Kremlin Paşinyan üçün köhnə ssenarisi, Qarabağda “vəzifə” oyunu və gözlənilən hərbi əməliyyat



Əziz Əlibəyli: “Düşünmürəm ki, İrəvanın Razdan meydanında Putinin fotolarının yandırılması, Rusiya bayraqlarının ayaqlar altına atılması cəzasız qalacaq”
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki separatçı qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan bir müddət öncə ərazilərimizə köç edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla əvəz olunur. Belə ki, terrorçu qurumun rəhbəri Arayik Arutunyan “Facebook” səhifəsində “çox vacib qərar” verdiyi barədə yazıb. Terrorçubaşı bildirib ki, Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən rusiyalı milyarder Ruben Vardanyana “dövlət naziri vəzifəsi”ni təklif edib.
“Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyana “dövlət naziri vəzifəsi”ni tutmağı təklif etmişəm. Və ona “qərarlar” qəbul etmək, onları həyata keçirmək üçün geniş “səlahiyyətlər” verməyə hazıram. Mövcud çağırışları nəzərə alaraq, hesab edirəm ki, milli səyləri birləşdirmək lazımdır”, – deyə Arutunyan bildirib.
Vardanyanın bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köç etməsinə münasibət bildirən əksər analitiklər qeyd etmişdilər ki, bu Rusiyanın layihələrindən biridir. Ehtimal edilirdi ki, milyarder əvvəlcə Qarabağdakı separatçı qurumun “rəhbərliyinə” gətiriləcək, daha sonra Xankəndidən İrəvana, Ermənistan hakimiyyətinin başına transfer ediləcək. Arutunyanın “dövlət naziri” təklifi artıq ehtimalları bir qədər də gücləndirmiş olur.

Mövzu ilə bağlı AYNA-nın suallarını beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki,  Vardanyan fiquru ilə oyun oynamaq Rusiyanın Qarabağda siyasi gedişidir:
-Vardanyan vasitəsilə Rusiya proseslərdə qalmaq istəyir. Eyni zamanda, gələcək ssenarilərdə Rusiyanın iştirakçılığınlı təmin etmək istəyir. Kreml həm Azərbaycana, həm də Ermənistana təsir və təzyiqlərini saxlamaq üçün Rusiya kəşfiyyatına bağlı olan Vardanyan Qarabağda “vəzifəyə” gətirir. Proses də kəşfiyyata bağlı digər şəxsin, Arutunyanın əli ilə həyata keçirilir. Məqsəd də dediyim kimi, bölgədə təsir imkanlarını saxlamaq, fakt formalaşdırmaqdır. Vardanyanın kifayət qədər maliyyəsi var. Ona pul xərclədərək Qarabağda ermənilərin qalmasını stimullaşdırmaq istəyirlər. Görünür ki, vardanyan həmçinin Arutunyanın əvəzedicisi kimi görülür. Demək olar ki,  Rusiya ssenarisini həyata keçirməyə başlamış kimi görünür.
Maraqlı məqamlardan biri də odur ki, Arutunyan da, Vardanyan da Rusiya və digər xarici ölkələrin kəşfiyyatına bağlı olsalar da, Azərbaycana qarşı mövqedə vahiddirlər.
- Belə fikirlər var ki, Vardanyan Qarabağdan Ermənistan hakimiyyətinin başına transfer olunacaq. Rusiya bu şəxsi Paşinyanın əvəzedici kimi görə bilərmi?
- Ermənistanda ehtimal olunan hakimiyyət dəyişikliyi ilə bağlı bir neçə alternativ var. Nəzərə alsaq ki, bu gün erməni müxalifətinin əsas avanqardı Kremlə bağlı, Rusiya kəşfiyyatının yetişdirdiyi sabiq Prezident Robert Köçəryandır. Paşinyan devriləcəyi təqdirdə hakimiyyətə Köçəryanın gəlməsi əsas ehtimaldır. Amma Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində istifadə etmədiyi qüvvələrdən istifadə etmək istəyirsə, təmiz səhifə açmağı nəzərdə tutursa, Vardanyanı irəli sürə bilər. Yəni onun İrəvana transferi istisna sayılmaz.
- Yəni Rusiya Paşinyanı bu vasitə ilə cəzalandıracaq...
