Bir müddətdir ki, Azərbaycanda yeni idarəetmə modelinə keçiləcəyi və rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə səslənən ehtimallar və proqnozları Prezident İlham Əliyev təsdiqləyib.Siam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün yerli televiziyalara müsahibəsində deyib.
Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi:
“İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”.
İşğaldan azad edilmiş torpaqlarda Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Belə ki, Prezidentin Qarabağ (Şuşa istisna olmaqla) və Şərqi Zəngəzura aid rayonlarda xüsusi nümayəndələri var. Bu praktika daha sonra Naxçıvan Muxtar Respublikasına tətbiq edildi və ilk dəfə olaraq Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi.
Beləliklə, Azərbaycanın idarəetmə modelində tədrici dəyişiklik gedəcəyi və rayon icra hakimiyyəti institutunun iqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəlik institutuna transfer olunacağı gözlənilir.
Azərbaycanda 14 iqtisadi rayonun olduğunu nəzərə alsaq, onda onlarla rayonun idarəetməsinin 14 iqtisadi rayonda birləşdirilməsi və beləliklə, iderəetmə strukturunun çevikləşməsi gündəmdədir. Bu struktur inzibati aparatın ixtisarı ilə bürokratiyanın aradan qaldırılmasına, eyni zamanda büdcə yükünün azaldılmasına ciddi töhfə verə bilər.
Xatırladaq ki, icra hakimiyyətləri sovet idarəetmə sistemində rayon partiya komitələrinin adı dəyişən şəklidir. MDB ölkələrinin əksəriyyətində bu modeldən imtina edilib, hətta Ermənistan ərazi baxımından Azərbaycandan qat-qat kiçik olmasına baxmayaraq, quberniyalar modelindən istifadə edir.
Prezidentin də qeyd etdiyi kimi, bu modelə keçid tədricən aparılır və Qarabağda sınaqdan keçirilir. Əsas diqqət isə tamamilə yeni modelin tətbiqidir.
Prezidentin anonsundan onu anlamaq mümkündür ki, yeni model MDB ölkələrində tətbiq edilən formalara bənzəməyəcək. Prezident burada da “Azərbaycan modeli” formalaşdırmağı hədəfləyib – eynilə ASAN Xidmət kimi.
Əsas məqamın isə kadrlarla bağlı olmasını Prezidentin bildirməsi xüsusi haldır.
Prezident bu strukturlara korrupsiyadan kənar, yeni təfəkkürlü kadrların gəlməsində maraqlı olduğuna eyham vurdu. Bu isə o deməkdir ki, Prezident yeni modeldə gənclərə üstünlük vermək niyyətindədir.
Sadəcə, gənclərin təcrübəsizliyi faktını da unutmaq olmaz və bəzi rayonlara rəhbər təyin edilən gənclərin təcrübəsizlikdən doğan yanlışlıqları, hətta töhmət almaları faktı da məlumdur. Demək, təcrübə ilə yeni təfəkkür birləşdirilməlidir.
Bu isə kifayət qədər zaman alır.(axar.az)
Tarix: 11-01-2023, 20:40