Ermənistan Azərbaycanı Qərbə qarşı qoyur
Paşinyan strateji seçimi ilə Azərbaycanı çətin duruma salıb
Ermənistan Hindistandan 270 milyon dəyərində Raket Yaylım Atəş sistemi və digər hərbi sursatlar alacaq. Bu Ermənistanın öz hərbi təhcizatını Rusiya asılılığından qurtarmaq istiqamətində atdığı ilk ən böyük addımıdır. Paşinyan hökuməti Rusiyadan uzaqlaşdıqca, özünə yeni silah tədarükçüləri tapmağa çalışır. Məsələ heç də təkcə uzaq Şərq ölkəsi olan Hindistanla məhdudlaşmır. Ermənistan özünün çox vektorlu xarici siyasəti ilə Rusiyanın təsir dairəsindən çıxmağa çalışdıqca, Qərb ölkələri də bu məsələdə Paşinyanın səylərini təşviq etməyə çalışırlar.
Artıq məlum olduğu kimi, Paşinyanın Fransa səfəri zamanı Ermənistan müdafiə naziri Suren Papikyan ilə Fransa müdafiə naziri Sebastyan Lekörnü arasında da görüş keçirilib. Görüşdə razılaşdırılıb ki, Fransa hərbi mütəxəssisləri Ermənistan və Azərbaycan sərhədinə baxış keçirsinlər, buna uyğun olaraq erməni ordusunun hərbi ehtiyaclarını qiymətləndirib lazım olan silah və texnika siyahısını müəyyənləşdirsinlər. Buna paralel olaraq artıq ABŞ-da da Ermənistana silah verilməsi məsələsi hakimiyyət kluarlarında ciddi şəkildə müzakirə olunur. Bu Ermənistanın ənənəvi strateji seçiminin dəyişməsi, Cənubi Qafqazda Qərbin siyasi və təhlükəsizlik sahəsində əsas tərəfdaşına çevrililməsi prosesinin başlandığını göstərir. Ermənistan KTMT təlimlərində iştirakdan imtina etməklə, açıq şəkildə öz təhlükəsizlik təminatını Qərb bloku ilə əməkdaşlıqda axtardığının mesajını verdi.
Bu ölkəmiz əleyhinə çox təhlükəli bir prosesin başlandığını göstərir və Azərbaycan hakimiyyəti nəhayət ki, baş verənlərin fərqində olmalıdır. Azərbaycanın hələ də Rusiyanın təsir dairəsində ilişib qalması və Moskvanın istəkləri ilə razılaşması, bu gün Ermənistana çox sərf edir. Çünki bu halda Ermənistan ona hərbi yardım göstərilməsini təkcə öz təhlükəsizliyi ilə deyil, həm də Rusiyanın müttəfiqi kimi görünən Azərbaycana qarşı regionda Qərbin maraqlarını qorumaqla əlaqələndirməyə çalışır.
Bu vəziyyət dəyişməyəcəyi təqdirdə bizi çox təhlükəli perspektivlər gözləyir. Ukraynada məğlub olan və bütün dünyadan təcrid edilən, yaxın gələcəkdə öz sərhədlərindən kənarda belə heç bir təsir imkanları qalmayacaq Rusiya ilə birlikdəlik bu gün Azərbaycan dövlətinin milli maraqlarını açıq aşkar qurban vermək deməkdir. Necə anlamamaq olar ki, Rusiyanın Azərbaycana nə təhlükəsizlik sahəsində, nə də ki, iqtisadi baxımdan verəcəyi heç bir fayda yoxdur. Əksinə, Rusiya Qərb cinahında zəiflədikcə, Azərbaycanı daha çox özündən asılı hala salıb Qafqazda öz mövqeyini gücləndirməyə çalışır. Hətta, indiki vəziyyətində belə Rusiya Azərbaycana heç nə vermək istəmir, bizi Laçın dəhlizinə yaxın buraxmır, Xankəndində yenə erməni separçılarını himayə edir.
Ermənistan qarşısında strateji baxımdan düşdüyümüz əlverişsiz geosiyasi vəziyyəti dəyişməyin tək yolu, yubanmadan Brüssel formatını canlandırıb Ermənistanla sülh müqaviləsinin hazırlanmasını sürətləndirməkdən və Rusiyadan uzaqlaşıb Qərblə əməkdaşlığı dərinləşdirməkdən keçir. Əks təqdirdə, Azərbaycanın Qarabağ məsələsində haqqlı olmasına baxmayaraq, Rusiyaın müttəfiqi sayıldığı üçün beynəlxalq birliyin mənfi münasibəti ilə qarşılaşmalı olacaq. Unutmaq lazım deyil ki, bu gün Ermənistanın Qərbə doğru strateji seçim etməsi, həm də Azərbaycanı hazırkı vəziyyətdə Qərblə qarşı qarşıya qoymağa xidmət edir.
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Tarix: 30-09-2022, 17:12