Azərbaycana qarşı “sülh” şantajı - yeni “oyun”
Sülh, səmimi sülhpərvər olmaq gözəl işdir. Dünyanın sülh və barış içərisində yaşaması bütün normal adamların arzusudur. Azərbaycan dövləti, xalqı üçün sülh daha vacibdir. Ən əsası, 30 ildən çoxdur bizlər sülh istəyirik, dünyaya səslənirik.
2020-ci ilin payızınadək Qarabağın işğalına səbr etdik, sonda əmin olduq ki, dünya, Ermənistan, onun havadarları ərazilərimizin boşaldılmasını danışıqlar yolu ilə - BMT qətnamələrinə uyğun şəkildə təmin etmir. Əksinə, zaman keçdikcə bizdən təslimçi sülh, torpaqlarımızı güzəştə getməyi istəyirdilər.
Ana Vətənin bir hissəsini mənfur erməniyə bağışlamağımızı tələb edir, sülhü də bunun üzərində görürdülər. “Sülh” adı altında bizə bu cür axmaq variantlar təklif edirdilər.
Təxminən 2006-2007-ci illərdən başlayaraq, müəyyən ermənipərəst Qərb dairələri Azərbaycanın içərisindən də “sülh göyərçinləri” formalaşdırırdılar. Tez-tez petisiyalar, bəyanatlar hazırlayır və “verbovka” etdikləri azərbaycanlıların da adlarını təslimçi “sülh çağırışları”na əlavə edirdilər.
Bölgədə sülhə yeganə əngəl olan amili - Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur etmək, torpaq iddialarından əl çəkdirmək isə “yadlarına düşmürdü”...
Hamımız şahidi olduq ki, Azərbaycan bu cür anormallıqlara, təhdidlərə boyun əymədi və nəhayət, danışıqların heç bir mənası qalmadığını görərək, işğal olunmuş ərazilərini beynəlxalq hüququn, ölkə Konstitusiyasının tələblərinə uyğun şəkildə hərbi yolla azad etdi. İkinci Qarabağ Savaşı – Vətən müharibəsi bizim haqq işimiz idi.
Bundan dərhal sonra Azərbaycanın rəsmi şəkildə bir mövqeyi var – SÜLH! İki ildir Prezident İlham Əliyev bütün tribunalardan məhz bunu bəyan edir.
Bəli, biz sülh, müharibə və bütün olanların keçmişdə qalmasını, bölgənin inkişafını, sabitliyini, barış içində yaşamağı istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi də edirik.
Ancaq Ermənistan 2 ildir sülh razılaşmasından, sərhədlərin müəyyənləşdirilməsindən, 10 noyabr Üçtərəfli Bəyanatın tələblərindən boyun qaçırır.
Pozuculuq siyasəti üzrə mütəmadi olaraq atəşkəsi pozur, Qarabağda və sərhəddə təxribatlar törədir, hücumlar edir. Azərbaycan da onun təxribatlarının qarşısını alır, almalıdır, alacaq!
Bölgədə gərginliyin davam etməsinin, sülh olmamasın yeganə günahkarı Ermənistandır. Bunu dünya indi aydın şəkildə görür. Acınacaqlısı odur ki, aydın şəkildə də Azərbaycanı şantaj etməyə çalışırlar. Yenə də sülhün baş tutmasına görə Ermənistanı yox, Azərbaycanı ittiham etmək kimi axmaq, pozucu bir kursu davam etdirirlər.
Bir dəstə “postsovet sülh göyərçini” peyda olub, bugünlərdə bəyanat yayıblar. Deyirlər ki, bəs müharibə xəbərlərindən bezmişik, Azərbaycan daha silahdan istifadə etməsin, Ermənistan nə bilir eləsin, hansı cinayəti törədir törətsin, biz susaq, cavab verməyək, təslimçi sülhə razılaşaq. Kəsə desək, təpəniz haqqı!
Sülhü hamı istəyir. Ancaq sülh o demək deyil ki, Azərbaycan torpaqlarından, ərazisindən, konistitusion öhdəliklərindən imtina etməlidir.
Korazehinliyin həddinə baxın: Ermənilər, onlara dəstək verən digər postsovet ölkələrində doğulan əbləhlər, habelə onların xain planında yer alan azərbaycanlı “sülhçülər” yazır: “Azərbaycanın Ermənistana son genişmiqyaslı hücumunu müşahidə etdikdən sonra hiddətlə doluyuq.
İki il əvvəl baş vermiş İkinci Qarabağ müharibəsi, erməni və azərbaycanlı cəmiyyətlərin hələ də yaralarını sağalda bilmədiyi və dərin düşmənçilik vəziyyətində qaldığı, dağıdıcı təcrübə idi”.
