Rayon icra başçıları YOLA SALINIR... - ƏVƏZİNDƏ İSƏ...

Rayon icra başçıları YOLA SALINIR...
Azərbaycan Konstitusiyasına əsasən, Milli Məclisdəki deputat yerlərinin sayı 125 nəfərdir. Bir neçə ildir ki, müxtəlif səviyyələrdə deputat yerlərinin sayının artırılması təklifləri səslənsə də, bu, reallaşmamış qalır. Öncəliklə, ali qanunverici orqandakı deputat sayının artırılması məsələsi referendumla həll edilməlidir. Konstitusiya mətninə və məzmununa hər hansı dəyişiklik referendumun predmetidir. Yəqin ki, gec-tez Azərbaycanda referendum keçiriləcək, çünki regiondakı reallıqlar fonunda idarəetmədə daha təkmil qaydaların tətbiq edilməsi vacibdir.
SİAM.AZ-ın məlumatına görə, siyasi şərhçi, jurnalist Aqşin Kərimov "Şərq"ə bildirib ki, Azərbaycan hökuməti islahatlar paketinin bütün səhifələrini çevirməyib, tədrici olaraq bəzi addımlar atılır. Ancaq ekspert deyib ki, idarəetmədəki qüsurları göstərən vətəndaş şikayətləri mövcuddur, xüsusilə yerli icra hakimiyyəti başçılarından giley-güzarlar var: "Prezident İlham Əliyev Vətən müharibəsindən sonrakı reallıqların çağırışlarına cavab olaraq işğaldan azad edilmiş ərazilərdə və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəliyi institutunu yaratdı. Praktika öz effektini tam gücü ilə versə, yəqin ki, digər regionlar üzrə də xüsusi nümayəndəliklər yaradılacaq. Hesablamaq çətin deyil ki, idarəetmədəki bu yeniliklər gələcəkdə icra başçısı institutunun ləğvinə doğru başlanan prosesdir. Çünki xüsusi nümayəndəliklər idarəetmədə paralel strukturun olub-olmaması barədə hüquqi kazus yaradır. İstənilən halda, xüsusi nümayəndəliklər etibarı və nüfuzu zədələnmiş icra başçılarının ovqatını təlx edə bilər, çünki onların öz vəzifələri ilə vidalaşmaları mümkündür. Ancaq qeyd etmək lazımdır ki, icra başçısı postlarının aradan qaldırılması da Konstitusiya dəyişikliyi, yəni referendumla mümkündür. Yerlərdəki problemlər və vətəndaşların aurasındakı narazılıq əlamətlərinin sezilməsi Milli Məclisi də daha aktiv işləməyə vadar edir. Deputatlar daha aktiv seçici qəbulları keçirmək vəzifəsi ilə yüklənirlər. Yerlərdə vətəndaşların problemləri öz həllini tapmayanda onlar parlamentdən imdad istəyirlər. Hansı deputat işinin öhdəsindən gəlir, hansı vətəndaşların müraciətlərinə laqeyd yanaşır, bu, başqa mövzudur".
A.Kərimov bildirib ki, parlamentdəki 125 deputat yerinin təsbiti o zaman müəyyən edilmişdi ki, həmin vaxtlar Azərbaycanda əhali sayı indiki qədər çox deyildi: "İndi isə əhali artır, sıxlıq çoxalır və deputatların sayı həmin rəqəmlər qarşısında adekvat görünmür. Bu baxımdan deputat yerlərinin sayının əhali sayına mütənasib şəkildə artırılması məsələsi, bəlkə də, hakimiyyət kuluarlarının müzakirə predmetidir. Lakin regiondakı təhlükələrin miqyası və Azərbaycana qarşı təhdid həcmlərinin genişlənməsi ölkədə vaxtından əvvəl seçkili prosesin keçirilməsini labüd etmir.
Təhdidlərin miqyası kiçildikcə, idarəetmədə yeniliklərin tədrici nişanələri görünə bilər. Hətta Azərbaycanda Türkiyədəki valiliklər kimi regional idarəetmə modeli də yaradılması baş tuta və bələdiyyələrin səlahiyyətləri artırıla bilər. Bu məsələlərdə yeganə əsas sual zamanla əlaqəlidir".
Tarix: 14-01-2023, 09:34
Xəbəri paylaş





Xəbər lenti