AXCP kütləvi aclıq aksiyasına başlayır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının 8 nəfər üzvü həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqubluya dəstək olmaq məqsədiylə aclıq aksiyasına başlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Partiyanın sədri Əli Kərimli “Toplum TV”nin efirində deyib.
Onun sözlərinə görə, aksiyaya qoşulmaq istəyənlərin sayı çoxdur, amma yer probleminə görə hələlik cəmi 8 nəfər aclıq aksiyası keçirir. O bildirib ki, yer problemi aradan qalxan kimi kütləvi aksiyaya qoşulanların sayı artacaq.
Partiya sədri kütləvi aclıq aksiyası kampaniyası keçirmək barədə qərarın Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublunun çağırışından sonra verildiyini bildirib. Ə. Kərimli həmçinin vurğulayıb ki, çağırış eşidildiyinə görə, o özü şəxsən Maya xanımdan aclıq aksiyasını dayandırmağı xahiş edəcək.
Xatırladaq ki, Maya Yaqublu yanvarın 7-də həbsdə olan həyat yoldaşı Tofiq Yaqubluya dəstək məqsədiylə aclıq aksiyasına başladığını bildirib.
Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib.
Tarix: 10-01-2023, 11:24
Xəbəri paylaş





Xəbər lenti