- Hesab edirəm ki, 1999-cu ildəki ssenarinin təkrarlanma ehtimalı daha çoxdur. Hazırda Paşinyan hakimiyyətinin ciddi şəkildə cəzalandırılması məsələsi Moskvanın gündəmindədir. Rəsmi İrəvanın ənənəvi partnyorluğa xəyanət erməsi, yüzillik münasibətlərə kölgə salması ciddi cəzasız qalmayacaq. Düşünmürəm ki, İrəvanın Razdan meydanında Putinin fotolarının yandırılması, Rusiya bayraqlarının ayaqlar altına atılması cəzasız qalacaq. Güman ki, Paşinyanı 1999-cu ildəki hadisələr gözləyir. Amma hakimiyyətə kimin gələcəyini demək çətindir. Vardanyan da Ermənistanın başına keçə bilər, Köçəryan da qayıda bilər. Eyni zamanda, paşinyanın komandasında olmuş, hazırda müxalifətdəki fiqurlar da hakimiyyət üçün nəzərdə tutula bilər. Yaxud da, hazırda həbsxanada olan sabiq müdafiə naziri David Tonoyan var. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişdirməyə nə qədər gücü varsa, Qərbin də Tonoyan kimi alternativi var. Hesab edirəm ki, Paşinyan devrilərsə, Qərb də öz növbəsində Tonoyanı irəli atacaq ki, bu, Tonoyan-Köçəryan, yaxud Tonoyan-Vardanyan münaqişəsi müşahidə ediləcək.
- Xankəndidə separatçıların “vəzifə oyunu”na Azərbaycanın reaksiyası necə olacaq və necə olmalıdır?
- Azərbaycanın mövqeyi bəllidir. Birinci şəxsin dilindən dəfələrlə bildirilib ki, qəti mövqe Azərbaycanın ərazi bütövlüyüdür. Hesab edirəm ki, Prezident İlham Əliyevin son bəyanatları – “heç kəsdən məsləhət almayacağıq” kimi açıqlamalar həm də Rusiyaya mesajdır. İlin sonunadək proseslərdə bir aydınlanma olacaq. Ukraynada Rusiyanın başına nələrin gələcəyi Qarabağdakı ermənilərin taleyi baxımından da önəmlidir. Eyni zamanda, ABŞ-da noyabrda keçiriləcək seçkilərin də məsələyə öz təsiri olacaq. Azərbaycanın indiki məqamda Rusiyaya hansısa ciddi iradlarının olacağı gözləniləndir. Artan hərbi ritorika, o cümlədən də İranın hədələri, İsrailin müdafiə nazirinin Bakıya səfəri, türkiyə milli müdafiə nazirinin səfəri – bunlar deməyə əsas verir ki, bölgədə hərbi əməliyyatların baş vermə ehtimalı çox yüksəksir.
- Yeri gəlmişkən, Ermənistanın növbəti təxribata hazırlaşdığı barədə də məlumatlar var...
- Düşünürəm ki, Qafqaz beynəlxalq mübarizənin mərkəzinə çevriləcəksə, bizim hərbi əməliyyat keçirmək kimi üstünlüyümüz var. Azərbaycan əməliyyatı Qarabağ üzərindən yox, onun alternavininin üzərindən etmək istəyir. Ermənistanın Paşinyanın həyat yoldaşına məxsus media orqanında yayılan iddialardan da görmək mümkündür ki, bizim niyyətimiz nədir. Bu niyyət revanşın da qarşısını alır, bütövlükdə ermənilərin imkanlarını da məhdudlaşdırır. Belə bir məsəl var: sən ərazinin içərisindəki hansısa əməliyyatların qarşısını almaq istəyirsənsə, digər ölkənin torpağındakı uzantından imtina etmək məcburiyyətindəsən.
Bu arada, biz sabaha planlaşdırılmış Ərdoğan-Paşinyan görüşünün müsbət nəticələrini görə biləcəyik. Təəssüf ki, buna paralel olaraq Ermənistan Azərbaycanı “təcavüzkar” kimi göstərmək niyyətindədir və bu kampaniyanı aparır. Bununla yanaşı, nazirlərin görüşü, rəsmilərin təmasları, ABŞ-ın vasitəçiliyi ilə telefon danışıqları onu deməyə sas verir ki, xeyli məsafə qət edilib. Bunun da müsbət nəticəsi kimi 17 erməni əsgərinin Ermənistana qaytarılmasını göstərmək olar.
Tarix: 5-10-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti