"Azərbaycana qarşı sanksiya tətbiq olunmasına çalışırıq" - Marukyanın MƏKRLİ PLANI
Marukyan Azərbaycan qarşı yeni məkrli plan düşünür. O, Azərbaycan Ordusunun “Ermənistan ərazisindən” sürətlə və dinc yolla çıxarılmasının üsulunu fikirləşib.
Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə xüsusi tapşırıqlar üzrə səfir, “Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan özünün Facebook səhifəsində canlı yayımda bildirib.
“Diaspor hər şeyi mütəşəkkil şəkildə etsə, ciddi nəticə əldə edə bilərik. Söhbət Azərbaycana qarşı məqsədyönlü sanksiyalara nail olmaqdan gedir.
Rəhbərlik etdiyim partiyanın nümayəndələri Azərbaycanda fəaliyyət göstərən 136 Qərb şirkətinin siyahısını hazırlayıb.
Bütün siyahını dərc edəcəyik və bu şirkətləri müvafiq, məqsədyönlü tədbirlər görməyə çağıracağıq”, – deyə o, çirkin niyyətini açıqlayıb.
Marukyan deyib ki, beynəlxalq şirkətlərin öz imicini qorumaq problemi var. Onun sözlərinə görə, təkcə sanksiyalara görə deyil, həm də bu səbəbdən bir çox şirkət Rusiya bazarını tərk edib.
“İnsan hüquq və azadlıqlarına hörmət edən Qərb şirkətinin Azərbaycanda, qonşu ölkəyə “hücum edən, hərbi cinayətlər və vəhşiliklər törədən” bir ölkədə fəaliyyətini davam etdirməsi, həlak olanların cəsədlərinin çıxarılmasına “imkan verməməsi”, hərbçilərimizi əsirlikdə saxlayır, ayıb deyilmi? Əliyev Avropaya gedir, qaz tədarükünü artırmağa hazır olmasından danışır.
Qərb şirkətlərinə göstərmək lazımdır ki, onlar Azərbaycanda işləməyə davam etməkdən, bu pulları “günahsız insanların öldürülməsinə, demokratiyaya zərbə vurmağa” xərcləyəni varlandırmaqdan utanmalıdırlar”, – deyə Marukyan çərənləyib.
Onun fikrincə, bir neçə Qərb şirkətinin Azərbaycanı tərk etmək, sanksiyaların tətbiqi məsələsini müzakirə etməyə başlaması kifayətdir, Azərbaycan hərbçiləri Ermənistanı çox sürətlə tərk edib öz əvvəlki vəziyyətinə qayıtsınlar.
Marukyan ümid edir ki, diaspor təşkilatlanaraq “mübarizəyə” başlayacaq.
“Biz kilsənin imkanlarından da istifadə etməliyik. Bu, siyasi məsələ deyil, Ermənistanın müdafiəsi məsələsidir. Şəbəkə mübarizəsi aparmaq lazımdır ki, Azərbaycan hakimiyyəti sanksiyalar təhlükəsini hiss etsin.
Siyasi səviyyədə erməni diplomatları hər şeyi edir ki, xarici dövlətlər Azərbaycanın təcavüzünü pisləsin, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını tələb etsin və sanksiyalar şəklində nəticələr əldə etməyə çalışsın.
Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı “spekulyasiya edən” Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürməyə çalışır.
Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini sülh yolu ilə tərk etməsi üçün hər şeyi edib. Amma nəinki getdilər, hətta son hadisələr nəticəsində “təcavüz və hərbi cinayət” törədərək Ermənistanın yeni ərazilərini “işğal etdilər”. Azərbaycan beynəlxalq reaksiyaya baxmayaraq, “təcavüzkar” xəttini davam etdirir”, – deyə Marukyan sərsəmləyib.