Xəbər verildiyi kimi Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır. Hətta yoxlamalar zamanı qurumun özündə və strukturlarında bir sıra nöqsanların aşkarlandığı bildirilir.
İcra başçısı Süleyman Mikayılovun isə yanvarın əvvəlindən işə çıxmadığı, səhhəti ilə bağlı məzuniyyətə göndərildiyi və yaxın vaxtlarda vəzifəsindən azad olunacağı iddia olunur.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Bizim.Media-ya açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib.
Onun sözlərinə görə qurumda yoxlama deyil, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi monitorinqlər aparılır:
“İcra hakimiyyətində kənar şəxslər yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti arada bir monitorinq keçirir ki, bu da daimi olan bir məsələdir. Yoxlama olanda əməkdaşların xəbəri olur”.
Munis Bayramov Qaradağ rayon icra başçısının yanvarın əvvəlindən işə çıxmaması məsələsinə də aydınlıq gətirib:
“Başçı məzuniyyətdə idi. Amma işə gəlib gedirdi. Bu gündən isə iş başındadır. O yalan məlumatdır ki, işə çıxmır. Kimlərsə məlumatın fərqinə varmadan sosial şəbəkələrdə yayır. Amma reallıq başqadır”, - deyə qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, icra başçısı ilə yanaşı həm də Boks Federasiyasının vitse prezidenti olan Süleyman Mikayılovun adı uzun illərdir ki, qalmaqallarda hallanır. Mətbuatda gedən iddialara görə rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb.
Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonun mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir.
Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib.
Başqa bir məlumata görə Süleyman Mikayılov 2014-cü ildə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi” tikdirib.
Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki bu da sakinlərin narazılığına səbəb olur.
Digər iddialara görə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov həm də karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 200 min manata yaxın pul yığır.
Başqa bir məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçsının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.
Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.
Bu səbəbdən çalışdığı qurumda yoxlamalar başlayıb. Bir sözlə 13 ildir Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun da sonu görünür. Xatırladaq ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb.