Ermənistanın Baş naziri deyib ki, sülh yaratmaq niyyətindədir – Nikol Paşinyan bu barədə Parlamentdə sual-cavab zamanı danışıb.Ermənistan lideri müxalifətin suallarına cavab verərkən deyib ki, Ermənistan üçün Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq.
“Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik. Və təsdiq edirəm ki, son müsahibəmdə elan edilmiş düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm. Son zamanlar gedən danışıqlar və onların məzmununa əsasən mən irəliyə doğru yolu görürəm. Bu, ən vacibidir”, – Paşinyanın sözləri Armenpress agentliyində iqtibas olunur.
Bundan əvvəl Azərbaycan Prezidenti də Ermənistanla sülh danışıqları barədə nikbin olduğu deyib. İlham Əliyev buna əsas kimi bir neçə gün əvvəl sülh müqaviləsinin ilkin versiyasını hazırlamaq məqsədi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə təkbətək görüşünün keçirilməsini göstərib.
“Ümid edirik, sülh sazişinin mətninin hazırlanması uzun çəkməyəcək. Biz bu ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bu məsələdə nə qədər uğurlu olub-olmayacağımızı bilmirəm. Amma biz bu istiqamətdə irəliləyirik”, – Ağdamda “Milli Şəhərsalma Forumu”nda çıxış edən Azərbaycan lideri deyib.
İlham Əliyev həmçinin qeyd edib ki, Bakı hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalini öz vətəndaşı hesab edir və onların gələcək həyatının necə təşkil ediləcəyini hər hansı beynəlxalq oyunçu ilə müzakirə etmək fikrində deyil.
“Azərbaycanın daxili məsələlərini heç bir beynəlxalq institut, eləcə də ərazicə böyüklüyündən və potensialından asılı olmayaraq hər hansı dövlətlə müzakirə etmirik”.
Bu mövzuda daha bir açıqlama ilə bu gün tanınmamış “Dağlıq Qarabağın xarici işlər naziri” çıxış edib. David Babayan deyib ki, Azərbaycanla birbaşa danışıqlar üçün “Dağlıq Qarabağ” münaqişənin tərəfi kimi qəbul edilməlidir.
Azərbaycan deyir ki, “Dağlıq Qarabağ” adında ərazi yoxdur və münaqişə həllini tapıb.
Yerevanda da ara-sıra “Dağlıq Qarabağın” danışıqlar masasında olmalı olduğunu deyirlər. Lakin ötən həftəsonu Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində Yerevan bu bənddən imtina edə biləcəyinə dair “açıq və aydın işarələr” verir, Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.
Paşinyan, xüsusilə, siyasi mərkəzlərin Dağlıq Qarabağın müstəqilliyini və ya Ermənistanın bir hissəsi olduğunu tanımağa hazır olmadığını bildirib.
“Vardan Oskanyan olub açıq-aşkar Ermənistan Respublikasını “işğalçı” tanıyan. Və Ermənistan Respublikası Vardan Oskanyanın və onun rəhbərinin bu əməllərini bu günədək dəf edə bilməyib. Və biz etiraf etməliyik ki, ola bilsin biz heç vaxt həmin bəyanatları dəf edə bilməyək. Biz indi həmin bəyanatın nəticələrini idarə etməyə çalışırıq. Çünki o zaman Vardan Qarabağı Azərbaycanın bir hissəsi kimi Oskanyan və Robert Koçaryan deyil, Ermənistan Respublikası Qarabağı Azərbaycanın hissəsi kimi tanıyıb. Qoy ağlamsınmış çıxışlar etməsinlər. Və bu, 2007-ci ildə baş verib. Və bu, 2007-2008-ci ildə hakimiyyətin ötürülməsi kombinasiyasının bir hissəsi olub”, o çərşənbə günü çıxışında deyib.
5 prinsip
Azərbaycanla Ermənistan arasında danışıqların daha öncə Bakının təklif etdiyi 5 prinsipə əsaslandığı deyilir. İndiyədək Ermənistanda bu prinsiplərə dair verilən bəyanatlar ziddiyyətli olub. Ağdamda çıxış edən İlham Əliyev bu məsələyə toxunaraq, prinsiplərin nə olduğunu açıqlayıb.
“Bura ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədi ilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması daxildir”, – İlham Əliyev deyib.
Avqustun sonunda Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə xarici işlər nazirlərinə sülh sazişinin mətnini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırığı verilib.
Azərbaycan Prezidenti sülh prosesi ilə bağlı danışaraq həmçinin deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistandan olan komissiyalar birlikdə işləyərək, “vaxt itirmədən” iki ölkə arasında mövcud olmayan sərhədləri “müəyyənləşdirməyə nail olacaqlar”.
Oktyabrın 2-də Cenevrədə görüşən Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişi, silahlı qüvvələrin ölkə ərazilərindən çıxarılması, hərbi və mülki əsirlər, eləcə də kommunikasiya xətləri barədə fikir mübadiləsi aparıblar.
Bu görüşdən sonra tərəflər ABŞ-ın Dövlət katibi Anthony Blinken Ceyhun Bayramov və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.
Azərbaycan XİN-nin bildirdiyinə görə, Anthony Blinken və Ararat Mirzoyanla telefonla müzakirə zamanı rəsmi Bakının Cenevrədə irəli sürdüyü təklif: delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi müsbət qarşılanıb.
“Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib”, – Azərbaycan XİN bildirib. Qurumdan verilən xəbərə görə, Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüş çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazilərindən geri çəkilməli olduğunu, eləcə də erməni əsirlərin qaytarılmasının və atəşkəs rejiminə qeyd-şərtsiz əməl edilməsinin vacibliyini vurğulayıb, Ermənistan Xarici İşlər Nazirliyinin saytında qeyd edilib. Qurumun yaydığı məlumata əsasən, Ararat Mirzoyan telefon danışığı zamanı iki ölkə arasında ziddiyyətlərin aradan qaldırılmasında güc amilindən istifadə edilməsini “qəbuledilməz” adlandırıb.
“Yarana biləcək yeni aqressiyaların qarşısını almaq məqsədi ilə sərhəddə monitorinq və nəzarətin təşkil edilməsi üçün beynəlxalq mexanizmlərin tətbiqi olduqca vacibdir”, – Ermənistan XİN bildirib. Görüş zamanı rəsmilər, həmçinin sülh müqaviləsinin hazırlanması barədə də fikir mübadiləsi aparıb. ABŞ-ın Dövlət katibi Anthony Blinken telefon danışığı ilə bağlı paylaşdığı tvitində tərəflər arasında davamlı sülhün əldə edilməsi məqsədilə aparılan danışıqları yüksək qiymətləndirib və bu müzakirələrin davam etməli olduğunu bildirib.
Sentyabrın 13-14-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalardan sonra Anthony Blinken hər iki nazirlə Washington-da görüşmüşdü. İki günlük sərhəd toqquşmalarında 200-dən çox hərbçi həlak olub.
Bbc
Tarix: 6-10-2022, 08:02