Tehranın Bakıya şərti, Qafarovanın sillə kimi cavabı-Turan Rzayev
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir. Səfərin dəqiq tarixi hələlik məlum olmasa da İran parlamentinin sədrinin ölkəmizə səfər edəcəyi bəlli idi. Mümkündür ki, Qalibaf Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində həmkarı Sahibə Qafarova ilə görüşündən sonra belə bir qərara gəlib. Təsadüfi deyil ki, Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışarkən deyib ki, “son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”. İranın narahatlığı Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası bir çox baxımdan diqqət çəkdi. Xüsusilə də sessiya çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdə dedikləri və Qafarovanın verdiyi cavab önəmlildi: “Bu gün iki ölkə münasibətləri inkişaf etdirməyə və dərinləşdirməyə çalışır və əminəm ki, iki ölkənin rəsmiləri münasibətləri inkişaf etdirmək üçün çox istəklidirlər”. “Bizim regional və qlobal arenada bir-birimizlə yaxşı münasibətlərimiz ola bilər və region ölkələri nə qədər yaxın olarsa, region üçün bir o qədər yaxşıdır və qeyri-regional ölkələr bu sahəyə müdaxilə etməməlidir”, – Qalibaf vurğulayıb. Qalibafın bu sözləri prinsip etibarilə İranın Azərbaycan ilə bağlı narahat olduğunu göstərir. Mövcud İran-Azərbaycan gərginliyi davam edir və bu gərginlikdən ən yaxşı İsrail istifadə edir. Rəsmi Tehranın əksinə Təl-Əvivin təmasları artırması, Bakıya həmrəylik nümayiş etdirməsi Azərbaycanın İsraildə səfirlik açma qərarı ilə nəticələndi. Bundan başqa Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbindən geri addım atmaması, İrandakı etiraz aksiyalarına Prezident səviyyəsində reaksiya verməsi və s. məsələlər İranın narahatlığını daha da artırır. Məsələ ondadır ki, İran hər nə qədər Ermənistanla Azərbaycan əleyhinə əməkdaşlıq edib Bakını hər vəchlə təhdid etsə də realda bir o qədər də asılıdır. Xüsusilə bu asılılıq özünü Rusiya-İran və Türkiyə-İran münasibətlərində daha qabarıq şəkildə göstərir. Tehranın Bakıya şərti, Qafarovanın sillə kimi cavabı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözləri hər nə qədər rəsmi Tehranın Bakıya qarşı ritorikasını yumşaltdığı təəssüratı bağışlasa da dəyişən heç nə yoxdur. Məsələ ondadır ki, İran bu gün Azərbaycanla münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə ilk növbədə “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “İsrail ilə əməkdaşlıq etməyin”, “qeyri-regional ölkələrin bölgəyə qarışmasına imkan verməyin” fikirlərini səsləndirməkdən əl çəkməlidir. Bundan başqa, İran kanallarının Azərbaycan əleyhinə açıqlamaları, SEPAH-a bağlı saytların da təxribatçı görüntüləri paylaşmağı dayandırmalıdır. Lakin biz görürük ki, Qalibaf Qafarova ilə görüşdə bildirib ki, “Biz Qafqaz regionunda sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik” və əlavə edib ki, Tehran “Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyə malikdir və biz ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq”. Qalibafın bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, İran nə “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, nə də digər tələblərindən əl çəkməyib, sadəcə mövcud gərginliyin iqtisadi maraqlara zərbə vurmasından ehtiyat edir. Elə buna görə də xanım Sahiba Qafarova Qalibafa sillə kimi “biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır” deyərək layiqli cavab verdi. Qalibafın səfəri baş tutacaq? Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər etməkdə qərarlı olsa da bunun baş tutub-tutmayacağı sual atındadır. Məsələ ondadır ki, ötən ilin noyabr ayında Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri planlaşdırılsa da bu səfər təxirə salınmışdı. İranın Azərbaycana qarşı təxribatları davamlı hal alması səbəbindən Qalibafın səfəri təxirə salındı. İran təxribatlara davam etsə Qalibafın bu səfəri də baş tutmayacaq. Lakin Tehranın narahatlığını nəzərə alaraq demək olar ki, molla rejimi bir müddət ritorikasını səngidəcək və Qalibafın səfəri baş tutacaq”.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 10-01-2023, 16:55