QƏRB POST-PUTİN DÖNƏMİNƏ HAZIRLAŞIR - Rusiya parçalandıqdan sonra ABŞ və Avropa hansı planı işə salacaq?

QƏRB POST-PUTİN DÖNƏMİNƏ HAZIRLAŞIR - Rusiya parçalandıqdan sonra ABŞ və Avropa hansı planı işə salacaq?
1991-ci ildə SSRİ-nin süqutunun rəsmiləşməsi Rusiyanın sonunu gətirmədi, amma buna başlanğıc oldu. SSRİ 1991-ci ildən sonra formal olaraq dövlət qurumu kimi mövcudluğunu dayandırsa da, onun parçalanması bu günə qədər davam edir. İki çeçen müharibəsi, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı, 2014-cü ildə Krımın ilhaqı, Qırğızıstanla Tacikistan arasında davamlı sərhəd atışmaları və Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi post-sovet məkanının bir-birindən tam qopmasının fraqmentləri idi və növbədə isə Rusiyanın çöküşüdür.
Yəqin ki, gələcək tarixçilər bu prosesin hərəkətverici bir amili kimi 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya daxil olmasını göstərəcəklər. Ukraynada döyüşlərin nə vaxt bitəcəyi hələ məlum deyil. Çox güman ki, proses indiki formada getsə, bu, Rusiyanın dağılması demək olacaq. Şübhəsiz ki, Rusiya iqtisadiyyatına ciddi zərbə dəyib onun hərbi potensialı ərşə çəkiləcək, regional nüfuzu zəifləyəcək. On və ya iyirmi ildən sonra Rusiya sərhədləri indikindən fərqli olacaq. Rusiya Federasiyasının mümkün tarixə qovuşması fonunda Avrasiya məkanında yeni geosiyasi reallığa hazırlaşmağın vaxtı çatır.
Amma Rusiyanın hakimiyyət, hətta ondan bir az da aşağı təbəqəsinə baxsaq, onları ağuşuna almış şizofrenik səviyyədə şovinizmin cəngində olduğunu görə bilərik. Buna görə Rusiyanın sözün bütün mənalarında parçalanması baş vermədən imperiya ambisiyalarından qurtulmasını, normal demokratik ölkə olacağını gözləməyə dəyməz. Xüsusilə, bunu Qərbdə də istəməyənlər var - Qərb siyasətini, strateji hədəflərini müəyyən edən Henri Kissincer kimi.
Bu və başqa səbəblərdən Rusiyanın demokratik və azad iqtisadiyyat perspektivləri ilə bağlı realist olmaq gərəkdir. 1990-cı illər göstərdi ki, sovet İttifaqının hüquqi dağılması Rusiya cəmiyyətini avtomatik dəyişdirmədi. ABŞ və tərəfdaşları 1990-cı illərin acı dərslərini öyrənməli və Rusiya cəmiyyətini, iqtisadiyyatını və ya hökumətini Qərb tipli demokratiyaya çevirmək üçün resursları boş yerə sərf etməməli və Putin dönəmi sonrası hər şeyin öz-özünə düzələcəyinə ümid etməməlidirlər. Bu cəhdlər 1990-cı illərdə uğursuz oldu və çox güman ki, yenidən uğursuzluğa düçar olacaq. Bunun əvəzində siyasətçilər Rusiyanın demokratikləşməsində Qərbin təsirinin məhdudluğunu etiraf etməlidirlər.
Bəs, Qərb Rusiyanın xaotik şəkildə dağılmasında nədən çəkinir?
Rusiyanın nəzarətsiz şəkildə dağılmasından sonra ölkədə inqilab, yaxud vətəndaş müharibəsi baş verə bilər - istər milli, istərsə də regional səviyyədə. Rusiyanın hazırkı, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istənilən daxili çəkişmənin qarşısını almaq ABŞ və onun tərəfdaşları üçün əsas prioritetidir.
Rusiyanın kütləvi qırğın arsenallarına nəzarət də olduqca vacib amildir. Burada Rusiyanın kütləvi qirğın silahlarından kotrollu formada məhrum edilməsi xüsusilə diqqət mərkəzində olmalıdır. Bəlli olduğu kimi, Rusiyanın 6000-ə yaxın nüvə başlığı var və onun əsas kimyəvi və bioloji silah proqramı olduğu bilinir. Bu silahlara nəzarət dünya birliyinin maraqlarına cavab verir.
Avro-Atlantik inteqrasiyanı genişləndirmək və ikitərəfli münasibətləri dərinləşdirməklə Avropanın periferiyasında sabitliyin yayılması da mühüm əhəmiyyət kəsb edir. Rusiya Federasiyası dağılanda NATO və Avropa Birliyi Moskvanın zəifliyindən istifadə etməli və "Böyük Partlayış" nəticəsində qopan ölkələri öz orbitlərinə daxil etməlidirlər. NATO və ya Aİ-yə üzvlük məqsədəuyğun görünmədikdə, ABŞ ikitərəfli və ya çoxtərəfli əsasda, xüsusən də GUAM və ya Türk Dövlətləri Təşkilatı kimi regional qruplar vasitəsilə əlaqələri gücləndirməlidir.
