Azərbaycana qarşı yeni hiylə: “Bakı buna imkan verməyəcək” - GƏLİŞMƏ
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.
SİAM.AZ onunla müsahibəni təqdim edir:
- İsrail müdafiə naziri Benni Qantz Azərbaycana səfər etdi. Sizcə, bir çox ölkədə müzakirə mövzusuna çevrilən bu sürpriz səfərdə məqsəd nə ola bilər? Bu səfərdən sonra İsrail-Azərbaycan əlaqələrində hansı yeni gəlişmələrin şahidi ola bilərik?
- Bu, sürpriz səfər deyildi, əvvəlcədən planlaşdırılmışdı. Çünki İsrailin yeni hökumətinin yeni nazirləri, Nazirlər Kabinetinin üzvləri indiyədək Azərbaycanda olublar və bu proses davam edəcək. Söhbət İsrail əməkdaşlıq və tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından gedir. Ortada bir sıra məsələlər var. Məsələn, bura kənd təsərrüfatı, sənaye, emal sənayesi, toxuculuq, tekstil, inşaat, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və ora investisiyanın yatırılması, habelə müdafiə və hərbi-texniki sahədələrində əməkdaşlıq daxildir. Yəni Benni Qantzın Bakıya gəlişinin səbəbləri az deyil.
Əvvəla, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunur. Söhbət sadəcə Azərbaycanın İsraildən sursat, hərbi texnika və ən müasir texnologiyalar almasından getmir, söhbət iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıqdan gedir. Bu da özündə bir sıra məsələləri ehtiva edir.
Həmin məsələlər arasında birgə istehsal, yeni informasiya və hərbi sənaye texnologiyalarını paylaşmaq və istifadə, həmçinin Silahlı Qüvvələr arasında əməkdaşlıq və digərləri var.
Benni Qantz Bakıda olarkən əvvəlcə Prezident İlham Əliyev, daha sonra isə müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşdü. Söhbət heç də İsrailin Azərbaycan Silahlı Qüvvələrinin inkişafında bilvasitə iştirakından getmir. Azərbaycan özü də bunda maraqlı deyil.
Ümumiyyətlə, Azərbaycan Türkiyədən savayı heç bir ölkəni öz Silahlı Qüvvələrinin keyfiyyətcə inkişaf etdirilməsinə və ordu quruculuğuna yaxın buraxmır, buraxmayacaq da. Çünki biz müstəqil ölkəyik. Amma İsrailin müdafiə sənayesində əldə etdiyi uğurlar dünya tərəfindən tanınır.
Bundan başqa, İsrail ordusunun antiterror əməliyyatlarında qazandığı təcrübə və hava hücumundan müdafiə qüvvələrinin effektli fəaliyyəti və digər məsələlər müzakirə mövzusudur. Ən başlıcası isə İsrailin öz sərhədlərinin qorunmasında əldə etdiyi təcrübə də, təbii ki, Azərbaycanı maraqlandırır.
- Qantz Bakıda olarkən İran ordusunun baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri müdafiə naziri Zakir Həsənova zəng etdi. Sizcə, bu zəng təsadüfi idimi və ya bunu necə şərh etmək olar?
- Təbii ki, təsadüfi sayıla bilməz. İran kəşfiyyatı bilirdi ki, Benni Qantz Azərbaycana gələcək. Nəzərinizə çatdırım ki, baş qərargah rəisi və ya müdafiə naziri İranın hərbi və müdafiə sistemində o qədər də söz sahibi deyil. İranda əsas söz sahibi İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Bu dövlət içində bir dövlətdir. İqtisadiyyatın təxminən 63 faizinə, Müdafiə Nazirliyinin ən effektli və elitar birləşmələrinin 82 faizinə SEPAH nəzarət edir.
İndi İranın baş qərargah rəisi təşvişə düşüb zəng edib ki, Qantzın Bakıya, Bakının da Qantza nə dediyini öyrənsin. Bu, diplomatik prosedurdur, Tehranın bu səfərdən təşvişə düşdüyünü diplomatik yolla Bakının nəzərinə çatdırmaqdır.
Təbii ki, nə Bakı Qantzla müzakirə olunan məsələləri Tehrana deyib, nə də Tehran belə ümiddə olub ki, danışılanların hamısını Bakı ona deyəcək. Dediyim kimi, bu zəng diplomatik prosedurdur.
- Ermənistan və Azərbaycan arasındakı son gəlişmələr fonunda ABŞ-dan, xüsusən də bir sıra Avropa dövlətlərindən ölkəmizə qarşı bəyanatlar və ittihamlar səsləndirilir. Ölkəmiz əleyhinə başlamış bu “xor”u necə anlamaq olar?
- Baş verənlərin səbəbi bəllidir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropada yaranmış enerji böhranında Azərbaycan alternativ təminatçı və etibarlı tərəfdaş kimi çıxış edir, öz təbii ehtiyatlarını, karbohidrogen və enerji daşıyıcılarını Avropaya təklif edir. Sizə deyim ki, enerji bazarı uğrunda gedən savaş heç də fiziki müharibədən geri qalmır. Dünyanın müasir siyasi tarixində baş vermiş müharibələrin bir çoxu məhz enerji daşıyıcılarının hasilatı, emalı və tranziti üzərində başlayıb. Əfqanıstan, Suriya, Liviya, Çad və Sudandakı savaşlar, Burkina Fasodakı son dövlət çevrilişi – bunların hamısı enerji bazarı uğrunda gedən müharibənin doğurduğu nəticələrdir.
