Nümayəndələr Palatasının yeni spikerinin Azərbaycana münasibəti NECƏDİR?
Fəhlə ailəsində böyüdü, şirniyyat mağazasını satıb siyasətə qoşuldu və...
Xəbər verdiyimiz kimi, ABŞ Respublikaçılar Partiyasının konqresmeni Kevin MaKkarti Nümayəndələr Palatasının spikeri seçilib.
Musavat.com bildirir ki, Kaliforniya ştatının 20-ci bölgəsini təmsil edən konqresmen 15-ci səsvermə turundan sonra 418 səsdən 216-nı alaraq spiker olub.
Demokratların namizədi Hakeem Jeffries isə 212 səs toplayıb.
ABŞ Konqresinin aşağı palatasının 55-ci spikeri seçilən Kevin MaKkarti 26 yanvar 1965-ci ildə Kaliforniyada anadan olub. Atası yanğınsöndürən olan MaKkarti fəhlə ailəsində böyüyüb. O, Kaliforniya Dövlət Universitetində ali təhsilini başa vurduqdan sonra sıfırdan qurduğu şirniyyat mağazasını sataraq qazandığı pulla siyasətə qədəm qoyub və 2006-cı ildə ilk dəfə Konqresə seçilib.
Respublikaçılar Partiyasının üzvü olan amerikalı siyasətçi 2019-2023-cü illərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında Nümayəndələr Palatasında Azlıq Rəhbəri, ondan əvvəl - 2014-2019-cu illərdə isə spikerlər Con Beyner və Pol Rayanın rəhbərliyi altında Nümayəndələr Palatasında Əksəriyyət Lideri vəzifələrində çalışıb.
Qeyd edək ki, Kevin MaKkarti Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə nisbi neytrallığı ilə seçilir.
Yeni spiker ABŞ-dakı erməni icması arasında o qədər də məşhur deyil. Buna sübut olaraq ABŞ-dakı ermənilərin nüfuzlu təşkilatı olan Amerika Erməni Milli Komitəsinin saytında onun aşağı reytinqini göstərə bilərik.
Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi isə ermənipərəst mövqeyi ilə seçilirdi
Tarix: 7-01-2023, 17:25