ABŞ Türkiyə qarşısında Rusiya aviaşirkətləri ilə bağlı tələb qoyub
Co Bayden, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin
ABŞ hakimiyyəti Rusiya aviaşirkətlərinin Amerika istehsallı təyyarələrlə bu ölkəyə daxil olub-olmamasının qadağası üçün Türkiyəyə təsir göstərməyə çalışır. Birləşmiş Ştatlar mediası bununla bağlı material hazırlayıb. Bu məsələ Vaşinqtonu çox narahat edir. Çünki Rusiya belə vasitələrlə sanksiyalardan yayınmağa, iqtisadi fəallığı saxlamağa nail olur.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın yüksək rütbəli rəsmiləri Türkiyə qurumlarının sanksiyaların prinsiplərinə əməl etmədiyini düşünür. Hələ keçən ilin dekabrında bununla bağlı rəsmi Ankaraya xəbərdarlıq edilmişdi. Burada hələ də Rusiya və Belarus aviaşirkətlərinin ABŞ istehsallı təyyarələrlə reysləri həyata keçirməsi faktı qeydə alınır. Vaşinqton bununla heç cür barışmaq istəmir. ABŞ əks halda cərimə və ixrac imtiyazlarının itirilmə ehtimalından danışır.
ABŞ mediası yazır ki, dekabrda ölkənin ticarət nazirinin köməkçisi Teya Rozman Kendler Türkiyəyə səfəri zamanı yerli məmurlara narazılığı çatdırıb. Onda burada baş verənlərin mümkün fəsadları ilə bağlı xəbərdarlıq olunub.
Amerikalı jurnalistlər qeyd edir ki, Türkiyəyə xəbərdarlıq ABŞ və müttəfiqlərinin Rusiyanı təcrid etmək üçün uzunmüddətli strategiyasının əsas sınağıdır. Strategiya həm də ondan ibarətdir ki, görək Moskva Qərbdən kənar üçüncü ölkələrin köməyi ilə iqtisadi fəaliyyətə davam etmək üçün necə hər hansı yol tapa bilir.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra ABŞ və müttəfiqləri federasiyaya qarşı müxtəlif xarakterli sanksiyalar tətbiq edib. Ölkəni yüzlərlə şirkət tərk edib, buradakı filiallar fəaliyyətini dayandırıb. Rusiyalıların Qərb dövlətlərinə viza alması proseduru çətinləşdirilib. “Urals” markalı neftin satışına maksimal hədd qoyulub. Rusiya nefti çox ucuz satılır. Bütün bunlarla yanaşı, aviasiya sənayesində sanksiyalar tətbiq olunub. ABŞ-da istehsal olunan və ya hissələrinin 25 faizindən çoxu burada hazırlanan təyyarələr Rusiya və Belarusa uçmaq üçün lisenziya almalıdırlar. Vaşinqton məhz Türkiyənin sanksiya prinsiplərini pozmasına əmindir.
Tarix: 27-01-2023, 10:50