Turan agentliyi ombudsmanı “İnformasiya əldə etmək azadlığı haqqında” qanunun icrasını təmin etməyə çağırır
Turan İnformasiya Agentliyi dövlət orqanlarının “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə əməl etməməsilə bağlı ombudsman Səbinə Əliyevaya müraciət edib.İlk ikisi İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə aiddir. İyunun 24-dən agentlik ayrı-ayrı vətəndaşların Xəzər sahilini qanunsuz zəbt etməsilə bağlı suallara cavab ala bilmir. Bununla əlaqədar artıq Turan ombudsmana müraciət edib və nəticədə mahiyyəti üzrə cavablar alınmayıb. Agentlik ombudsmana təkrar məktubunda sözügedən qurumların konkret suallara konkret cavablar verməsini xahiş edib. Hər quruma 8 sual verilib. Faktiki olaraq nazirliklər cavablardan yayınıblar və bununla da qanunçuluğun pozulmasının gizlədilməsinə xidmət ediblər. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, belə hərəkətlər korrupsiya əməli hesab edilir.
Eyni hərəkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də dövlət su şirkəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Hər iki qurum qanunvericiliyi pozaraq Turan agentliyinin informasiya sorğularına və məktublarına cavab vermir. Birinci halda söhbət Turan agentliyinin əməkdaşlarının sosial hüquqlarının pozulmasından, ikincidə isə “Azərsu” sistemində miqyaslı korrupsiya şübhəsindən gedir.
Turan Agentliyi ümid edir ki, Ombudsman vətəndaşların, KİV və digər qurumların qanuni informasiya sorğularının cavablandırılması məsələlərində dövlət orqanları tərəfindən qanunçuluğun pozulmasının aradan qaldırılması üçün “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanunu çərçivəsində bütün zəruri tədbirləri görəcək.
Contact.az
Tarix: 30-09-2022, 17:11