Paşinyanın Rusiya açıqlamalarının PƏRDƏARXASI – Regionda nə dəyişir?
Yanvarın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan iki ildən artıq müddətdən sonra ilk dəfə jurnalistlərə canlı müsahibə verib. Ermənistan lideri regional proseslər, xüsusilə də, ölkəsinin Rusiya, Azərbaycan və Türkiyə ilə münasibətlərinin bu günü və gələcəyi ilə bağlı bir sıra fikirlər səsləndirib.
Əvvəla onu qeyd edək ki, Paşinyanın açıqlamalarındakı rabitəsizlik və ikibaşlı fikirlər onun əsl məqsədinin nə olduğunu aydın şəkildə ortaya qoymağa imkan vermir.
Lakin iki məsələdə Nikol mövqeyini daha aydın şəkildə büruzə verdi.
1. Ermənistan Qarabağla bağlı məsuliyyəti tamamilə üzərindən atır; 2. Baş verənlərin əsas müqəssiri və cavabdehi Rusiyadır.
Paşinyan Qarabağdan üz çevirir
Məsələn, jurnalistlərin Laçın yolundakı aksiya ilə bağlı sualına cavab olaraq, Paşinyan bildirdi ki, hərəkəti təmin etmək Rusiya sülhməramlılarının məsuliyyətidir. Eyni zamanda Ermənistan Baş naziri ölkəsinin Qarabağla bağlı hər hansı iddiasının olmadığını və bu ərazilərin Azərbaycanın suveren tərkib hissəsi kimi tanıdığını bir daha vurğuladı.
Nikol hətta bir qədər də irəli gedərək, dedi ki, Ermənistan Qarabağın taleyini həll etmək iddiasında deyil:
“Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələsində Moskvanın mövqeyi və Rusiya sülhməramlılarının işi önəmlidir”.
Qeyd olunan açıqlamalardan da göründüyü kimi, Paşinyan Qarabağ məsələsində özünü geriyə çəkmələ Rusiyanı qabağa verməyə, bütün məsuliyyəti sülhməramlıların üzərinə atmağa meyil edir. Nikolun bu cür davranışının bir neçə səbəbi ola bilər:
- Azərbaycan-Ermənistan mümkün sülh müqaviləsində Qarabağ mövzusunu diqqətdən kənarda saxlamaq.
- Azərbaycanın Ermənistana qarşı haqlı tələblərini (Xankəndinə qeyri-leqal yüklərin göndərilməsi, Qarabağda qalmış Ermənistan ordu bölmələrinin bölgədən çıxarılması və s.) yerinə yetirməmək üçün rəsmi Bakının Moskva ilə üz-üzə qoyulması.
Rusiya Ermənistanı qorumalıdır, KTMT isə...
Paşinyan Qarabağ məsələsindən fərqli olaraq, Ermənistanla bağlı mövzularda Rusiyaya qarşı daha ehtiyatlı ritorika seçib. O öz dili ilə də etiraf edib ki, Rusiya ilə ultimatum dilində danışmaq olmaz.
Lakin bu da Nikolun KTMT mövzusunda iradlar səsləndirməsinə mane olmayıb. Belə ki, Ermənistan lideri KTMT-nin ölkəsində təlimlər keçirməsinin lazımsız olduğunu bildirib. Digər tərəfdən, Paşinyanın Rusiyanı Ermənistanın təhlükəsizliyinin təminatçısı adlandırmağı da unutmayıb.