İrəvanın 2023 əhvalı: Bakı və Ankaraya qarşı blok, Paşinyanı devirmək...


 
II Qaregin də Ermənistana, diaspora və “artsax”a ünvanladığı Yeni il müraciətində sülh müqaviləsinin imzalanmasına deyil, revanşizmə çağırış edib
2023-cü ildə sülh müqaviləsinin imzalanacağına ümid az olsa da, hər halda, Ermənistanın belə bir şansı, heç olmasa bu ili dəyərləndirmək şansı ola bilər. Amma Ermənistan mediasına nəzər yetirmək kifayətdir ki, ilin əvvəlindən belə bir əhvalın olmadığı qənaətinə gələsən. 
Yazıların təhlili göstərir ki, bu il Paşinyanın hakimiyyətə gəlməsinin beş ilinin tamam olması daha çox xatırlanacaq. Ermənistanda məxməri inqilab nəticəsində 2018-ci ildə hakimiyyətə gəlmiş Paşinyan dövrü ağır “Nikolizm” illəri kimi xarakterizə olunur. Paşinyan hakimiyyəti şər qüvvə kimi xarakterizə edilir və xalqa onun hakimiyyətinə qarşı daha fəal mübarizə aparmaq çağırışları edilir. Bəzi politoloqlar Paşinyanın 2023-də Ermənistana əsas təhlükə olacağını deməkdən çəkinmirlər. 
Bununla paralel olaraq Ermənistanın tez bir vaxtda Bakı və Ankaranın yaratmaq istədiyi “Turan bloku”na qarşı regional ittifaq yaratmasının vacibliyi vurğulanır. İranşünas politoloq Vardan Voskanyan belə bir “ittifaq” artıq tapıb. O  iddia edib ki, İranla hərbi-siyasi blok yaradılması Ermənistanın təhlükəsizliyini  ciddi şəkildə yüksəldə bilər. “İndi İranla belə uzaq və uzunmüddətli blok yaratmaq mümkündür. Ermənistan və İran bu bölgənin qədim sivilizasiya mərkəzləri olduğu üçün "Bir millət-iki dövlət" ideolojisinə  qarşı model də yarada bilər.  Bu, birlik - “iki millət, bir sivilizasiya”, “iki dövlət, bir sivilizasiya”, “iki din, bir sivilizasiya”, “iki dil, bir sivilizasiya” adlana bilər".
Qeyd edək ki, katolikos II Qaregin də Yeni il müraciətində Ermənistana, diaspora və “artsax”a ünvanladığı sözlərində sülh müqaviləsinin imzalanmasına deyil, revanşizmə çağırış edib: “Vətən hələ də təhlükəsizlik problemləri ilə üz-üzədir. Sərhədlərimiz, dinc yaşayış məntəqələrimiz düşmən gülləsi altındadır. Düşmən "artsax"ı blokadaya alıb, beynəlxalq hüquqa və humanitar normalara məhəl qoymadan Ermənistanın suveren ərazisinə girib. Əziz xalqım, faktiki bizim həqiqi dostlarımız yoxdur, milli strategiyamız, birləşmiş cəbhəmiz yoxdur ki, millətimizin dərdlərinə qarşı birgə duraq. Qalib “artsax” azad elədiyi torpaqlarının  çoxunu itirdi və indi cekzistensial problemlə üzləşib. Ermənistan da suverenliyini itirmək təhlükəsi ilə üz-üzədir. Mövcud ümidsiz vəziyyətdə biz yalnız öz gücümüzə güvənməliyik. Qurtuluşumuzun yeganə yolu budur, başqa çıxış yolumuz yox".
Bütün bunlar isə göstərir ki, 2023-də Ermənistan gərginlik, düşmənçiliyi alovlandırmaq əhvalındadır və hədəf həm də mümkün müqaviləni imzalaya biləcək  Nikol Paşinyandır.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ermənistanın asılı olduğu güclərin heç birinin sülh sazişini istəmədiyini qeyd etdi: “Bu gün Ermənistan istəsə belə Azərbaycanla sülh sazişi imzalaya bilməz. Çünki Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil. Bunun üçün ilk növbədə Rusiyanın razılığını əldə etməlidir. Həmçinin də Paşinyan Qərbin maliyyəsi ilə hakimiyyətə gəlib və daha çox "Soros uşağı" kimi tanınır. Mütləqdir ki, Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına görə ABŞ və Avropanın fikrini nəzərə almalıdır. Əvvəllər Ermənistan tək Rusiyadan asılı idi, indi isə Qərbdən də asılıdır. Ancaq çox təəssüf ki, nə Rusiya, nə də Qərb Azərbaycanla Ermənistan arasında barışın, sülh sazişinin imzalanmasını istəmir. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlsə də, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələndən sonra növbədənkənar parlament seçkiləri keçirdi və yenə də ermənilərin etimadını qazanaraq hakimiyyətdə qaldı. Çünki erməni xalqı 30 il hakimiyyətdə olan Köçəryan-Sərkisyan cütlüyünə səs vermədi. Bu şəxslər xalqa zülm etdiklərindən Paşinyan yenidən hakimiyyəti götürə bildi. Erməni xalqının yeganə yolu qonşuları ilə normal münasibətlərin qurulmasındadır. Rusiyanın və Qərbin əlində vasitə olmaqdan imtina etməkdədir. Əgər 2023-cü ildə Ermənistan bunu əldə edə bilsə, sülh sazişi imzalana bilər. İranla Ermənistanın bir blokda olmasına gəldikdə isə zatən İran Ermənistanla bir yerdədir. 30 ildir İran Ermənistana çox böyük hərbi, enerji, iqtisadi dəstək verir. Bu gün Ermənistana bəlkə də Rusiyadan çox adını müsəlman qoymuş İran molla rejimi yardım edir. Görünən odur ki, ermənilər "Dəmir yumruq"dan ciddi nəticə çıxarmayıblar. Yenə də onun-bunun diktəsi ilə danışırlar. Ancaq unutmamalıdırlar ki, revanşist qüvvələr erməni xalqını daha böyük məhrumiyyətlərlə üz-üzə qoyacaqlar. Çox böyük səhvə yol verirlər. Növbəti hərbi əməliyyatlarımız erməni xalqının genefondunu tamamilə məhv edəcək. Erməni ziyalıları bunu yaxşı-yaxşı fikirləşməlidir. Unutmamalıdırlar ki, Azərbaycan xalqı anındaca orduya çevrilə bilər və belə olan halda heç kim - nə fransızlar, nə farslar, nə də digərləri gəlib ermənilərin yerinə vuruşmayacaqlar. Sonda bir məqama diqqət edim ki, Azərbaycan Rusiya ilə danışıqlarını davam etdirməlidir. Əgər bu dövlətin maraqlarını təmin etmiş olsaq, sülh sazişi də olacaq..."

