“Əgər Rusiyadakı azərbaycanlılar kütləvi şəkildə geri dönsə...”
Xəbər verdiyimiz kimi, Rusiyada Prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıblar. Bəs görəsən, bu səfərbərliyin Rusiyada yaşayan həmvətənlərimizə təsiri necə olacaq? Onları nələr gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Rusiyada yaşayan, vətəndaşlıq almayan həmvətənlərimiz istədikləri vaxt vətənə dönməkdə sərbəstdirlər: “Rusiya vətəndaşlığı alan hər bir şəxs Rusiya dövlətinin qanunları ilə yaşayır və onlar prinsipcə bu vətəndaşlıqdan imtina edib yenidən Azərbaycan vətəndaşlığına dönə bilərlər. Amma bilmirəm, onların belə istəkləri olacaq, ya yox. Çünki onların iş yerləri, ailələri var, bu amillər də nəzərə alınmalıdır, hər bir şəxs özü öz qərarını verməlidir. Vətəndaşlıq almayanların vətənlərinə geri dönməsi istiqamətində hər hansı problem görmürəm. Hər bir Azərbaycan vətəndaşı istədikcə vətənə qayıda bilər, burada bir problem yoxdur. Sadəcə olaraq, hər şey yenə də Rusiyadakı vəziyyətdən asılı olacaq. Onların iş yerləri olacaq, ya olmayacaq, bilinmir. Onların da vətənə dönüb-dönməməsi şəxsi seçimləridir. Mən düşünmürəm ki, Rusiya azərbaycanlıları kütləvi şəkildə ölkəni tərk etmək məcburiyyətində qoysun”. Deputatın sözlərinə görə, azərbaycanlıların kütləvi şəkildə geri dönməsi ölkəmiz üçün hər hansı problem yaratmayacaq: “Əgər vəziyyət pisləşərsə və azərbaycanlılar kütləvi şəkildə vətənə geri dönsələr də bu Azərbaycana ciddi zərər verməyəcək. Ora gedən Azərbaycan vətəndaşı hansısa səbəbdən ötrü Rusiyaya gedib, özləri də qərar verib geri dönə bilərlər. Mənim fikrimcə, onların qayıdışı Azərbaycan üçün hansısa böyük problem yaratmayacaq”.