Paşinyan sülh prosesinin pərdəarxasını açdı: Qərb tələsdirir, Rusiya əngəl törədir


Ermənistan baş naziri Nikol Paşinyan hakim partiyanın deputatlarına Rusiyaya qarşı “hücum” təlimatı verdi, Qərbin də tənqid olunmasının vacibliyinə eyham vurdu... Erməni baş nazir “artsax”dan imtina şərtilə sülh sazişini imzalamaq məcburiyyətində olduğunu etiraf etdi...

Ermənistan hazırda “nə hərb, nə sülh” prinsipi üzrə hərəkət etməkdə davam edir. Ancaq rəsmi İrəvanın bu prinsipın gündəmdə uzun müddət qalmasını təmin etmək imkanlarına malik deyil. Çünki, Ermənistan şərtləri diqtə etmək şanslarından çox-çox uzaqdır. Əksinə, indi rəsmi İrəvan qarşısına çıxarılan bütün şərtləri qəbul etmək məcburiyyətindədir.
Ona görə də rəsmi İrəvanın davranışlarını daha çox sülh və savaş arasında ilişib, qalmaq kimi dəyərləndirmək mümkündür. Hər halda, Ermənistan hərbi resurslardan əhəmiyyətli ölçüdə məhrum qaldığından müharibə edə bilməz. Eyni zamanda, rəsmi İrəvan indiki əzici şərtlər altında da sülh danışıqları masasının arxasına keçmək istəmir.
Əslində, Ermənistan sülh danışıqları masası arxasına keçmək imkanlarını da məhdudlaşdırıb. Keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryanın da vurğuladığı kimi, Ermənistan danışıqlar masasının arxasında deyil, üstündədir. Halbuki, indiki situasiyada Ermənistan hətta masanın üzərindən deyil, daha çox altından boylanmış kimi görünür.
 
Bu səbəbdən də, rəsmi İrəvan bir tərəfdən, vəziyyəti nisbətən dəyişmək üçün hərbi təxribatları davam etdirir. Digər tərəfdənsə, sərhəd bölgəsinə “beynəlxalq müşahidəçilər”in yerləşdirilməsinə nail olmağa can atır. Rəsmi Parisin iddialarına görə, ABŞ və Fransa Ermənistanın bu cəhdlərinin reallaşdırılması istiqamətində müəyyən nəticələr üçün çalışır.
Təbii ki, rəsmi İrəvanın bu cəhdləri Rusiyanın siyasi dairələrində qıcıqla qarşılanır. Kreml açıq şəkildə bildirir ki, Rusiya sərhəd bölgəsində “beynəlxalq müşahidəçilər”in yerləşdirilməsi ideyasını qəbul etmir. Ona görə də, Ukrayna savaşında ciddi şəkildə zəifləyərək, Cənubi Qafqazda mövqelərini itirmək təhlükəsi ilə üzləşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov alternativ variantı ön plana çıxartmağa çalışır. Onun dediyinə görə, KTMT müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması prosesinə cəlb olunması ilə bağlı məsələ müzakirə edilir.   
Belə anlaşılır ki, Kreml Rusiyanın təşəbbüsü əldən verə, proseslərə nəzarəti itirə biləcəyindən artıq narahat olmağa başlayıb. Ona görə də, Paşinyan hakimiyyətinin “beynəlxalq müşahidəçilər” hoqqabazlığını bloklamaq üçün KTMT müşahidəçiləri modelini gündəmə gətirməyə çalışır. Və bu, Ermənistanla Rusiya arasında ziddiyyətlərin daha da dərinləşə biləcəyindən xəbər verir.
Paşinyan hakimiyyəti isə Azərbaycanın təzyiqləri qarşısında uzun müddət tab gətirə bilməyəcəyini də artıq nəzərə almağa başlayıb. Ona görə də, rəsmi İrəvan bütün “geopolitik hoqqabazlıq”larına paralel olaraq, Azərbaycanla sülh sazişinin hazırlanması və imzalanması mövzunu da ciddi şəkildə müzakirə edir. Erməni mətbuatı isə bu barədə rəsmi dairələrdəki mənbələrə istinadla müxtəlif məlumatları ictimailəşdirir.
 
