Paşinyan sülh sazişi hazırlayıb: - ”Deyəcək ki, Azərbaycan sənədi imzalamaq istəmədi”

Paşinyan sülh sazişi hazırlayıb:
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Azərbaycanla sülh sazişinin ilkin mətnini təqdim edə bilər.

Bu barədə “Past” qəzeti açıqlama yayıb. Qeyd edilir ki, sülh müqaviləsinin detalları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da müzakirə olunub.

“Mənbəmizin bildirdiyinə görə, görüş zamanı, əsasən “sülh sazişi” adlanan sazişin ilkin versiyaları müzakirə olunub. Məlumata görə, Qriqoryan və Hacıyev öz mövqelərini təqdim edərək üçtərəfli formatda hansısa konsensus formulunu əldə etməyə çalışıblar. Artıq xəbər vermişdik ki, Paşinyan əlinin altında hazır variantın olması üçün noyabrın əvvəlindən gec olamayaraq müqavilənin sınağı üzərində işi sürətləndirməyi tapşırıb. Lakin göründüyü kimi, prosesin tempi daha da sürətlənib. Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan oktyabrın 6-da Avropa İttifaqının Praqada keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitində sazişin artıq əlində olan ilkin layihəsi ilə iştirak edə bilər”.

Qeyd edək ki, Ermənistanın Baş naziri avqustun 31-də Azərbaycan Prezidenti ilə Brüsseldə keçirdiyi görüşdən qayıtdıqdan sonra bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanacağını bildirmişdi. Hətta Ermənistanın Avropa İtifaqının vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycanın təklif etdiyi beş bəndlik sülh prinsipini qəbul etdiyinə dair məlumatlar da yayıldı. Paşinyan həmçinin sülh sazişi layihəsinin ilkin mətninin noyabr ayında hazır olacağını demişdi. Lakin sentyabrın 13-də Ermənistan ordusunun Azərbaycanın dövlət sərhədində hərbi təxribat törətməsi və çoxsaylı itkilərlə müşahidə olunan döyüş əməliyyatları sülh prosesinin, məhz Paşinyan hökuməti tərəfindən pozulmasına səbəb oldu.

Bundan sonra isə Ermənistan rəhbərliyi ABŞ-ın, Fransanın və İranın dəstəyi ilə Azərbaycana siyasi təzyiq üsullarına əl atdı. Ona görə də regionda hələ də davam edən hərbi gərginlik fonunda Ermənistanın Azərbaycanla sülh sazişindən danışması real vəziyyətə uyğun gəlmir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, sülh sazişinin imzalanması üçün əsas prinsip Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması olmalıdır:

“Əgər Paşinyan və onun komandası Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdırsa, sülh müqaviləsinə heç nə mane olmamalıdır. Amma belə bir vəziyyətdə bunun mümkün olacağı müəyyən suallar yaradır. Doğrudur, Vaşinqtonda Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüş keçirilib. Fikrimcə, erməni tərəfi bu məsələdə hiyləyə də əl ata bilər. Yəni Ermənistan özünü sülhpərvər kimi göstərə bilər və sülh sazişinin mətninin, guya hazılr olduğuna dair görüntü yaratmaq istəyə bilər. Amma sənəd hazır deyilsə, onun imzalanması da problemdir. Buna baxmayaraq, Ermənistan dünyaya bəyan edəcək ki, sülh sazişinin mətnini təqdim etdik, lakin Azərbaycan sənədi imzalamaq istəmədi. Əslində, sülh sazişinin əsas bəndi bir cümlədən ibarət olmalıdır. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birinə qarşı ərazi iddiaları yoxdur. Amma Paşinyan başqa fikir söyləyir. O, bəyan edir ki, biz sülh sazişini imzalamağa hazırıq, Qarabağın taleyi isə ayrı götürülməlidir. Sülh isə belə olmur. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın da Azərbaycanın suveren ərazisi olduğunu qəbul etməlidir. Paşinyanın açıqlayacağı saziş layihəsində bu bənd yer alırsa, sülh mümkün ola bilər. Əgər yoxdursa, sülh sazişi baş tutmayacaq”.

Politoloq qeyd etdi ki, Ermənistanın Baş naziri “Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqları” adı altında yenidən status məsələsini gündəmə gətirməyə çalışsa, Azərbaycan bununla razılaşmayacaq. Çünki ermənilərə heç bir status və imtiyaz verilməyəcək. İkincisi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin olunması Azərbaycanın daxili işi olduğundan Ermənistan bu məsələyə müdaxilə edə bilməz.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan qeyri-sabit mövqeyə malik siyasətçi kimi tanındığı üçün onun təqdim edəcəyi sülh sazişi layihəsini Azərbaycanın beş bəndlik prinsiplərinə uyğun olsa belə, etibarlı saymaq olmaz:

“Paşinyanın bir saat əvvəl dediyi fikirlərlə bir saat sonrakı mövqeyi arasında ziddiyyətlər var. O, parlamentdə çıxışında demişdi ki, biz Azərbaycanla sülh sazişi imzalamağa məcburuq. Amma iki saat sonra radikallar küçələrə çıxdılar və Paşinyan dediklərindən imtina etdi. Sonra da Ermənistan tərəfi öz təkliflərini verdi, ardınca da bunu unutdular. İndi Praqada da ola bilsin ki, müəyyən razılaşmaya nail olunsun. Paşinyanın buna əməl edəcəyinə təminat yoxdur. Avqustun 31-də Brüsseldə əldə olunmuş razılaşmaya görə, hər iki ölkənin xarici işlər nazirlikləri bir ay ərzində sülh sazişinin mətnini hazırlamaq üçün işçi qrup formalaşdırmalı idi. Artıq bir ay vaxt keçməsinə baxmayaraq, Ermənistan hər hansı işçi qrup yaratmayıb. Belə olan təqdirdə, sülh sazişinin mətninin hazr olduğuna da inanmıram”.
Tarix: 30-09-2022, 22:05
Xəbəri paylaş





Xəbər lenti