Britaniya mandatına qarşı yəhudi üsyanı
İngilislər müəyyən repressiv addımlar atsalar da, qamçı cəzasını ləğv etməli oldularİkinci dünya müharibəsi zamanı yaşadıqları fəlakət yəhudilərin milli dövlət istəklərini daha da artırdı və öz talelərini yalnız özlərinə etibar etmək düşüncəsini daha da möhkəmləndirdi. Amma Fələstin üzərində hələ də mandata sahib olan London azsaylı yəhudilər üzündən ərəb dünyası ilə münasibətlərini korlamaqda maraqlı deyildi. Britaniya hökumətinin “Ağ kitab” əsasında yəhudilərin Fələstinə köçünə qoyduğu məhdudiyyət yəhudilərin narazılığına səbəb olmuşdu. Amma İkinci dünya müharibəsinin başlaması nasistlərə qarşı ümumi mübarizəni ön plana çıxardı. Dövlətsiz yəhudilərin hökuməti kimi çıxış edən Yəhudi agentliyinin rəhbəri Ben-Qurion deyirdi: “Biz “Ağ kitab” yoxmuş kimi ingilislərə kömək etməliyik və müharibə yoxmuş kimi “Ağ kitab”a qarşı mübarizə aparmalıyıq”. Nəticədə yəhudilərin əksəriyyəti, o cümlədən Haqana və İrqun silahlı təşkilatları britaniyalılara yardım edirdilər.
Lehi təşkilatı isə bununla həmrəy deyildi. Qurum heç nəyə baxmayaraq əsas düşmən kimi Almaniyanı yox, Britaniyanı görürdü. Onun emissarları hətta faşist İtaliyası və nasist Almaniyasının nümayəndələri ilə əlaqə yaratmağa uğursuz cəhd göstərdilər. Amma Lehi kiçik bir təşkilat idi, yəhudilər arasında ciddi nüfuza malik deyildi, tutuduğu mövqe onu bir az da nüfuzdan salırdı.
İkinci dünya müharibəsinin gedişində əsaslı dönüş yarandıqda və artıq nasistlərin qalib gəlmə ehtimalı qalmadıqda, İrqun da ingilislərə qarşı mübarizə aparmaq qərarına gəldi. Təşkilatın lideri, İsrailin gələcək baş naziri Menaxem Begin hesab edirdi ki, Avropa yəhudilərinin Fələstinə sərbəst gələ bilmələri üçün ingilislərin buradan getməsi lazımdır. Ən böyük silahlı yəhudi təşkilatı olan Haqana isə hələ də Britaniyaya qarşı loyal mövqe tuturdu.
İrqun və Lehinin iştirak etdiyi yəhudi üsyanı 1944-cü il fevralın 1-də başladı. Bu, bizim klassik mənada anladığımız üsyan deyil, qətllər və terror aktlarından ibarət taktika idi. Məsələn, fevralın 12-də Qüds, Tel-Əviv və Hayfada immiqrasiya idarələri partladıldı. Mütəmadi polis qətlləri baş verirdi. Martın 23-də İrqun 6, Lehi isə 2 polisi qətlə yetirdi. Analoji taktika sonrakı aylarda da davam etdi. Britaniya administrasiya buna mütəmadi axtarışlar və çoxsaylı həbslərlə cavab verdi.
Dövlətsiz yəhudilərin hökuməti kimi çıxış edən Yəhudi agentliyi və onun rəhbəri Ben-Qurion, eləcə də Haqana bu üsyana avantüra kimi baxır və pisləyirdilər. Agentlik əsasən passiv mövqe tuturdu, Haqana isə hərdən özünün kəşfiyyat məlumatlarını ingilislərlə bölüşür, İrqun və Lehiyə qarşı mübarizədə kömək edirdi.
Tarix: 9-10-2022, 07:56