“Putin Ukraynadakı məğlubiyyətini Qarabağda kompensasiya etmək istəyir”



Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin günahkarı kimdir: Moskva, yoxsa “Spyurk”?
Son günlər Azərbaycan-Ermənistan sərhədində bütün dünyanın şahidi olduğu hadisələr onların səbəbləri ilə bağlı xeyli suallar yaradır. Azərbaycan və erməni xalqlarının əziyyət çəkdiyi bu qurbanlar kimə və nəyə lazım idi? Bu qətliamın arxasında kim dayanırdı, kimin maraqlarına xidmət edir?
AYNA baş verənləri tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

“Əgər iki döyüşən dövlət arasında əsgərlərin oturduğu səngərlər varsa, gec-tez toqquşmalar olacaq. Onlar yerli xarakterli ola bilər və ya bütün mövcud silahlardan istifadə etməklə genişmiqyaslı münaqişəyə çevrilə bilər.
Ümumiyyətlə, bu, məlum qaydadır və təbii ki, müharibə edən dövlətlərdən birinin təxribatlarını istisna etmir. Adətən, bu halda mümkün fəsadları dəyərləndirirlər və mən burada görürəm ki, İrəvan dividendlərə arxalana bilməz.
Əlbəttə ki, hesablamanın moskvalıların münaqişəyə cəlb edilməsinə əsaslandığını güman etmək olar, lakin bu versiya tam uğursuzluqla başa çatan əvvəlki oxşar cəhdlərlə zəif görünür. Üstəlik, belə cəhdlər fevralın 24-dən əvvəl də baş vermişdi, o zaman Moskvanın hələ də bölgədə lazımi qüvvələri və vasitələri var idi və Kreml yaranan problemləri asanlıqla həll edirdi. İndi Kremlin iştirakına ümid etmək heç də ağlabatan görünmür.
Üçtərəfli Sazişin müddəalarını yenidən interpretasiya etməklə nizamlanma prosesini ləngitmək gözləntisinə paralel olaraq yeni beynəlxalq institutlar axtarışı Ermənistanın bütün bu müddət ərzində gördüyü bir işdir. Amma, Azərbaycanın hücum strategiyası ucbatından baş tutmadı. Belə çıxır ki, Ermənistan bu şəraitdə prinsipial olaraq yeni heç nəyə nail ola bilməyib.
İrəvanda qərarların qəbulu prosesinə kənar oyunçuların, ilk növbədə, “Spyurk”un (diaspor – red.) cəlb olunma dərəcəsini qiymətləndirmək çətindir. Lakin dolayı sübutlar göstərir ki, onun fəaliyyəti ən azı simvolik səviyyədə olsa belə, kifayət qədər yüksəkdir. Burada, əslində, belə bir hiss var ki, indiki gərginliyin mənbələrini bu istiqamətdə axtarmaq lazımdır”.
Gürcüstanlı hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya:

“Hesab edirəm ki, Ermənistanın həyata keçirdiyi təxribatı Moskva təşkil edib. Çünki Xarkov yaxınlığındakı fəlakətli məğlubiyyətdən sonra Rusiya rəhbərliyinə ildırımlı qələbə lazımdır. Harada olmasının fərqi yoxdur - Mərkəzi Asiyada, Qafqazda, yaxud Yaxın Şərqdə.
Hesab edirəm ki, məhz bu kontekstdə Dağlıq Qarabağ məsələsi şəxsən Putinin maraqlarına uyğundur. Və əgər şərti qəbul etsək ki, onların Azərbaycanı hansısa yolla hərbi təxribata cəlb etməsi mümkün olsaydı, sonra da Rusiya hansısa yolla güc tətbiq etsəydi, o zaman Moskvanın Qafqaz müharibəsində kiçik, lakin qələbə qazandığını söyləmək olardı. Ukraynada aldığı məğlubiyyətlərdən fərqli olaraq.
Yəni ABŞ, Rusiya kimi böyük ölkələr üçün belə qələbələr hava-su kimi lazımdır. Xüsusilə də Putin rejimi üçün. Deyərdim ki, onun üçün belə şərti dominant qələbə çox vacibdir. Bu, çox faydalı olardı.
Düşünürəm ki, bu toqquşmalardan dərhal sonra Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinə qarşı təxribat törədəndə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında tam döyüş hazırlığı rejimi elan edilməsi əbəs yerə deyildi. Yəni, hələ 2017-ci ildə yaradılmış Rusiya-Ermənistan koalisiya qrupu faktiki olaraq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Bu, təxminən 9 min süngü deməkdir.
Yəni, dediklərim ortada olan bir faktdır. Ermənistan və Rusiya tərəfinin bu təxribatlarını belə izah edə bilərəm”.
Tarix: 19-09-2022, 21:29
Xəbəri paylaş





Xəbər lenti