ABŞ Ermənistan qarşısında şərt qoydu: «KTMT-dən çıx, əks halda sənə silah yoxdur»



Ermənistanda KTMT-dən çıxmaqla bağlı ciddi müzakirələr başlayıb.

Ovqat.com-un məlumatına görə, KTMT-dən çıxmaq tələbi ABŞ-dan gəlib.

Bildirilir ki, ABŞ-dan müasir silahlar istəyən Ermənistan sürpriz bir tələb qarşılaşıb: KTMT-dən çıxmasanız, sizə silah verilməyəcək.

Məlumatı Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasından olan millət vəkili Qaqik Melkonyan da təsdiqləyib. Melkonyan mətbuata verdiyi açıqlamada bildirib ki, ABŞ-ın bu şərtindən sonra hakim partiyanın parlamentdəki fraksiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq və ya alyansa üzvlüyünün qeyri-müəyyən müddətə dayandırmaq məsələsini müzakirə etmək qərarına gəlib.

“KTMT-dən çıxsaq, ABŞ bizə silah satacaq. Bu, onların ilkin şərtidir, bəli, KTMT-dən çıxmağımızı istəyirlər. Parlamentdəki hakim fraksiyaa Ermənistanın KTMT-dən çıxması və ya üzvlüyünün dayandırılması ilə bağlı müzakirələr gedir”, - deputat erməni mətbuatına açıqlamasında bildirib.

Xatırladaq ki, ABŞ Konqresinin erməni əsilli nümayəndəsi Ceki Speyer də bir müddət əvvəl “Amerika Erməni Komitəsi”nin (ANCA) təşəbbüsü ilə keçirilən görüş zamanı da bu faktı təsdiqləyib.

“Konqresmenlərimizin hazırladıqları qətnamələr xüsusi xarakter daşıması və Azərbaycana mesaj vermək baxımından vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, amma biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”, - deyə Speyer bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda mətbuata verdiyi məşhur açıqlamalarının birində demişdi: “Silahların əldə edilməsi 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat.

Birincisi ilə bağlı heç bir problem yoxdur, amma siyasi məsələyə gələndə elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Bunu etməyə hazır olanların isə lazımi silahları yoxdur. Nəqliyyat komponentinə gəlincə, təəssüf ki, Ermənistanın beynəlxalq satıcılardan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı da yoxdur”.

Bütün bunlar onu göstərir ki, Ermənistan ciddi sınaq qarşısındadır. Ondan Rusiya ilə əlaqələrini kəsmək tələb olunur. Rusiya ilə münasibətləri sonlandırmaq isə İrəvan üçün asan deyil. Çünki bu ölkədə Rusiyanın 5-cı kolonu marıqdadır və istənilən «səhv addım» onları hərəkətə gətirə bilər.

Ən əsası isə Ermənistan enerji və iqtisadi əməkdaşlıq baxımından da Rusiyaya bağlıdır. Təbii ki, Rusiya ilə hərbi əməkdaşlığı bitirmək bu sahədə də ciddi insidentlər yarada bilər. Rusiyanın bu yaxınlarda Ermənistandan qaz borcunu qaytarmasını tələb etməsi, əks halda noyabr ayında bu ölkəyə enerji nəqlinin tamamilə dayandırılacağı ilə bağlı təhdidi də təsadüfi deyildi və Moskvanın «xəyanət»lə qarşılaşacağı halda hansı addımlar atacağından xəbər verirdi. KTMT-dən çıxacağı və Rusiyadan üz döndərəcəyi halda enerji sanksiyalarına məruz qalacağı gözlənilən Ermənistan öz qaz ehtiyacını İrandan da təmin edə bilməz. Çünki cənub qonşumuz da Qərbin ağır sanksiyaları altındadır və Rusiya ilə bağlarını qoparan Ermənistanın İrana yönəlməsi yağışdan qaçıb yağmura yaxalanmaqla eyni mənaya gəlir. Belə vəziyyətdə ermənilərin yeganə çarəsi Azərbaycanın qoltuğuna sığınmaqdır. Azərbaycan isə ona keçmiş günahlarının tam bədəlini ödətdirməsə, bu sığınacağı verməz.

Tarix: 29-09-2022, 08:26
Xəbəri paylaş





Xəbər lenti