Ermənistan-Azərbaycan döyüşləri: Cənubi Qafqazda ABŞ-Rusiya qovğası - İNCƏLƏMƏ...
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil edildi.
Blinkenin Ceyhun Bayramovla Ararat Mirzoyanı görüşdürməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ABŞ-ın rolunu qabartmaqdır.
Sərhəddəki genişmiqyaslı döyüşlərdən sonra ortaya çıxan düyünlərin açılmasında ABŞ-ın təşəbbüskarlığı daha çox regionda Rusiya orbitinin daralmasını qarşıya məqsəd qoyur.
Hərçənd ki, sərhəd toqquşmalarının yedəyində ABŞ Cənubi Qafqazdakı regional dinamikaya əhəmiyyətli təsir etmək imkanlarını Rusiyaya uduzdu. İndi ABŞ itkilərindən irəli gələn dilemmaları çözməyə çalışır və vahid yanaşma tətbiq etmək istəyir.
Hərbi əməliyyatlar və onun Azərbaycanın xeyrinə dəyişilən siyasi xəritə üzərindəki nəticələri Vaşinqtonu passivlikdən çıxarıb aktiv hərəkətlərə vadar edir.
ABŞ-ın dünya hegemonluğunun dalğasının Cənubi Qafqaza keçidinin qarşısında Rusiya dayanır, Vaşinqton isə ehtiyat edir ki, Moskva dominantlığını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində saxlamağı bacaracaq.
Mütləq qeyd edilməlidir ki, ABŞ qlobal düzənin Cənubi Qafqaz teatrında hegemonluq taxtı qura bilməyib. Yaranan boşluğu isə onun rəqibi olan Rusiya hərbi-siyasi iştirak sferasında, digər “düşmən”i Çin isə regional iqtisadi layihələrdə doldurmağa can atır.
Rusiya Cənubi Qafqaza özünün müstəsna təsir dairəsi kimi baxmaqda prinsipialdır, məsuliyyət dərəcəsinin bölüşdürülməsi və üzərindəki yükü azaltmaq üçün isə Türkiyə ilə birgə maraqların formalaşmasına çalışır.
ABŞ da geosiyasi məqsədlər üçün “dinc dayanmır”, Rusiyanın Ukraynadakı bəzi hərbi-siyasi uğursuzluqlar kompleksini özünün canlanması üçün fürsətlərə çevirmək məqsədilə Cənubi Qafqaza dair hansısa yeni plan hazırlayıb.
ABŞ Rusiyaya qarşı səyləri gücləndirmək kampaniyasında Türkiyəni öz tərəfində tutmaq niyyətindədir, amma yürütdüyü siyasət Ankaranı Moskva ilə yaxınlaşdırır.
Görünür ki, ABŞ problemlər və çətinliklərlə üzləşsə də, Cənubi Qafqaz süfrəsinə əliboş gəlmir.
ABŞ-ın Cənubi Qafqaz siyasətində iddialı gündəlik formalaşdırmasının səbəbləri sırasında onun Gürcüstanı da əldən buraxmamaq prinsipləri dayanır.
Çünki Kreml maraqlarının sıxışdırılmasına cavab olaraq ABŞ-a qarşı Gürcüstan kartını oynaya bilər.
Azərbaycan öz ordusunu gücləndirməklə və Ermənistana qarşı hərbi əməliyyatlar ssenarisini masada saxlamaqla Rusiya və Qərb arasındakı tarazlığı tutaraq bundan faydalı nəticələr hasil olunmasına çalışacaq.
Bakının balans siyasəti o məna hasil etmir ki, özünün təhlükəsizlik maraqlarını balansın tərəfindəki uclara qurban verəcək.
Azərbaycan hələlik Rusiyanın Ermənistana qəzəbli münasibətindən istifadə edir, ancaq Qərbdə İrəvana qarşı hirsli bir ox yaranmayıb.
Azərbaycan regional və beynəlxalq mövqelərdə balans dəyişsə belə, özünün Ermənistan üzərindəki basqılarını saxlayacaq və bunu mümkün hərbi əməliyyatlarla əbədiləşdirəcək.