Azərbaycan müxalifəti 2023-cü ilə hazırlıq görür – Planları nədir?
Hər ilin əvvəli bütün sahələrdə olduğu kimi, siyasi arenada da qarşıya müəyyən hədəflər qoyulur. Dünya nizamının dəyişdiyi bir dövrdə ölkəmizin siyasi simalarının hansı planlar əsasında addımlar atacağı mühüm önəm kəsb edib. Xüsusən müxalif partiyaların 2023-cü ildəki hədəfləri ictimaiyyət üçün də maraqlıdır.Mövzu ilə bağlı
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri
Sərdar Cəlaloğlu bildirib ki, builki əsas planları Xankəndi və ətrafının Azərbaycanın tam nəzarətinə keçməsi prosesində fəaliyyəti gücləndirməkdir:
“Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda müəyyən işlər aparmaq və xalqın maarifləndirilməsini davam etdirmək də əsas planlar arasındadır. Ən vacibi isə mümkün qədər ölkədəki sosial neqativ hallara qarşı daha da ciddi mübarizəni təşkil etməkdir. Buna insan hüquqlarının pozulması, işsizlik və yoxsulluq da daxildir”.
AMİP sədri
Arzuxan Əlizadə deyib ki, birinci yerdə təşkilati məsələlər dayanır:
“Rayon və şəhər təşkilatları ilə əlaqələrin daha yaxşı qurulması, yeni partiya üzvlərinin qəbulu və digər cari məsələlər proqrama daxildir. 2023-cü il partiyada “Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi ili” elan olunub. Müxtəlif konfranslar, seminarlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təbii ki, Cənubi Azərbaycanda baş verən hadisələrin təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırılması və bu səpkidə prosesləri nəzərdə tutmuşuq. Eyni zamanda “Siyasi partiyalar haqqında” qanun parlamentdə 3-cü oxunuşdan keçib. Prezident İlham Əliyevin imzalaması gözlənilir. Son variant nə olacaqsa, ona uyğun olaraq partiyanın cari məsələlərinin həlli gözlənilir”.
AĞ Partiya sədri
Tural Abbaslı isə bildirib ki, planlara partiyanın gücləndirilməsi, üzvlərin sayının artırılması və bu kimi məsələlər daxildir:
“Eyni zamanda Azərbaycanın ictimai-siyasi həyatında rolunun gücləndirilməsi və artırılması, partiyanın təbliği istiqamətində də planlarımız var. Təbii ki, təşkilati məsələlər də öndə gəlir. Partiyanın bütün Azərbaycanı əhatə edə biləcək rayon təşkilatlarının, strukturlarının formalaşdırılması istiqamətində də işləyəcəyik. Həmçinin mümkün seçkilərlə bağlı ilkin addımları atacağıq. Yəni parlament və yaxud referendum seçkiləri ilə bağlı bəzi planlar qurulmalıdır. Bu il də elə addımların olması gözlənilir”.
Tarix: 6-01-2023, 22:09