İranda baş verən iğtişaşların Azərbaycana yan təsirləri - fars rejimi niyə aqressivləşib?


 

Oqtay Qasımov: “Heç bir təhdid bizi yolumuzdan döndərə bilməz”

İranda iğtişaşlar səngimək bilmir. 22 yaşlı, kürd kökənli  Mahsa Əmininin ‘’baş örtüyünü düz bağlamaması’’ səbəbindən  “əxlaq polisi” tərəfindən saxlanılması və polis idarəsində öldürülməsi İranda ciddi etirazlar yaratdı. Hazırda da davam edən iğtişaşlarda polis və etirazçılar arasından ölənlər var. Bəzi iddialara görə, onların sayı 77 nəfərdir.
İranın daxilində baş verən iğtişaşlara bəzi Güney Azərbaycan şəhərləri də qoşulub. Lakin azərbaycanlıların total şəkildə etirazlara qatılması müşahidə edilmir. Bütün bunlara baxmayaraq, daxildə öz vətəndaşları ilə problemi daha qabardıqca, İran rejimi Azərbaycan dövlətinə münasibətini aqressivləşdirir. Rəsmi və qeyri-rəsmi kanallarla dövlətimizə, ölkə rəhbərliyinə qarşı təhdidlər yağdıran İran bəzi hallarda əndazəni də aşır.
Bütün bunların fonunda Azərbaycan dövləti və xalqı nə etməlidir? İran rejiminin Azərbaycanın üzərinə gəlməsi və aqressivləşməsi fonunda biz İranda yaşayan azərbaycanlılara - soydaşlarımıza dəstək və münasibət bildirmələri üçün müraciət edə bilərikmi? Ya da onların etirazlara qalxıb, İran rejiminə qarşı etirazlara qoşulması çağırışları edə bilərikmi? Bütün bunlar doğru yanaşma sayılarmı?
Suallardan biri də İranda daxili iğtişaşlar böyüyər və siyasi böhrana gətirib çıxardarsa, yaxud daxili üsyanlar idarəedilməz hal alarsa, proses Azərbaycan dövlətini necə təsirləndirər? Sərhədlərimizə milyonlarla qaçqının, soydaşımızın toplanması və qaçqın axınının baş verməsi mümkün görünürmü?

Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İrandakı hadisələr təsadüfən baş verməyib: “Narazılığa gətirib çıxaran obyektiv səbəblərdən biri İranda 40 ildən artıq mövcud olan dini rejimin qadın haqları ilə bərabər, onların davranışlarına, geyimlərinə ciddi və kobud müdaxiləsidir. Əlbəttə ki, digər səbəblər də var. Azərbaycan cəmiyyəti İranda baş verən hadisələri həssaslıqla izləyir. Çünki İran əhalisinin yarıdan çoxunu soydaşlarımız təşkil edir, orada 40 milyondan artıq Azərbaycan türkü yaşayır. İstənilən hadisə bu və ya digər formada bizə də təsir edir. Ümid edirik, İranda insan haqları, demokratiya, söz azadlığı, milli dildə danışmaq, təhsil almaq, mətbuata sahib olmaq kimi haqlar tanınacaq, İran Konstitusiyasının 15-ci maddəsi nəhayət işə düşəcək, İranda yaşayan həm Azərbaycan türkləri, o cümlədən digər etnik qruplar və azlıqlar da hüquqlarından istifadə edə biləcəklər.
O.Qasımov qeyd edib ki, hər zaman, xüsusilə Azərbaycan müstəqillik qazandıqdan sonra İran rejiminin bizə münasibəti qeyri-səmimi və qonşuluğa uyğun olmayıb: “İran dövləti hesab edir ki, demokratik və güclü Azərbaycanın mövcudluğu onun dövlət kimi gələcəyinə təhdiddir. Buna görə də Azərbaycanın əleyhinə olan bütün fəaliyyətlərdə aktiv rol alır. Erməni işğalının İran tərəfindən dəstəklənməsi bununla bağlıdır. İran Azərbaycana qarşı aqressiv davranışı davam etdirəcəksə, Azərbaycanın daxilində casus şəbəkəsi yaratmaqla qarışıqlıq yaratmaq niyyətinə düşəcəksə, İranda bəslədiyi casus şəbəkəsinin vasitəsilə Azərbaycana təhdidlər yağdıracaqsa, əlbəttə ki, Azərbaycan dövlətinin öz suverenliyini və təhlükəsizliyini müdafiə etmək haqqı var.
İran başa düşməlidir ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanları Azərbaycanın imkanlarından qat-qat azdır. İranın Azərbaycandakı casus şəbəkəsi, avamcasına ümid bəsləyən bir qrup cahil insanın ümumi sayı uzağı 10 min nəfər ola, ya olmaya. Azərbaycana qarşı yanlış davranış davam edərsə, kobud xarakter alarsa, İran ərazisində yaşayan Azərbaycanı müdafiə edəcək milyonlarla soydaşımızın sərt reaksiyası ilə qarşılaşa bilər ki, bu realdır. Azərbaycan dövlətinin İrandakı daxili məsələlərə qarışmaq fikri yoxdur. İranla münasibətləri konstruktiv əsaslarla qurmağa çalışır. Azərbaycan müstəqil olandan bu günə qədər bu siyasət dəyişməz qalır.
Keçən il İranın Azərbaycana təhdidlər yağdırdığı zamanda, sərhədə 10 minlik qoşun yığıb guya təlim keçirmək adı ilə güc göstərdiyi dövrdə belə Azərbaycan Prezidenti Xudafərin körpüsünə səfəri zamanı bu körpünü dostluq körpüsü adlandırdı. Bu İrana mesaj idi. Azərbaycanın suverenliyini, dövlət təhlükəsizliyini qorumaq üçün heç bir güc qarşı dura bilməz, heç bir təhdid bizi yolumuzdan döndərə bilməz. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətinin İranın daxili məsələlərinə qarışmaması doğru mövqedir. Azərbaycan hər zaman İranda sabitliyin olmasını istəyir. İstərdik ki, bütün problemlər dinc yolla həll olunsun.
Etiraz aksiyalarında səsləndirilən tələblər İran rejimi tərəfindən dəyərləndirilməlidir və buna uyğun addımlar atılmalıdır. Artıq 21-ci əsrdir. Dünyada qlobal dəyişikliklər gedir. Bu baxımdan dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil. Ümid edirik ki, demokratiya, insan haqları, söz azadlığı istiqamətində dəyişikliklər İranın siyasəti nəticəsində baş verəcək, hər hansı kənar müdaxilə, üsyanlar, vətəndaş müharibəsi kimi hadisələr baş verməyəcək. Əks halda, bizə mənfi təsirləri ola bilər. Biz bütün problemlərin demokratik, dinc və siyasi yolla həllinin tərəfdarıyıq".
Tarix: 1-10-2022, 10:22
Xəbəri paylaş





Xəbər lenti