İddia oluna bilər ki, Rusiyanın çöküşü ABŞ-ın Avropada güclü hərbi mövcudluğuna ehtiyacı aradan qaldıracaq. Amma Putindən sonra Rusiyanın necə olacağını heç kim bilmir. Buna görə də, ABŞ və tərəfdaşları Rusiyanı zəiflətmək, təcrid etmək və cilovlamaq, hətta lazım gələrsə, yaxın gələcəkdə onu məğlub etmək, əl-qolunu bağlamaq üçün hər addımı atmalıdır.
Rusiya Federasiyasının süqutu, istər de-fakto, istər de-yure, ölkəni geosiyasi baxımdan məhv edə bilər. Bu sonrakı bölgü çətin ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra 15 yeni dövlətin yaranması kimi birbaşa və ya “sakit” proses olacaq. Siyasətçilər nəzərə almalıdır ki, Rusiyanın gələcək parçalanması, məsələn, 1991-ci ildəki Estoniyadan daha çox 1994-cü ildəki Çeçenistana bənzəyəcək.
Üstəlik, bu halda Rusiyanın bəzi bölgələrində çoxlu işsiz müharibə veteranı olacaq. Ukraynadakı rus əsgərlərinin əhəmiyyətli bir hissəsi Rusiya Federasiyasının bir neçə bölgəsindən gəlir. Etnik azlıqlardan olan minlərlə gənc Ukraynada döyüş təcrübəsi qazanacaq və iqtisadi və sosial gələcəyi zəif olan öz regionuna qayıdacaq. Bu bölgələrin çoxunun müstəqillik və ya üsyan tarixi var. Bu, daxili qarşıdurmaların ehtimalını artıracaq. Çin və Türkiyə Avrasiyadakı güc boşluğunu doldurmağa çalışacaq. Çin və Türkiyə Moskvanın ənənəvi olaraq böyük təsirə malik olduğu Mərkəzi Asiya və Qafqazda nüfuz uğrunda yarışacaq. Uzaq Şərqdə də rəqabət güclənə bilər.
Buna paralel olaraq, özəl silahlı qruplar çoxalacaq. Məsələn, muzdlu ordu "Vaqner" kimi. Rusiya dövləti dağılanda "muzdlu ordular”ın, yaxud milli silahlı dəstələrin sayı arta bilər. Bu qruplar və onların liderləri Putindən sonrakı Rusiyada, xüsusən də Ukraynadakı münaqişənin on minlərlə veteranı ilə güclü oyunçulara çevriləcəklər. Putini Tomas Cefferson əvəzləməyəcək. Prezident Putinin birbaşa varisi də analoji millətçi-şovinist və avtokrat-diktator olacaq. Qərb siyasətçilərinin qonşuları ilə sülh və daxildə islahatlar istəyən “mötədil” Rusiya liderinə ümidləri yoxdur.
Rusiyanın Ukraynada nə qədər ciddi məğlubiyyətə uğramasından, iqtisadiyyatının və hərbi qüvvələrinin deqradasiyasından asılı olmayaraq, Moskva Şərqi Avropadakı imperiya yollarından heç vaxt əl çəkməyəcək. Yenidən silahlanma və yenidənqurma bir neçə onilliklər çəksə belə, Moskva qonşuları üçün təhlükə yaradacaq. “Putin üçün məğlubiyyət seçim deyil. O, Rusiyanın tərkibində elan etdiyi dörd şərq bölgəsini Ukraynaya verə bilməz. Əgər o, bu il hərbi uğur qazana bilməsə, gələcəkdə hücumun bərpası üçün tramplin olacaq Ukraynanın şərqində və cənubundakı mövqelərə nəzarəti saxlamalıdır", - deyə sabiq ABŞ rəsmisi Kondoliza Rays və Pentaqonun sabiq rəhbəri Robert Geyts "The Washington Post"a birgə məqalələrində yazırlar. Onların fikrincə, Rusiya hakimiyyəti yeni bölgələrdən Ukraynanın Qara dəniz sahillərinin qalan hissəsinə nəzarəti bərqərar etmək və daha da Qərbə doğru irəliləmək üçün istifadə edəcək. Rays və Qeyts qeyd edirlər ki, onlar Putinlə dəfələrlə ünsiyyətdə olublar, ona görə də Putinin Ukraynanın bütün ərazisinə nəzarəti ələ keçirmək cəhdlərinə əmindirlər, əgər bu alınmasa Putin Ukraynanı həyat qabiliyyətindən məhrum dövlətə çevirməyə çalışacaq.