Təsəvvür edin, “sapı özümüzdən olan erməni baltaları” belə bir əclaf mətnə imza atıb. İkinci Qarabağ Savaşını müqəddəs haqq işimiz saymayan, ona “dağıdıcı təcrübə” kimi baxan azərbaycanlı ola bilməz!
Siyahıya baxırsan, burada yer alan azəbaycanlıların əksəri Qərbin ermənipərəst, anti-Azərbaycan platformalarına, layihələrinə cəlb edilmiş gənclərdir. Bir qisminə “tədqiqatçı” adı veriblər. Amma tədqiqatı nədən ibarətdir bilinmir, cəmiyyətdə hər hansı nüfuza malik deyillər, heç tanınmırlar, bəziləri feminist adı altında eybəcər təbliğatlarla məşguldur və s.
Normal, sağlam təfəkkürlü azərbaycanlı əlbəttə belə sənədə imza atmaz.
Sadəcə, bu “sülh çağırışı”nı hazırlayanlar bu xəyanətkar, şantaj xarakterli sənəddə azərbaycanlı ad-soyadı yazmağı prioritet seçiblər, əlamanlarını orada əks etdiriblər. Qıcıq yaratmaq, Azərbaycanı təhdid etmək üçün bu priyoma əl atıblar.
İndi bu adamların verdiyi “nəsihətə” baxın: “Rəsmilər nəhayət başa düşməlidirlər ki, hərbi vasitələr münaqişəni həll edə bilməz, sadəcə olaraq iki ölkə arasındakı uçurumu dərinləşdirə və daha çox zorakılıq və insan ağrısına səbəb ola bilər... Azərbaycan tərəfi başa düşməlidir ki, hərbi təcavüzlə “nəqliyyat dəhlizləri” açıla bilməz, sülh müqaviləsi bağlana bilməz”.
Bəs bu sənədi hazırlayanlar niyə başa düşmür ki, bu münaqişənin müəllifi də, törədən də, davam etdirən də, nəqliyyat dəhlizlərinin açılmasına imkan verməyən də məhz işğalçılığı dünya tərəfindən qəbul edilmiş Ermənistandır?! Bilməmiş deyillər, sadəcə özlərini qanmazlığa qoyublar. Qalib Azərbaycanı indiki mərhələdə də kor-təbii, öz ərazilərindən, haqlı mövqeyindən daşınmağa, güzəştə səsləyirlər.
Bəyanatın ən axırında bir hiyləyə də əl atıblar. Belə bir anormal təklif müəllifləri deyir ki, bəs rəsmi - bağlı qapılar arxasında danışıqlar uğursuzluğa məhkumdur. “Dövlətlərarası danışıqlar üçün ən yaxşı vasitəçilər hər iki ölkənin qeyri-dövlət sülhyönümlü/sülhqurucu icmalarıdır ki, onlar öz mübahisələrini aradan qaldırmaq və öz ölkələrindəki antaqonist mövqelərə malik digər insanlar arasında dialoqları asanlaşdırmaqda böyük təcrübəyə malikdirlər”.
Qarabağın işğalına, sülhün hələ də baş tutumasına görə işğalçı, təxribatçı Ermənistanı yox, haqlı tərəf olan Azərbaycanı suçlayanlar hansı vasitəçiliyi edə bilərlər? Faktiki xəyanət təklif edirlər, xain proje reallaşdırmaq istəyirlər və buna görə də Azərbaycana qarşı növbəti hücuma start verməyə başlayırlar. Bu sənəd həmin qərəzli hücum kampaniyasının başlanğıcı hesab olunur.
Amma keçməz bunlar, baş tutan deyil! Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı bahasına alıb! Azərbaycan xalqı zərrə qədər də güzəşətə, təslimçiliyə YOX deyir. Və Azərbaycan elə şəkildə güclənib ki, onu heç bir təhdid qorxutmur.
Sülhə mane olan Ermənistandır, gedin onları anladın, əhlilləşdirin! “Sülhçülər” öz mövqeyini reallıqlara uyğunlaşdırmasa, sərt təpkilərdən başqa heç bir qarşılıq almayacaqlar. İndiki çağırış anormaldır, qərəzdir. Ən əsası, belə şantajlar erməniləri revanşa, növbəti təxribatlara sövq etmək üçün yeni “oyundur”, bölgədə gərginliyin artmasına dəstək verməkdir.
Bəzi azərbaycanlıların burada yer alması da sadəcə ermənipərəst dairələrin “pul qoxusu”na doğru getmələridir...
Musavat.com
Tarix: 2-10-2022, 22:00