Biz niyə ABŞ-da təşkilatlana bilmirik?
İctimai fəal Bəxtiyar HacıyevPelosinin Ermənistana səfərinin əsas məqsədi noyabrdakı aralıq seçkilərində erməni əsilli ABŞ vətəndaşlarından daha çox səs və daha çox ianə almaqdır. Erməni diasporası ABŞ siyasətində təşkilatlanmış olmasaydı, Nensi nəinki onlara göz yaşı axıtmaq, heç barmağını da tərpətməzdi. İndi isə onun seçkilərdə əlavə səs və pul almaq üçün səfəri nəticədə ABŞ-ın Ermənistana dəstəyi kimi görünür ki, bu da səhv və qınanılmalı addımdır.
Məni düşündürən isə 30 ildir ABŞ-da yaşamağa başlamış on minlərlə Azərbaycan əsilli şəxslərin ABŞ siyasətinə təsir edəcək gücə çevrilməməsidir. Bir əlin barmaqları ilə sayılacaq qədər ABŞ siyasətində fəal olan həmyerlimiz, 1-2 təşkilatımız var. Onlar da ya bir-biri ilə Bakıdan süni yaradılmış münaqişənin qurbanı olurlar, ya da Bakıdan maddi dəstək dayanan kimi fəaliyyətləri sıfıra düşür.
Nəticədə 30 il Qarabağ və ətraf rayonları işğal altında saxlamasına baxmayaraq səsini bir dəfə çıxarmamış ABŞ siyasətçiləri bir sərhəd insidentində dərhal Azərbaycanı təcavüzkar adlandırırlar.
Bu vəziyyəti dəyişmək mümkün idimi? Bəli. Amma bunun üçün daxili siyasətdəki ayrılıqları diaspor işindən ayırmaq lazım idi. ABŞ-da (eləcə də Avropada) yaşayan, orada təhsil alan tələbə və gəncləri təşkilatlandırmaq, onlar üçün qərarverici qurumlarda praktika imkanı yaratmaq, qərarvericilərə yaxın saxlamaq lazım idi. Keçmişdə buna cəhdlərimiz də olmuşdu, ancaq ölkə daxilindən bunun qarşısı alındı. Sırf daxili siyasi maraqlara görə. Sonra da belə işləri nazir balalarına həvalə etdilər, ataları vurulan kimi işlər də dayandı.
Ən asan şey reallıqları olduğu kimi görüb, dünya qərarvericilərini “ermənipərəst” kimi damğalamaq və sonra yeyib-içməyə davam etməkdir. Çətin və doğru olan isə reallıqları dəyişməyə çalışmaq, dünya siyasətində Azərbaycana dost qazanmağa çalışmaqdır. Bunu etməyə çalışanların isə qarşısındakı ən böyük sədd Azərbaycan daxilindədir.
Tarix: 18-09-2022, 23:19