Baş yazardan haqlı tənqid: - “Rusiya media bazarında yoxuq”
"Rusiya və mətbuatının Azərbaycana münasibəti artıq bəllidir". SİAM.AZ bildirir ki, bunu "Sherg.az"a "Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. Onun qənaətincə, şimal qonşumuzun ölkəmizə göstərdiyi davranışa 44 günlük Vətən müharibəsi zamanı da şahidlik etdik: "Eyni zamanda elə Birinci Qarabağ savaşında da rusların ermənilərə göstərdiyi dəstək ortada idi. Rəsmi Moskva hər zaman Ermənistanın yanında olub. Erməniləri Qafqaza gətirən, bu bölgədə problemin yaranmasına səbəb olan da elə Rusiyanın özüdür. Bu mənada onların düşmən ölkəyə ruporluq etmələri və erməni "ekspertlər”inin Azərbaycana qarşı bu kimi ittihamlar səsləndirməsinə şərait yaratmaları təəccüblü deyil.
Bir məsələ də var. Rəhmətlik jurnalist Orxan Camal Bakıya gələndə qonağımız olmuşdu, O, maraqlı bir statistikanı bizimlə bölüşmüşdü. Deyirdi ki, bu gün Rusiyada, onun mediasında rəhbər vəzifədə işləyən onlarla erməni jurnalist var. Biri "Sputnik"in baş redaktoru, erməni əsilli Marqarita Simonyandır. Bir çox erməni jurnalist, ictimai xadim var ki, Rusiyanın media siyasətinə ciddi təsir göstərə bilirlər. Orada rusdan daha çox erməni maraqlarını təbliğ edirlər. Bəs bizim kimimiz var?! Bu istiqamətdə düşünsək, yaxşı olar. Hazırda Türkiyə mətbuatı dünyaya açılan pəncərəmizdir.
Eyni zamanda Rusiya KİV-i çox ciddi bir media bazarıdır. Amma orada yoxuq. Təəssüf ki, Rusiya mediasındakı azərbaycanlıların da bir çoxu ruslaşırlar. Yəni erməniləşmə prosesi getmir, amma Azərbaycan mediasından azsaylı nümayəndənin oraya transferi ölkəmizə fayda vermir. Kölgələri ancaq öz üzərlərinə düşür. Bu yöndə fəaliyyət göstərmək daha arzuolunandır. Rusların mövqeyini tənqid etmək, "yıxıb, sürümək" çox asandır. Lakin biz həmin mediaya necə nüfuz edəcəyimiz barədə düşünməliyik".
Qeyd edək ki, Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Kto protiv” siyasi tok-şousunda Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirilib. Canlı yayımda çıxış edən erməni əsilli ekspert Araik Stepanyan iddia edib ki, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərib və bununla da onlardan xilas olmağa çalışıb.