“Hraparak” qəzetinin iddiasına görə, hazırda Paşinyan hakimiyyəti daxilində sülh sazişi və “artsax” mövzuları əsas ziddiyyət qaynağıdır. Erməni nəşru vurğulayıb ki, hazırda hakim partiyanı təmsil edən təxminən 15-20 deputat “artsax”dan imtina hesabına Azərbaycanla sülh sazişinin imzalanmasına qarşıdır: “Onlar bu barədə açıq danışmağa cəsarət etmirlər. Ancaq qeyri-rəsmi şəraitdə bu barədə üstüörtülü eyhamlar vururlar”.
Maraqldır ki, “Hraparak” qəzeti bu mövzu ilə bağlı sensasion sayıla biləcək bəzi məlumatlar da yayıb. Həmin məlumata görə, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryanın da iştirakı ilə öz partiyadaşlarıyla növbəti dəfə qapalı görüş keçirib. Baş nazir N.Paşinyan bildirib ki, Qərb dövlətləri, ilk növbədə ABŞ və Fransa Azərbaycana qarşı kifayət qədər sərt bəyanatlar versələr də, reallıqda Bakıya qarşı eyni şəkildə kəskin addımlar atmağa hazır deyillər.
Məsələ ondadır ki, Ermənistan hazırda ABŞ və Qərbin Azərbaycana qarşı sərt sanksiyalar tətbiq edəcəyinə ümid bəsləyir. Ancaq sanksiyalara olan ümidlərin özünü doğrultmadığı artıq hər kəsə məlumdur. Üstəlik, ABŞ-ın Ermənistana silah tədarükünün perspektivləri də olduqca qeyri-real görünür.
Nəhayət, sülh müqaviləsinə gəlincə, nəşrin yazdığına görə, baş nazir N.Paşinyan bildirib ki, tərəflərin yanaşmaları qətiyyən dəyişməyib. Yəni, Qərb siyasi dairələri əvvəlki kimi, sülh sazişinin dərhal imzalanmasını və Ermənistanın "artsax"dan faktiki olaraq, imtinasını tələb edir.
5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB) 
Ancaq erməni baş nazirin dediyinə görə, Rusiya öz növbəsində sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır. Çünki Kreml "artsax"a nəzarəti itirməkdən çəkinir. Ona görə də, Rusiya belə bir tezis irəli sürür ki, saziş imzalansa da, "artsax"ın statusu ilə bağlı məsələ danışıqların daha sonrakı mərhələsində müəyyən edilməlidir. Rusiyanın bu tezisinə isə Azərbaycan qəti şəkildə qarşı çıxır.
Maraqlıdır ki, baş nazir N.Paşinyan çoxvektorlu xarici siyasət yürütməyin və Rusiyaya qarşı tənqidlərdən cəkinməməyin vacibliyini də vurğulayıb. Üstəlik, erməni baş nazir hakim fraksiya deputatlarına açıq şəkildə bildirib ki, o, "artsax"dan imtina variantının əleyhinə çıxmaq niyyətində deyil.
Göründüyü kimi, Paşinyan hakimiyyəti artıq çıxılmaz vəziyyətdədir. Rəsmi İrəvan sülh sazişini imzalamaq məcburiyyətində olduğunu həm anlayır, həm də etiraf edir. Ancaq Paşinyan hakimiyyəti hələ də Brüssel prosesi və Kremlin arasında seçim etməkdə tərəddüdlərindən xilas ola bilməyib. Çünki, rəsmi İrəvan “sürüşkən xarici siyasət” modeli ilə Ermənistanı “labirintə” salıb. Brüssel prosesi və ya Rusiyanın vasitəçiliyindən imtina variantlarının hər ikisi Ermənistan üçün təhlükəli nəticələr vəd edir.
Hələliksə, erməni baş nazir Ermənistan cəmiyyətinə müəyyən mesajlar verməklə, rəsmi İrəvanın düşdüyü durumu izah etməyə çalışır. Belə anlaşılır ki, baş nazir N.Paşinyan bir tərəfdən erməni toplumunu imzalanması qaçılmaz olan sülh sazişinə hazırlayır. Digər tərəfdənsə, dolayısı ilə yenə də əsas günahkarın Rusiya olduğunu qabartmağa çalışır. Üstəlik, ABŞ və Qərbin Cənubi Qafqazda sülh istədiyini, Rusiyanın isə buna qarşı çıxıdığını, prosesi pozmağa çalışdığını ön plana çıxarır.
Elçin XALİDBƏYLİ,

“Yeni Müsavat” 
Tarix: 30-09-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti