ABŞ nüvə müharibəsi ilə bağlı “qaçılmaz” təhlükə olmadığını bildirir
Prezident Co Baydenin bu yaxınlarda nüvə fəlakəti mümkünlüyü haqqında xəbərdarlıq etməsinə baxmayaraq, ABŞ-da Rusiyanın Ukraynada nüvə silahının tətbiqi planlarına dəlalət edən kəşfiyyat məlumatları yoxdur, bu barədə cümə günü Vaşinqtonun nümayəndələri bildirib.“Biz Rusiyanın mütləq nüvə silahından istifadəyə hazırlaşmasının əlamətlərini görmürük”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin köməkçisi Vedant Patel gündəlik brifinqdə bildirib.
“Prezidentin şərhləri və bizim diqqətimiz bu məsələyə nə dərəcədə ciddi yanaşdığımızı göstərir”, deyə Patel Turan-ın suallarına cavabda bildirib.
Bayden cümə axşamı xəbərdarlıq edib ki, Ukraynada nüvə silahından məhdud “taktiki” istifadə qeyri-mümküdür və bu, nüvə vasitələrindən daha geniş istifadəyə gətirib çıxaracaq.
“Putinin ritorikası bizi qorxutmayacaq. Biz öz nüvə siyasətimizə düzəliş etmək üçün heç bir səbəb görmürük və onların ondan istifadə edəcəyinin heç bir əlamətini görmürük”, deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.
Kuba raket böhranı bizə nə isə öyrədibsə, o da “nüvə silahı ilə təhdid etməyin deyil, nüvə risklərini azaltmağın dəyəridir”, deyə Jan-Pyer qeyd edib.
Tarix: 9-10-2022, 08:11