DSK-larda HAZIRLIQ işləri başlayıb? – Parlamentdən və MSK-dan referendumla bağlı AÇIQLAMA
Son günlər ayrı-ayrı ərazilərdəki dairə seçki komissiyalarının (DSK) fəaliyyətində canlanma müşahidə olunur. Bir neçə DSK-da gec saatlarına qədər, hətta axşam saat 23:00-a qədər işçilərin çalışdığının şahidi oluruq.
Bəziləri hansısa hazırlıqlardan dolayı işlərinin çox olduğunu, bu səbəbdən gərgin iş rejimində olduğunu belə etiraf edirlər. Amma hazırlıqların konkret nə ilə bağlı getdiyini açıqlayan yoxdur.
Qeyd edək ki, ölkəmizdə referendumun keçiriləcəyi, ələlxüsus da, Milli Məclisdə deputat yerlərinin sayının artırılacağı məsələsi uzun müddətdir ki, müzakirə predmetidir. Bu səbəbdən bir çox siyasilər MSK-nın atdığı addımları referenduma hazırlıq kimi qiymətləndirirlər. SIAM.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa referendumla bağlı məlumatsız olduğunu bildirib:
“Ümumiyyətlə belə məsələləri biz son anda xəbər tuturuq. Parlamentə göndərilir və oradan məlumat alırıq. Üstəlik müzakirə üçün vaxt da geniş olmur. Ona görə də hər hansı fikir söyləməkdə çətinlik çəkirəm. Hansı mərhələdə, mövqelərdə belə bir qərarlar qəbul olunması haqda bilgim yoxdur”, deyə deputat əlavə edib.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə qeyd edib ki, referenduma hazırlıq dairə seçki komissiyalarından başlamır:
“Bu məsələ ölkə prezidentindən və Milli Məclisdən başlayır. Ola bilsin ki, dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının formalaşması, seçicilərin yerləşməsi ilə bağlı məsələlərlə məşğuldur. Bilirsiz ki, DSK-ın 300-ü daimi əməkhaqqı ilə təmin olunurlar və daimi işdə olurlar. Ola bilər onların fəaliyyətinin aktiv olması müşahidə edilir. Yenilik bir şey yoxdur”.
Mikayıl Rəhimov konkret canlanma müşahidə edilən dairənin fəaliyyətinə də toxunub. O, deyib ki, Yasamal dairə seçki komissiyasında müəyyən problemlər var:
“Bilirsiz ki, Sovetskidən xeyli insan köçürüldü. Həmin ərazidə yeni binalar tikilib və seçicilərin qeydiyyat məsələsi ilə bağlı işlər gedir. Yeni köçənlərin qeydiyyatı məsələsi həll olunur. Gec saatlara qədər çalışmaları yəqin ki, işlərinin çox olması ilə bağlıdır. Yoxsa, hansısa referenduma dairə seçki komissiyası hazırlaşmaq imkanında deyil.
Ümumiyyətlə DSK-lar istənilən seçki və referendumlara həmişə hazır olmalıdırllar. Əgər belə bir dövlət tədbiri olacaqsa, müvaqif fərman əsasında fəaliyyətlərini həyata keçirirlər. Hazırda dövlət tədbirinin hazırlıq prosesi yoxdur”.