Erməni spiker Moskvaya çağırıldı - Kremlin səbir kasası dolur


 
Ermənistanda anti-Rusiya dalğasının artması və KTMT-dən çıxmaq çağırışları bu dəvəti zəruri edib; Paşinyan komandasına “Amerikaya üz tutmalıyıq” təlimatı verib, hətta kommunistlər də Putindən üz döndərir - şərh
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodindən rəsmi dəvət alıb. “Yeni Müsavat” yazır ki, Simonyanın belə həssas və İrəvanla Moskva arasında yaranmış soyuq münasibətlər fonunda Rusiyaya çağırılması erməni mediasında birmənalı qarşılanmayıb.
Bu haqda “Hraparak” nəşri yazıb ki, ruslar Simonyanı “əməkdaşlığı inkişaf etdirmək üçün” Moskvaya dəvət etsələr də, əslində pərdəarxası qaranlıq məqamlar çoxdur. Rusiyaya könülsüz şəkildə rəsmi səfərə hazırlaşan spikerin başçılıq etdiyi nümayəndə heyəti sabah - oktyabrın 9-da Moskvaya yola düşəcək. Bəzi məlumatlara görə, dəvətin məqsədi Ermənistandakı son hadisələrlə bağlıdır. Xüsusən də, anti-Rusiya dalğasının artması və İrəvandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı səslənən bəyanatlar bu dəvəti zəruri edib. Yəni əslində “sorosçu” Simonyan Moskvaya “xalça üzərinə” çağırılıb.
Gerçək belədir ki, xüsusən də sərhəddəki 12-14 sentyabr hadisələrindən sonra Ermənistanda anti-Rusiya ab-havası xeyli güclənib. Ermənistanın KTMT-dən çıxması məsələsi az qala hər gün bu və ya digər formada və platformada gündəmə gətirilir. Moskva-İrəvan münasibətlərinə Nensi Pelosinin gözlənilməz İrəvan səfəri isə məxsusi soyuqluq gətirib.
“Joxovurd” qəzeti isə yazıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə komanda yoldaşları ilə söhbətində bu tezisləri irəli sürüb: “Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də onunla sağollaşıb Avropa və Amerikaya üz tutmalıyıq”.
Qəzet həmçinin qeyd edib: “Hazırda hakimiyyət ancaq anti-Rusiya əhval-ruhiyyəsini yayır. Paşinyanın anti-Rusiya təbliğatından reallıq hissini itirərək Kommunist Partiyasının üzvləri belə Rusiya ilə bütün əlaqələri yavaş-yavaş kəsib, avropalılara və amerikalılara sevgilərini nümayiş etdirməli olduqlarını gizlətmirlər. İqtisadiyyatımızın böyük hissəsi Rusiyanın əlindədirsə və Rusiya sərhədçiləri Ermənistanın suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər? Təbii ki, balanslaşdırılmış siyasət və dünyanın fövqəlgücləri ilə öz maraqlarını irəli sürmək fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə zəka və bacarıq lazımdır”.
Əslində Rusiya üçün Ermənistan çoxdan “qulpsuz çamadan”a çevrilib. Elə isə Moskva bu izafi yükdən niyə imtina etmir? Cənubi Qafqazda Gürcüstandan sonra Ermənistanı da itirmək Kreml üçün hansı ağrılar demək olacaq?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a xatırlatdı ki, Ermənistan Rusiyanın yaratdığı qondarma dövlətdir: “Uzun illər Rusiyanın forpostu olub, Gümrüdə rusların 102-ci hərbi bazası, Erebunidə aviabazası yerləşib, dəmiryol xətləri rus şirkətlərinin mülkiyyətindədir. Belə olan halda Ermənistan Rusiyadan tam asılı bir ölkədir. Ona görə Rusiya Ermənistanı, ümumilikdə isə postsovet məkanını nəzarətində saxlamaq istəyir. Ötən illər ərzində də Ermənistan Rusiyanın arxalanacağı bir yer olub. Bu mənada Rusiyanın səyləri başadüşüləndir”.
Partiya sədri vurğuladı ki, 2018-ci ildən qərbpərəst Paşinyanın iqtidara gəlməsi ilə antirus əhval-ruhiyyəsinin güclənməsi göz qabağındadır, Moskva bundan narahatdır: “Ermənilərə elə gəlir ki, ruslar onların əlindən tutmalıydı, bu dəstəyi görmədikcə Moskvadan üz çevirməyə başlayıblar. Bu da Kremli hərəkətləndirib və indi İrəvan rəsmilərini dəvət edirlər, təzyiq altında saxlamağa çalışırlar. Avropa Birliyinin də son vaxtlar danışıqlarda önə çıxması Rusiyanı ikiqat qıcıqlandırır. Üstəlik, Ukrayna müharibəsi səbəbindən təsir imkanları azalır və belə vəziyyətdə Ermənistanın da tam nəzarətdən çıxması təhlükəsi olduğu üçün bu addımlar atılır”.

ALDP sədri Fuad Əliyevin fikrincə, Ermənistan uğrunda Rusiya-ABŞ mübarizəsi gedir: “Pelosinin açıq dəstəyi təkcə bizə qarşı həyasız ittiham deyildi, həm də Rusiyaya mesaj idi ki, biz Paşinyanı müdafiə edirik. Eləcə də Blinkenin zəngləri, Fransanın açıq şəkildə Ermənistanın tərəfini saxlaması Putin administrasiyasının diqqətindən qaçmır. Ermənistanda Qərbə simpatiya, Avropa demokratiyasına doğru irəliləmək çağırışları var, KTMT-dən isə çıxmaq tələb olunur, mitinqlərdə Putin əleyhinə şüarlar səslənir, plakatlar qaldırılır. Təbii ki, bunları Rusiya görür və nəticələr çıxarır. O nöqteyi-nəzərdən Simonyanın və digərlərinin Moskvaya dəvət olunması təsadüfi deyil”.
Partiya sədri hesab edir ki, Paşinyanın Ermənistanı Rusiyanın peykindən tamamilə çıxarmaq cəhdləri baş tutmayacaq: “Əvvəla, onun KTMT-dən çıxmaqla bağlı dedikləri şantajdır, manevr edir ki, Rusiyadan hansısa güzəştlər qoparsın. İkincisi, Ermənistan sərhədlərini ruslar qoruyur, hərbi bazaları mövcuddur, Paşinyanın onları çıxarmağa gücü çatmaz. Bunu amerikalılar da anlayır. Ən yaxşı halda antirus siyasətini davam etdirə bilər ki, o da uzun çəkməyəcək. Paşinyan bilir ki, Ermənistanı Rusiya orbitindən çıxarmaq necə nəticələnə bilər. Sadəcə, Kreml vaxtaşırı çağırıb qulaq burur, İrəvana izah edir ki, uzaq Amerika deyil, yaxın Rusiya ilə münasibətləri normal qurmağa məhkumsan”.
Emil SALAMOĞLU
Tarix: 8-10-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti