“Artıq Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanın daxili işi sayır" - RƏY


"Ermənistan Qarabağda Azərbaycanın ali hüquqlarını qəbul edir və orada yaşayan ermənilərin təhlükəsizlik və hüquqları məsələsini Azərbaycanın daxili işi hesab edir".
Bunu “Report” a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlunun sözlərinə görə, Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən dördtətəfli görüş əslində postmüharibə reallığının Ermənistan və dünya birliyi tərəfindən, nəhayət, rəsmi qəbul edilməsi prosesinin başa çatdırılması kimi qiymətləndirilməlidir:
"Bu, strateji diplomatiyamızın mühüm nailiyyətlərindən biridir”.
O bildirib ki, rəsmi İrəvan Brüssel formatının onlar üçün daha doğma olduğuna inanırdı: “Bu formata Fransanın təsir imkanları daha çoxdur. Onlar elə bilirdilər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fransız olması əlavə üstünlük yaradacaq. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdaşlarına böyük vədlər verərək Brüssel formatının bir qədər genişləndirilmiş formatı hesab olunan Praqa görüşünə getmişdi. Ancaq ortaya çıxan Praqa bəyanatı onların ümidlərini doğrultmadı. Çünki nəticə etibarı ilə bu bəyanat Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin qəbul edilməsi idi. Sənəddə beynəlxalq hüququn 2 mühüm prinsipi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsas götürülüb. Hər 2 ölkə bu prinsipləri qəbul edib”.
H.Babaoğlunun fikrincə, beləliklə, həm də həmin ərazilərdə dövlətlərin ali iradəsi qəbul edilib: “Yəni Ermənistan Qarabağda Azərbaycanın ali hüquqlarını qəbul edir və orada yaşayan ermənilərin təhlükəsizlik və hüquqları məsələsini Azərbaycanın daxili işi hesab edir. Yəni Ermənistan, nəhayət, Praqada bizim daxili işlərimizə qarışmaqdan əl çəkdi. Şübhəsiz ki, bu əsas məsələ növbəti sülh addımlarınının da önünü açmış olur. Razılaşmaya əsasən artıq sərhədlərin delimitasiyası və kommunikasiyalar üzrə işçi qrup öz fəaliyyətini bərpa etməklə sülh prosesində aktiv fazaya qədəm qoyacaq. Bu isə mümkün sülhü daha da tezləşdirə bilər”.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.



Tarix: 8-10-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti