Kapitulyant ölkə qurtuluşu yenə yanlış ünvanda axtarır; Ermənistanın ən ağıllı siyasətçisi 24 il öncə və 44 günlük müharibədən sonra öz xalqını nəyə çağırmışdı?..
12-14 sentyabrda yaşanan sərhəd toqquşması və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfərindən sonra Ermənistanda anti-Rusiya ovqatı daha da güclənib. Az qala, hər gün İrəvan küçələrində Rusiya əleyhinə, KTMT (“Rus NATO-su”) və Putin əleyhinə şüarlar səslənir. Özü də ABŞ bayraqlarının qaldırıldığı aksiyalarda.
Aksiyalar həm də Rusiya səfirliyi qarşısında təşkil edilir. Onlardan biri “Əlvida, çirkli Rusiya!” şüarı altında keçirilib. Erməni mətbuatının yazdığına görə, əllərində ABŞ bayraqları, “KTMT xain”, “Putin xain” yazısı olan plakatlar tutmuş etirazçılar anti-Rusiya şüarları səsləndiriblər.
“Rusiya imperiyasının 300 illik tarixi sona yaxınlaşır. Rusiya imperiyası Cənubi Qafqazda yaşayan bütün xalqlara qarşı həmişə müstəmləkə siyasəti aparıb. Biz ermənilər Rusiyanın imperiya siyasətinin nə olduğunu yaxşı bilirik. Ermənistan bir daha Rusiyanın boyunduruğu altında qalmayacaq. Əlvida, çirkli Rusiya!”
Bunu aksiyada iştirak edən erməni deputat Vaqe Qasparyan bildirib.
Ancaq erməni cəmiyyətinin, onun önündə gedənlərinin ən böyük problemi elə odur ki, onlar Rusiyadan qurtulub azad olmağa, normal dövlət qurmağa deyil, başqa bir dövlətin boyunduruğu altına keçmək istəyirlər. Xilas yolunu bunda görürlər. Yəni ağanı dəyişmək məsələsi. Bu da o anlama gəlir ki, erməni toplumunun taleyi yenə onun iradəsindən kənar həll ediləcək. Kənar qüvvə ona diktə edəcək. Kənar qüvvə isə aydındır ki, öncə öz maraqlarını güdəcək, yer qalsa, Ermənistanın və ya erməni xalqının.
Bu arada Ermənistanın üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzində görüşüblər.
“Ermənistan ictimaiyyəti bu qrupun hakimiyyət dəyişikliyinə və ölkəni ələ keçirəcəyinə böyük ümid bəsləyir. Amma məsələ heç də belə deyil. Eçmiədzindəki görüşdə mövzu Ermənistanın acınacaqlı vəziyyəti və mövcud vəziyyətdən çıxış yollarının axtarışı olacaq. Burada ən fəal rolu Levon Ter-Petrosyan oynayacaq. O, qarşıdurmaya getsək və Azərbaycana təslim olmasaq, ölkəmizi hansı təhlükələrin gözlədiyini bizə izah edəcək. Və bizi inandırmağa çalışacaq ki, hazırkı iqtidara dəstək olmaq üçün bir yerdə olmalıyıq”, - erməni mediasının təfərrüatı hələlik açıqlanmayan görüşlə bağlı yaydığı məlumatda belə deyilir.
Göründüyü kimi, kapitulyant ölkə gerçəkdən qəliz, hətta nəfəs kəsən bir seçimlə üz-üzə qalıb. Axı “Rus NATO-su”ndan çıxıb da hara getmək olar? ABŞ, Fransa Ermənistana Rusiyanı əvəzləyə biləcəkmi? Türkiyənin təmsil olunduğu NATO-da, Avropa İttifaqında necə, Ermənistanı gözləyən varmı, əgər qonşu Gürcüstan on illərdir bu qurumların qapısını səmərəsiz şəkildə döyürsə...
Ancaq erməni xalqı 1998-ci ildə Qarabağ probleminin faktiki Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mərhələli həllini təklif edəni Levon Ter-Petrosyanın Qarabağ klanı tərəfindən devrilməsinə imkan verməsəydi, Ter-Petrosyanın ardınca getsəydi, indi bəlkə də bölgənin yağ-bal içində yaşayan xalqı idi. Daha bir səbəbə: o halda Azərbaycandan, Orta Asiyadan Türkiyəyə, Avropaya uzanan bütün transmilli neft-qaz kəmərləri, strateji nəqliyyat arteriyaları məhz onun ərazisindən keçəcəkdi, Ermənistan Rusiyadan bunca kölə asılılığında olmayacaqdı.
Ter-Petrosyan o vaxt nə demişdi? “Əgər bu gün bizə təklif olunanı götürməsək, vaxt gələcək yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.
Elə də oldu. Azərbaycan gücləndi və öz torpaqlarını azad elədi, ermənilərə təklif elədiyi muxtariyyət vədi də gündəmdən çıxdı, status tarixin zibilliyinə atıldı.
Amma hətta yenə gec deyil. Yetər ki, Ermənistanın hazırkı hakimiyyəti, bütövlükdə siyasi elitası və erməni toplumu sərsəm ideyalarla yaşamağa son versin və erməni xalqının başına gələn faciələrdən düzgün dərs götürsün.
Əfsus ki, bu da gözə dəymir. Kapitulyant ölkə qurtuluşu qonşu xalqlarla barışıqda, qarşılıqlı əməkdaşlıqda, bizim regionda deyil, yenə uzaqlarda, hətta lap uzaqlarda, yanlış ünvanlarda axtarır. O zaman qarşılığına da gərək hazır olsun.
Bunu da yada salaq ki, Levon Ter-Petrosyan 44 günlük müharibədən sonra (27 may, 2021) verdiyi geniş müsahibədə öz xalqını “miatsum”, “dənizdən dənizə böyük Ermənistan” xülyasından əl çəkməyə çağırmış, Qarabağ məsələsinin artıq bitdiyini söyləmişdi.
Həmin müsahibədən 2 sitat: “Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. Azərbaycan iqtisadi baxımdan gücləndi, Ermənistan isə zəiflədi, Azərbaycan müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi”.
“Erməni xalqı miflərdən can qurtarmalı, qonşulara qarşı ərazi iddialarını unutmalı, xəyalındakı ”Böyük Ermənistan" ideyasını silməli, gerçəklikləri nəzərə almalıdır. “Dənizdən-dənizə Ermənistan”, “Kürdən-Araza respublika” xəyallarından əl çəkmək lazımdır".
Ancaq onun sözlərinə yenə məhəl qoyulmadı. Əksinə, erməni xalqı zərbə zərbə ardınca aldı. Almağa davam edir. Son olaraq 12-14 sərhəd təxribatı nəticəsində daha 205 erməni sərsəm ideya yolunda öz həyatını itirdi.
Görək Ter-Petrosyan bu dəfə öz xalqına nə deyəcək. Ümumiyyətlə, deyəcəkmi?..
“Yeni Müsavat”
Tarix: 24-09-2022, 10:22