Deputat: N.Pelosi bilərəkdən, yalan təxtibatla məşğuldur
"ABŞ Konqresində Nümayəndələr Palatasının sədri Nensi Pelosinin sentyabrın 17-dən 19-na qədər Ermənistanda baş tutan səfəri əslində regionda kifayət qədər kövrək sülh prosesi və təhlükəsizlik mühitinə sarsıdıcı zərbə endirmiş oldu". SİAM.AZ xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat qeyd edib ki, N.Pelosi rəsmi İrəvana səfəri zamanı iki məqsəd güdürdü: "Əsas məsələ öz vəzifəsini, postunu konqresdə qoruyub, saxlamaqdır. Çünki noyabr ayında keçiriləcək seçkilərdə o, yenidən erməni lobbi və diasporunun maliyyə dəstəyi ilə parlamentə düşmək istəyir. Həmçinin N.Pelosinin mənsub olduğu demokratlar partiyasının çox ciddi əlehdarları var. Onun vəzifədə qalmağının ABŞ-ın qlobal maraqları üçün çox ciddi təhdid yaradacağını hesab edirlər.
Bu baxımdan N.Pelosinin Tayvana səfərini xüsusi vurğulayırlar. Çünki onun həmin səfər az qala ABŞ və Çin arasında müharibəyə gətirib, çıxaracaqdı. Ermənistana gedişinin digər məqsədi isə anti-rusiya meyillərinin gücləndirilməsi və Ermənistanda ABŞ-ın mövqelərinin möhkəmlənməsi ilə bağlı məsələni özündə ehtiva edir.
Birinci məramdan qaynaqlanaraq, N.Pelosinin erməni lobbisi və diasporunu məmnun etmək və onların dəstəyini almaq üçün İrəvanda utanmadan, çəkinmədən Azərbaycan əleyhinə yalanla dolu informasiyalar səsləndirib. Anti-Azərbaycan mövqeyini ortaya qoyub. Son hadisələrdə - Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı təxribatlarında ölkəmizi ittiham edib.
Bizi günahkar adlandırıb. Rəsmi Bakının rəsmi İrəvan ərazisinə təcavüz etdiyini diqqətə çatdırıb. Ətrafındakı konqresmenlərlə gəlişinə isə Ermənistan ailəsinin bir üzvü kimi səfər etdiyini dilə gətirib. Hətta bir qədər də irəli gedib, Ermənistanın dörd - Azərbaycan, Türkiyə, Gürcüstan və İran tərəfdən sıxılmaqda olduğunu vurğulayıb.
Onun sözügedən açıqlaması yaşlanması, yaddaşını itirməsi, yaxud psixoloji problemlərinin mövcudluğundan irəli gəlib-gəlmədiyini deyə bilmərik. Amma hər halda N.Pelosi tutduğu vəzifəyə görə, İranın Ermənistanın yanında yer aldığından xəbərdar olmalı idi. Eyni zamanda İranın siyasi rəhbərliyi belə bir bəyanat səsləndirib ki, Ermənistan-Azərbaycan sərhədində dəyişiklik baş verməsi rəsmi Tehran üçün qırmızı xətdir. Belə olan halda kim kimi sıxır?!!
Parlamentari diqqətə çatdırıb ki, N.Pelosi bilərəkdən, yalan təxtibatla məşğuldur:
“Həmçinin səfərdən qayıtdıqdan sonra ABŞ konqresində ermənipərəst deputatlar ölkəmizə qarşı sanksiyaların tətbiqindən bəhs edirlər. Bununla bağlı xüsusi qanun qəbul etmək istəyirlər. Hesab edirəm ki, belə bir qərar imzalansa, bu, ABŞ Konqresinin ən böyük strateji səhvlərindən biri olacaq. Azərbaycanın yerləşdiyi coğrafiyanı unutmasınlar. Həmçinin ölkəmizin qonşu dövlətləri ilə ABŞ-ın münasibətlərini araşdırsınlar. Ondan sonra dövlətimizə dayandıqları mövqenin yanlışlığını anlasınlar. Belə bir addımın atılması ABŞ-ın region siyasətinə çox ciddi zərbə olar. Eyni zamanda təbii ki, Azərbaycanı da adekvat reaksiyalara məcbur edə bilər. Hesab edirəm ki, rəsmi Vaşinqton bütün bu məsələləri dərindən analiz etməlidir.
N.Pelosi və onun tərəfdarları kimi ermənipərəst konqresmen və senatorların ABŞ-ın strateji və qlobal maraqlarına deyil, daim erməni mövqeyinə qarşı öz etiraz səslərini ucaltmalıdırlar.
Bundan başqa, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi edir və neytral mövqedə dayandığını bildirir. Regionda sülhdən, tərəfdaşlıqdan, təhlükəsizlik mühitinin formalaşmasından bəhs edir.
Eyni zamanda heç kimi son sərhəd münaqişəsində günahlandırmır. Tərəfləri sülhə dəvət edir. Amma N.Pelosi və onun kimilər isə açıq şəkildə ermənipərəst mövqedə dayanırlar.
Əslində N.Pelosi ahıl yaşında nəticə və kötükcələrinin tərbiyəsi ilə məşğul olmalıdır, amma o, erməni lobbisi və diasporunu şad etmək, ABŞ-ın 3-cü vəzifəli şəxsi olmaq niyyətindən əl çəkmir".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 2 gün əvvəl Ermənistana səfər edib. Onun rəsmi İrəvana səfəri səlibçi təfəkkürü ilə müqayisə edilir.