqu bölgənin etno-mədəni xüsusiyyətlərini, onun regional geosiyasi və sosio-kulturoloji arxitekturasını özlərinə sərf edən bir formada təqdim etməyə çalışır, İranla Azərbaycan arasında baryer qurmağa cəhd edir.
Amma o, unudur ki, birincisi, azərbaycanlıların etno-mədəni xüsusiyyətlərinin formalaşmasında İran amili heç də türk amilindən az rol oynamayıbdır. Gəlin, baxaq görək, Azərbaycan mədəniyyəti, hətta ədəbiyyatı və musiqisi daha çox İranın təsirinə məruz qalıbdır, yoxsa ki, Ermənistanın mədəniyyəti?..
İkincisi, bəli, azərbaycanlıların böyük hissəsi etnik türklərdir, amma onlar eyni zamanda həm də şiə-müsəlmanlardır. Şiəlik isə qonşu İranın əsas, bizim dildə desək, dövlət dinidir.
Üçüncüsü, İranda yaşayan on milyonlarla azərbaycanlıya ayrıcı-bölücü amil kimi də baxmaq olar, birləşdirici amil kimi də. Məsələn, biz onlara daha çox birləşdirici amil kimi baxmağın tərəfdarıyıq. Bəlkə də bütün bu amilləri nəzərə alaraq M.Rəsulzadə hələ əsrin əvvəllərində İran-Türkiyə - Azərbaycan ittifaqı, hətta konfederasiyası haqqında yazırdı, çünki o da qeyd edirdi ki, Azərbaycan özündə həm Türkiyə, həm də İran başlanğıcı daşıyır.
O ki qaldı İrandakı soydaşlarımıza, ötən il dekabr hadisələri zamanı onlar bir daha sübut etdilər ki, İranın bütövlüyündə və sabitliyində digər etnik qruplardan heç də az maraqlı deyillər, bəlkə çoxundan hətta artıq dərəcədə maraqlıdırlar.
İndi bütün bunları nəzərə alandan sonra özünüz bircə suala cavab verməyə çalışın: Hansı ölkə İrana daha çox yaxındır - Ermənistan, yoxsa Azərbaycan?
Bəli, vəziyyət belədi. Hətta düşünürük ki, zaman keçdikcə, iki ölkə arasındakı qarşılıqlı etimad və inam gücləndikcə İranın da bölgə üzrə siyasətinin ağırlıq mərkəzi Bakıya doğru daha çox istiqamət götürəcək.
İndinin özündə də Azərbaycan-İran əlaqələri və Ermənistan-İran əlaqələri ölçüyə gəlməz dərəcədə fərqlidi. Məsələn, Şimal-Cənub dəhlizi ilə bağlı ermənilərin böyük “planları” vardı. Hətta düşünürdülər ki, İrəvan İranı Avrasiya İttifaqı ilə birləşdirən həlqə olacaq. Amma ümidləri gözlərində qaldı: İran Şimal - Cənub dəhlizini reallaşdırmaqda Azərbaycana üstünlük verdi.
O ki qaldı Qarabağ probleminə, əslində İran bu məsələdə də çoxdan de-yure olaraq seçimini edib: dəfələrlə Ermənistanı işğalçı dövlət adlandırıb və onu işğal etdiyi torpaqları boşaltmağa çağırıb.
İranın bu problemin gələcək məqamlarında iştirakına gəldikdə isə, biz İrandan əslində çox şey ummuruq, yetər, bu ölkə qonşuluğunda on illərlə davam edən prosesə ədalətlə yanaşsın. Bəli, yalnız ədalət -bizim bundan savayı umacağımız yoxdur. Düşünürük ki, İranın siyasət-dövlət adamları və diplomatları buna anlaşıqla yanaşacaqlar.