Hüquq müdafiəçisi Anar Məmmədliİkinci Qarabağ müharibəsindən iki il sonra Ermənistanla Azərbaycan arasında qanlı toqquşmaların baş verməsində bu ölkənin siyasi qüvvələri və ictimaiyyəti də məsuliyyət daşıyır. Şübhəsiz ki, Azərbaycan kimi siyasi azadlıqların boğulduğu ölkədə ictimai məkan bu cür müzakirələr üçün münasib deyil. Amma bizimlə müqayisədə kövrək demokratiyanın olduğu Ermənistanda açıq və ətraflı müzakirələr üçün ictumai məkan genişdir.
Beləliklə, Azərbaycan cəmiyyətinin böyük kəsimi son iki ildə iqtidarın dövriyyəyə buraxdığı Zəngəzur koridorunun hərbi-siyasi hədəfə çevrilməsinə ya susqunluqla ya da məmnunluqla dəstək verib. Əfsus ki, cəmiyyət ötən iki il ərzində Zəngəzur koridorunun mahiyyəti və mümkünlüyünü obyektiv şəkildə dəyərləndirmədi. Münaqişənin həlli ilə bağlı digər bir mövzu – Qarabağın erməni icmasının gələcək statusu, təhlükəsizliyi, mədəni və siyasi hüquqlarına təminat məsələsi isə müzakirədən kənar qalıb.
Azərbaycan tərəfində Zəngəzur kordioru ilə bağlı aydın təsəvvür yoxdur. Rəsmi təbliğata görə bu təkcə Naxçıvanı ana vətənlə birləşdirən dəhliz deyil, Şərqlə Qərbi birləşdirən alternativ yol olacaq, ölkəyə maddi gəlirlər gətirəcək. Amma heç kim fərqinə varmır ki:
a) 10 noyabr sənədində Ermənistan ərazisindən Naxçıvana açılacaq nəqliyyat yollarına Rusiyanın təhlükəsizlik qüvvələrinin nəzarəti nəzərdə tutulub. Yəni bu Azərbaycanın nəzarətində olmayacaq. Ən yaxşı halda Azərbaycan əsgəri döyüşlə o ərazini alıb Rusiya sərhdəçilərinə təhvil verəcək.
b) Nəqliyyat yollarının bərpası Ermənistanın suveren ərazisində təşkil olunacaq və bu yolları Zəngəzur adlandırmaq yeni siyasi konflikt yaradır.
Göründüyü kimi, bu gün Ermənistandan israrla Zəngəzur koridorunun açılmasını tələb edən Azərbaycan rəsmiləri əslində Rusiyanın da maraqlarına xidmət etmiş olur. Çünki Rusiya üçün Zəngəzur və ya X adında hansısa koridorun açılması iki səbəbdən sərfəlidir:
a) koridoru nəzarətdə saxlamaqla Ermənistan və Azərbaycana əlavə siyasi təzyiqlər əldə edəcək
b) Türkiyə və Aralıq dənizi limalarına quru yolla alternativ çıxış əldə edəcək.
Bu baxımdan bu planın baş tutması üçün savaşan iki ölkə arasında toqquşmaya Rusiyanın seyrçi qalması anlaşılandır. Qısası, Azərbaycan tərəfinin Zəngəzur dəhlizində israr etməsinin heç bir humanitar və ya siyasi faydası yoxdur. Çünki Naxçıvana səfər etmək istəyən azərbaycanlıya Ermənistanın təklif etdiyi istənilən yol – Mehri və ya Gorus yolu sərf edir.
Ermənistan cəmiyyətində isə 2020-ci ildən bəri Paşinyan hökumətini xəyanətdə və siyasi güzəştlərdə ittiham edənlər bu ölkələr arasında sülh sazişinin imzalanmasını yubadır, Qarabağ müharibəsinin siyasi nəticələri ilə barışmaq istəmirlər. Hələ də əksər erməni siyasi qrupları və vətəndaş cəmiyyəti təşkilatları 10 noyabr atəşəkəs bəyanatı və ardınca imzalanan sənədlərdəki bu müddəların icrasını xəyanət hesab edirlər:
• Ermənistanla Azərbaycan arasında nəqliyyat yollarının açılması və Naxçıvana nəqliyyat dəhlinizin yaradılması
• Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması
• İki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyasında razılaşma;
Nəhayət, Ermənistan cəmiyyətində hələ də 30 illik münaqişədən sonra Azərbaycanın ərazi bütövlüyün tanınması məsələsində rasional davranan siyasi qruplar azdır. Əgər ötən 100 ildəki siyasi müzakirələrə nəzər salsaq, görərik ki, Qarabağ ermənilərinin Ermənistana birləşməsi nə 1918-ci ildə birinci respublikalar qurularkən, nə 1921-ci ildə sovet respublikaları qurularkən, nə də 1991-ci ildə iki ölkənin müstəqilliyi bərpa edilərkən beynəlxalq dəstək almayıb. Səbəb isə sadədir. Qarabağdakı etnoqrafik durum elədir ki, bu bölgə 100 il əvvəl iki etnik icma arasında kəndbəkənd, küçəbəküçə və ya məhəllələr üzrə bölünə bilməyib.
Tarix: 18-09-2022, 23:11