ABŞ Cənubi Qafqaz regionuna dərindən cəlb olunub. Hazırda biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması yönündə danışıqlarda çox fəal iştirak edirik. Biz Ermənistanla Türkiyə arasında gedən prosesi də dəstəkləyirik”.“Yeni Müsavat” xəbər verir ki, bu sözləri dünən ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter söyləyib.
“Rusiyanı ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırmağın vaxtı çatıbmı” sualını cavablandıran Karpenter öncə xatırladıb ki, ABŞ Filip Rikeri bu yaxınlarda Minsk Qrupuna yeni həmsədr təyin edib. “Heç kimə sirr deyil ki, Minsk Qrupu həmsədrləri görüşmürlər. Bunun səbəbi təkcə Rusiyanın Ukraynaya təcavüzü deyil, başqa səbəblər də var”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, hazırda Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə sülh prosesi gedir və ABŞ bu prosesi tam dəstəkləyir: “Biz həmçinin mümkün köməyi göstərmək üçün Ermənistan və Azərbaycanla ikitərəfli səviyyədə çox yaxından işləyirik və Aİ-dəki həmkarlarımızla sıx məsləhətləşmələr aparırıq. Ermənistan və Azərbaycana gəldikdə, bizim ilk vəzifəmiz bu iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməkdir: regionda nəqliyyat və kommunikasiya dəhlizlərinin açılması, mehriban qonşuluq münasibətləri və təbii ki, əsas da Dağlıq Qarabağ daxil olmaqla, regionda yaşayan bütün əhalinin insan hüquqlarının müdafiəsidir”.
*****
Göründüyü kimi, ABŞ rəsmisi “status” adı çəkməyib, Qarabağ ermənilərini də nəzərdə tutaraq, əsasən ümumbəşəri dəyər sayılan insan haqlarına diqqət yönəldib. Həmçinin Minsk Qrupunun iflic olmasını təkcə Rusiya (Ukrayna) amili ilə deyil, “həm də başqa səbəblərlə” izah edərək Ermənistanı bir az da məyus edib. Çünki ABŞ rəsmisi “başqa səbəblər” deyərkən, əlbəttə ki, ən əvvəl Azərbaycanın Minsk Qrupunun vasitəçilik missiyasından imtina etməsinə işarə vurur.İş də ondadır ki, Vaşinqton Bakının mövqeyi ilə hesablaşmaq zorundadır. Ona görə ki, bölgənin açar ölkəsi, söz sahibi, üstəgəl, Avropa üçün energetik-logistik önəmi birə-on artmış tək dövlət Azərbaycandır, Rusiyanın forpostu və marioneti Ermənistan yox!
Diqqətçəkicidir ki, amerikalı rəsminin açıqlaması ilə eyni gündə - sentyabrın 28-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Xəbər verildiyi kimi, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi müzakirə edilib. Hikmət Hacıyev bu xüsusda deyib: “Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub”.
Bu arada məlum olub ki, ABŞ N.Paşinyanın Rusiya ilə Qərb arasında elədiyi “rəqslərə” rəğmən, Ermənistana silah vermək niyyətində deyil. Xatırladaq ki, az öncə Amerika Erməni Milli Komitəsi (ANCA) Amerika siyasi çevrələrində ilk dəfə bunun mümkünlüyü haqda müzakirə getdiyi barədə xəbər yaymışdı. Lakin xəbər doğrulmayıb.“Biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik”. "Musavat.com"-un məlumatına görə, bunu amerikalı ermənipərəst (!) konqresmen Ceki Speyer ANCA-nın təşəbbüsü ilə keçirilən görüş zamanı deyib.
“Konqresmenlərimizin hazırladığı qətnamələr xüsusi xarakter daşıması və Azərbaycana mesaj vermək baxımından vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, amma biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”, - Speyer bildirib.
Speyer Ukraynanı misal çəkərək ümid etdiyini bildirib ki, Ermənistan da bu ölkənin yolu ilə gedəcək və Rusiyaya müqavimət göstərəcək. Yəni işarə edib ki, İrəvan öncə Rusiyanın orbitindən uzaqlaşmaq üçün real addım atmalı, məsələn, KTMT-dən çıxmalı, forpost yox, müstəqil ölkə olduğunu sübut eləməlidir.Bu da “iki stul”da oturmaq istəyən Paşinyan iqtidarına ABŞ-dan tərs şillə.Beləcə, İrəvanın son ümidi də basdırılmış sayıla bilər. Nə qədər ki, o, regional və qlobal gerçəklikləri anlamaq istəmir, nə qədər ki, ona verilən mesajları düz oxumur, bir o qədər erməni xalqının iztirabları azalmayacaq. Bunun əvəzinə, Paşinyan və komandası böyük sülhə heç bir dəxli olmayan “iki stul” taktikasına davam edir. Özünün və xalqının “qızıl şansı”nı itirir. İstəyir ki, onun bir əlindən ABŞ, o birindən Rusiya tutsun - bu iki güc hətta bir-biri ilə qanlı-bıçaq olsa belə. Bu isə heç vaxt baş tutan sevda deyil...
Tarix: 30-09-2022, 22:27