ABŞ və NATO öz strategiyasını bu əsas üzərində qurmalıdır:
1. Rusiyada eşidilən müstəqillik və öz müqəddəratını təyinetmə çağırışlarını dəstəkləmək üçün ABŞ nə etməlidir? Rusiya Federasiyası 83 subyektdən ibarətdir. Onların bir çoxunda ölkənin slavyan əhalisindən fərqli ortaq mədəniyyətə, tarixə və dilə malik xalqlar yaşayır. Bu qurumların bəzilərində artıq az-çox müstəqillik hərəkatı var. Rusiyanın dağılmasından sonra siyasətçilər bəzilərinin bunu elan edəcəyini gözləməlidirlər. ABŞ öz müqəddəratını təyinetmə ilə bağlı bu çağırışlara cavab verməlidir və beynəlxalq hüquqa uyğun olaraq tərəfdaşlarla işləməlidir.
2. ABŞ və onun tərəfdaşları Rusiya Federasiyasının dağılmasından sonra daxili silahlı münaqişənin yayılmasının qarşısını necə ala bilər? Rusiyanın dağılması, şübhəsiz ki, müxtəlif güc mərkəzləri arasında daxili mübarizəyə səbəb olacaq. Düşmənçilik və münaqişələrin Rusiyanın indiki sərhədlərinə sıçramaması və qonşu ölkələrə toxunmaması ABŞ-ın maraqlarına uyğundur. Beləliklə, ABŞ və tərəfdaşları Avrasiya məkanında ikitərəfli əməkdaşlığı genişləndirməli və hərbi potensialı, sərhəd təhlükəsizliyini, hüquq-mühafizə orqanlarını və təhlükəsizlik sektorunu gücləndirməlidirlər.
3. ABŞ və onun tərəfdaşları Rusiyanın kütləvi qırğın silahları ehtiyatlarını qorumaq üçün nə etməlidir? Rusiyanın nüvə başlıqları kimyəvi və bioloji silah proqramları ilə birlikdə qlobal sabitliyə təhlükə yaradır. Bu məsələ bütün dünya ictimaiyyətinin diqqətində olmalıdır. ABŞ bu gün onu həll etmək üçün səylərə necə rəhbərlik edəcəyi barədə düşünməyə başlamalıdır.
4. NATO və Aİ Moskvanın zəifliyindən istifadə edib “Böyük Partlayış”a  iddiaçı ölkələrin hesabına böyük ekspansiyaya start verməlidirmi? Avropada ya Avropa Birliyinə, ya NATO-ya, ya da hər iki təşkilata birdən daxil olmaq istəyən bir neçə ölkə qalıb. Gürcüstan və Ukrayna kimi ölkələr üçün Rusiyanın təzyiqi böyük maneəyə çevrilib. Əgər Rusiya dağılarsa, Aİ və NATO bəzi ölkələr üçün sürətləndirilmiş üzvlük haqqında düşünməlidir.
5. ABŞ və onun tərəfdaşları Rusiyanın işğalı altında olan və azad ediləcək rayonların bərpası üçün iqtisadi yardımı necə əlaqələndirə bilər? Rusiyanın dağılması nəinki Rusiyanın tərkibindəki müəyyən bölgələrdə müstəqillik çağırışları ilə nəticələnəcək, həm də onun hüdudlarından kənarda işğal olunmuş ərazilər - Moldovada Dnestryanı, Abxaziya və Gürcüstanda Sxinval (Cənubi Osetiya), Krım və Ukraynanın digər bölgələri azad ediləcək. Vaşinqton bu ABŞ tərəfdaşlarına beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına kömək etmək üçün unikal imkan əldə edəcək. Bu nə qədər tez və səmərəli həyata keçirilsə, vəziyyət bir o qədər sabitləşəcək.
6. Rusiya və onun qonşuları arasında mövcud sərhəd mübahisələrini həll etmək məqsədilə beynəlxalq və ya regional səyləri yönləndirmək üçün ABŞ nə etməlidir? Bunlara faktiki Estoniya-Rusiya sərhədi, Şimal ərazilərinin (Cənubi Kuril adaları) statusu və Kareliya məsələsi daxildir. Minlərlə kilometr uzaqlıqdakı Qərb siyasətçiləri üçün bu məsələlər kiçik görünə bilər, lakin onların hər birinin regional əhatə dairəsi və qlobal təsirləri ola bilər.
7. ABŞ və onun tərəfdaşları Rusiyanın Suriya, Liviya və Afrikanın cənubundakı ərazilər kimi dünyanın digər yerlərində təsirini azaltmaq üçün nə edə bilər? Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı üzündən Moskvanın dünyanın bəzi bölgələrində təsiri artıq azalıb. Əgər Rusiya dağılacaqsa, bu, Kremlin peyklərinə və onun Yaxın Şərqdəki, Afrikadakı marionet qüvvələrinə təsir edəcək. ABŞ indi tərəfdaşlarla birgə Rusiyanın təsirinin əksinə, azaldığı regionlarda Ruisyanın təsirini sıfıra endirmək barədə strategiya hazırlamalıdır.
Tarix: 10-01-2023, 12:28
Xəbəri paylaş





Xəbər lenti