İran dünyada azsaylı ölkələrdəndir ki, harda işğalçı, şər qüvvə var onun yanındadır. Uzun müddətdir işğalçı Ermənistanı dəstəkləyərək, torpaqlarımızın işğalda qalmasına dəstək verib. Yaxın şərq regionunda baş verən qanlı toqquşmaların iştirakçısı, terror qruplarının təşkilatçısı və ya maliyyə dəstəkçisi də məhz İrandır. Rusiya Ukrayna müharibəsində bütün dünyanın nifrətlə lənətlədiyi Rusiyanın yanında dayanaraq, yüzlərlə dinc ukraynalının öldürülməsində silahları ilə iştirak edən də İrandır.
Bütün bunlar azmış kimi, İran rejimi daxildə də xalqa divan tutur. Etiraz olaraq İran cəmiyyəti də rejimə qarşı qıyam, üsyan edir. Xalqın ən fundamental sosial, mədəni, yaşayış hüquqları rejim tərəfindən kobud şəkildə pozulur, etirazlar zorakılıqla dayandırılmağa çalışılır. Neçə-neçə etirazçı gənclərə qarşı ölüm hökmü çıxardılaraq, edam edilir. SİAM.AZ bildirir ki, bu barədə bizimyol.info xəbər portalına şərhində “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb.
Onun sözlərinə görə, bütün bunların fonunda İran-Ermənistan münasibətləri daha da inkişaf edir. Yəni dünyada sülhün yaranmasına, ədalətin bərqərar olmasına mane olan iki qüvvə bir-birinə dəstəyini daha artırır.
“Ermənistanın Baş nazirinin arvadı Anna Akopyanın İranda qadınlarla bağlı konfransda iştirak etmək üçün səfəri və molla rejimi tərəfindən böyük rəğbətlə qarşılanması, İslam məbədlərini, dini ziyaratgahların gəzdirilməsi Tehran rejiminin ikiüzlüyünün bariz nümunəsidir. İşğal olunmuş ərazilərimizdə onlarla məscidin dağıdılmasında, minlərlə günahsız insanların ölümündə əli olan bir dövlətin nümayəndəsinə göstərilən xoş münasibət İslam dəyərlərinə, humanizm prisnsiplərinə ziddir.
Bizə artıq bəllidir ki, Ermənistan müstəqil siyasət apara bilən bir ölkə deyil. Kənardan erməni lobbisinin və münaqişəyə maraqlı dövlətlərin böyük təsiri var. Xaricdə fəaliyyət göstərən erməni lobbisi Ermənistan dövlətinin təbliğatını aparsa da, ayrı-ayrı dövlətlərlə əməkdaşlığın yaranmasında, inkişafında maraqlı olsa da İran – Ermənistan münasibətlərində o qədər də maraqlı deyillər. Çünki lobbi təşkilatlarının fəaliyyət göstərdikləri dövlətlərin bir çoxu İranla gərgin münasibətlərə malikdirlər və İrana qarşı siyasi–iqtisadi sanksiyalar tədbiq ediblər”. Politoloq bildirir ki, uzun müddətdir lobbinin dəstəklədiyi işğal siyasətinin Azərbaycan tərəfindən fiaskoya uğradılması lobbi ilə Paşinyan hakimiyyəti arasında münasibətlərdə soyuqluq yaradıb. Erməni diasporunun Anna Akopyanla görüşdən imtina etməsi də bununla bağlıdır.
“İranın Ermənistan dövləti ilə isti münasibətlər qurmaq, ona ağır zamanında dəstək vermək məqsədlərindən biri də erməni lobbisi ilə əlaqələr qurmaq, lobbi təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdə özünə qarşı olan sanksiyaları yumşaltmaq və ya sanksiyaların artmasının qarşısını ala bilməkdir. İran – Ermənista münasibətlərinin hansı səviyyəyə çatmasından aslı olmayaraq regionda yeni yaranmış geo-strateji vəziyyətə tabe olmağa, Azərbaycan – Türkiyə əlaqələri timsalında uğursuzluğa düçar olmağa məhkumdur”-deyə politoloq vurğulayıb.