Məlum videodan sonra bir sıra beynəlxalq təşkilatlar, siyasətçilər, bəzi dövlətlər və parlamentlər bizi suçladılar. Ermənilərin indiyədək bizə nə etdiklərini bir kənara qoyuram, məsələ ondan ibarətdir ki, əgər biz “hərbi cinayət”dən danışırıqsa, bu məsələ tədqiq edilməli və bunun cinayət olub-olmadığı sübuta yetirilməlidir.
Adi bir hüquqşünas da bilir ki, cinayət dəqiqləşdirilmədən istintaq başlamır. Birincisi, bunun üçün cinayətin icraçıları, ikincisi isə sifarişçilər axtarılmalıdır. Qərb isə hüquq fakültəsinin birinci kursunda keçirilən və aksiom sayılan məsələlərin heç birini etmədən Azərbaycanı günahlandırır.
Bəzi siyasətçilər və təşklilatlar, hətta bəzi ölkələrin xarici işlər nazirlikləri belə bildirirlər ki, biz bu “cinayət”in kimlər tərəfindən törədildiyini dəqiq bilməsək də, Azərbaycanı bu cinayətdə cəzalandırmağa çağırırıq. Bu qədər absurd olmaz. Nə qədər gülünc göründüklərini anlamırlar, yaxud anlasalar da özlərini elə göstərirlər. Söhbət mənim azərbaycanlı kimi Azərbaycanın mövqeyindən çıxış etməyimdən getmir, mən holland da ola bilərəm. Yəni bu məsələdə dəqiq sübut, dəlil olmadan fikir yürütmək olmaz.
- Nikol Paşinyan ailəsinə yaxın “Haykakan Jamanak” qəzetinin dərc etdiyi bir xəbər Azərbaycanda müzakirə mövzusudur. Erməni nəşrinin iddiasına görə, Azərbaycan Ermənistandan 1919-1920-ci illər xəritəsi əsasında sərhədlərin müəyyənləşdirilməsini tələb edir. Sizcə, bu iddia nə qədər məntiqlidir?
- Paşinyan qələmə verilən qədər idiot və debil deyil. O, Ermənistanda sosial çağırışların və sifarişlərin nə olduğunu çox gözəl bilir. “Haykakan Jamanak” vaxtilə Paşinyanın baş redaktoru olduğu, indi isə onun çox qüssəli həyatının yoldaşı Anna Akopyanın guya baş redaktorluq etdiyi bir qəzetdir.
“Haykakan jamanak”, “erməni vaxtı” deməkdir. Görünür, “erməni vaxtı” əqrəblərini tərsinə fırladır və Paşinyan da bunu başa düşür. Bilərəkdən, əsəbləri tarıma çəkmək üçün belə feyk ortaya atırlar. Çünki indiyədək Azərbaycandan heç vaxt “1919-1920-ci illər xəritəsi olsun” deyilməyib. Biz təklif etmişik ki, mövcud xəritələr əsasında sərhədlərin delimitasiyası və demarkasiyası mümkün deyilsə, bundan əvvəlki bəzi xəritələrə baxaraq, ortaq məxrəc əldə etmək olar. Həmin xəritələrin hansısa baxsaq, indiki Ermənistan ərazilərinin xeyli hissəsi Azərbaycanın tərkibindədir.
Hesab edirəm ki, 1919-cu il xəritəsinin ortaya atılması sadəcə sosial-siyasi şantaj məqsədi güdür. Bu da əvvəlcədən hazırlanmış və gözlənilən bir təxribat idi.
- Son gəlişmələr Ermənistan-Azərbaycan sülh danışıqlarında ciddi çətinlik yaratmış kimi görünür. Düzdür, xarici işlər nazirləri İsveçrədə görüşdü, amma İrəvanın son bəyanatları və Azərbaycana yönəlik ittihamları qəbuledilməzdir. Belə olan halda irəlidə bizi nə gözləyə bilər?
- Proseslər bağlı situasiyanı proqnozlaşdırmaq çətin deyil. Ermənistan və Azərbaycan arasında olmayan sərhəd boyunca atışmalar səngiməyəcək, yəni ermənilərin təxribatları davam edəcək. Ermənilərin diversiya qrupları sərhəd istiqamətlərində Azərbaycan ərazisinə sızaraq yolları, kommunikasiyaları, yaşayış məntəqələrini minalamağa çalışacaqlar.
Ermənistan mümkün qədər vaxtı uzatmağa, prosesə sadəcə Rusiyanın yox, Fransa və ABŞ-ın da qatılmasını və onların fəal iştirakını təmin etmək istəyir. Burada biz müəyyən mənada “Donbas ssenarisi”ni görürük. 2014-cü ildə Almaniya, Fransa, Rusiya, ABŞ və Ukrayna liderləri Lukaşenkonun vasitəçiliyi ilə bir araya gələrək, Kiyev və Moskva arasında danışıqlara başlamışdılar. Bu danışıqlar Ukraynanın ziddinə idi.
Paşinyan indi “ikinci Donbas anlaşması”nın əldə olunmasına çalışır, amma bu baş tutan deyil. Azərbaycan buna sadəcə imkan verməyəcək.