Siyasi analitik Asif Nərimanlı bu il daha çox hərbi gərginliyin ola biləcəyini ehtimal edir: “Bu il Azərbaycan-Ermənistan münasibətlərində sülh müqaviləsinin müzakirəsi fonunda gərginliyin ön planda olacağı daha çox müşahidə edilir. Beynəlxalq ekspertlərin də proqnozları bu yöndədir və mövcud vəziyyət də bunu deməyə əsas verir. Çünki Ermənistan 44 günlük müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və rəsmi açıqlamalar, o cümlədən İrəvanın izlədiyi siyasi xətt öhdəliklərindən maksimum yayınmağa çalışacaqlarını göstərir. Bu mənzərə fonunda hərbi gərginliyin olması istisna deyil. Hərbi gərginlik Paşinyan hakimiyyəti üçün sərfəlidir, bununla həm üçtərəfli razılaşmalardan yayına, həm də indiyə qədər aparılan danışıqlar prosesini sıfırlaya bilər. Eyni zamanda daxili təhlükələri də "xarici düşmən" obrazı ilə neytrallaşdıra bilər. Ermənistan müxalifəti il ərzində Paşinyana qarşı qüvvələrini maksimum yenidən cəmləşdirməyə, mübarizəni sərtləşdirməyə çalışacaqlar. Bu, hakimiyyətə riskləri artıracaq və buna qarşı Paşinyan hərbi eskalasiyanı daxili rəydə diqqət yayındırmaq üçün də seçə bilər".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov hesab edir ki, Paşinyan üçün bu il çox çətin olacaq: “Ermənistanda hazırda siyasi institutlar ciddi çaşqınlıq içərisindədir. Məsələ budur ki, bütün siyasi platformalar indi Ermənistanda ictimai çaşqınlıq və xaos girdabındadırlar. Ölkədə rasional qərarlar verəcək siyasi proseslərin lokomotivləri yoxdur. Xalq bərbadla ən pis arasında bərbad cütlüyü (Köçəryan-Sərkisyan) tarixin arxivinə atıb. Paşinyan isə hələ də bütün siyasi savadsızlıq və xalqdan uzaq qərarlara baxmayaraq dəstəklənir. Ermənistan xalqı Paşinyanı sevməsə də, ona alternativ tapa bilmir. Bəlkə də dünyanın indi ən qarışıq ölkəsi Ermənistandır ki, normal bir siyasi lider orada yoxdur. Eyni zamanda Ermənistandan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan xarici qüvvələr İrəvanı sabotajlara çəkir. Paşinyanın təlimat aldığı mərkəzlə müxalifətin təlimatlandığı bucaq fərqli nöqtələrdir. Rusiyaya bağlı arenalar 2023-cü ildə Paşinyana qarşı hücumları daha da kəskinləşdirəcək. Çünki Qərbin moderatorluğu ilə həyata keçiriləcək sülh planlaması rəsmi Moskvanın bölgədəki maraqlarını ehtiva etmir. Önümüzdəki il Paşinyanın sıxışdırılması baxımından əlamətdar olacaq, hadisələrin sonrakı gedişi diqqətlə izlənilməlidir”.
“Yeni Müsavat”
Tarix: 6-01-2023, 10:10
Xəbəri paylaş





Xəbər lenti