Lavrovun “dəfn etdiyi” həmsədrləri Zaxarova “diriltdi” - ikili oyun...


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə qeyd edib ki, gərginliyin artmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir. M.Zaxarova bunu belə əsaslandırıb: “Rusiya lazımi yardımı göstərir. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri, Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan nizamlanması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də isə İrəvanda olub”. O da məlum olub ki, əsas mövzu sülh müqaviləsi layihəsinin müzakirəsi olub. Rusiya tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Zaxarova onu da qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaları nizamlanma üçün əsas olaraq qalır. Maraqlıdır, bir tərəfdən xarici işlər naziri Sergey Lavrov Minsk Qrupunun mövcud olmadığını deyir, bu tərəfdən də Zaxarova Xovayevi xüsusi olaraq MQ-nin rusiyalı həmsədri kimi təqdim edir. Rusiya Minsk Qrupu çərçivəsində yenidən həmsədrliyin davamına da hazırlaşır?
Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov Musavat.com-a bildirdi ki, Ermənistanın Azərbaycanla sərhədində törətdiyi hərbi təxribatdan sonra regionda siyasi müstəvidə münasibətlər kifayət qədər gərginləşib. Xüsusilə, ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri və tamamilə ermənipərəst mövqeyi regional siyasətə də təsir göstərib: “Eyni zamanda biz İranın və Rusiyanın mövqeyinə nəzər salmalıyıq. İran tərəfi davamlı olaraq geosiyasi dəyişikliklərə regionun məruz qalmayacağı ilə bağlı mesajlar verir. Rusiya tərəfi isə KTMT səviyyəsində Ermənistana istənilən dəstəyi vermədi və təbii ki, Nensi Pelosinin səfəri ilə bağlı da rəsmi İrəvana Moskvanın çoxsaylı sualları formalaşıb. Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın İqor Xovayevin regiona səfəri ilə bağlı fikirlərində onun ATƏT-in Minsk Qrupunun həmsədri kimi qələmə verilməsi də regional geoasiyasi proseslərlə uyğunluq təşkil etmir. Eyni zamanda Avropa İttifaqı vasitəçi kimi iştirak etdiyi danışıqların nəticəsində də bəyanatlarda da heç vaxt “ATƏT-in Minsk Qrupu”, “Dağlıq Qarabağ”, “status” ifadələrinə yol vermir. Baxmayaraq ki, Avropa İttifaqında güclü kimi qəbul olunan Fransa erməni mövqeyindən çıxış edir və Şarl Mişel özü də fransızdır. Lakin biz regional sülhə və təhlükəsizliyə yönəlik Avropa İttifaqının mövqeyini görürük. Bu yanaşma Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Eyni zamanda Rusiya da sülhə dəstək göstərməlidir və Minsk Qrupu ilə bağlı reanimasiya cəhdləri yolverilməzdir və bu günün reallıqlarını özündə əks etdirmir”.
Ekspert qeyd etdi ki, Minsk Qrupuna geri dönüş fəaliyyəti də qəbul edilən deyil: “30 ilə yaxın dövrdə Minsk qrupu yalnız münaqişənin dondurulmasına və təcavüzkar dövlətlə təcavüzə məruz qalan dövlət arasında bərabərlik işarəsi qoymağa çalışıb. Buna görə də işğal faktı uzandı. Nəticə isə məlumdur. Artıq yeni status-kvo formalaşıb. İndi müxtəlif güc mərkəzləri yenidən Minsk Qrupu formatını dövriyyəyə salmaqla müəyyən üstünlük yaratmağa çalışırlar. Öz maraqlarından regiona yanaşırlar. Rusiya tərəfi Minsk Qrupu formatında məsələlərə yanaşmamalıdır. Rusiya təktərəfli qaydada öz regional siyasəti çərçivəsində Azərbaycan və Ermənistan arasında nizamlanma prosesində iştirak edir və etməlidir. Minsk Qrupunun həmsədrliyi formatına qayıtmaq Rusiyanın maraqlarına müsbət nəsə gətirməz”. 

Musavat.com



Tarix: 21-09-2022, 09:57
Xəbəri paylaş





Xəbər lenti