Paşinyan Qafqazı "barıt çəlləyi"nə çevirir: Rusiya Qərblə toqquşsa, Ermənistan yoxa çıxacaq



Cənubi Qafqazda geopolitik proseslər nəhəng güclərin toqquşmasına doğru yönəlib, belə situasiyalarda isə həmişə kiçik dövlətlər "qurbana" çevrilir... İndiki situasiyanın əsas günahkarı avantürist manevrlərlə Rusiya və Qərbi eyni vaxtda Ermənistana yerləşdirməyə çalışan Paşinyan hakimiyyətidir, bu səbəbdən də onun hər iki istiqamət üzrə hədəfə çevrilməsi qətiyyən gözlənilməz olmayacaq...
Cənubi Qafqaz uğrunda mübarizə son vaxtlar daha fərqli istiqamətlər almağa başlayıb. Uzun illər ərzində səhnəarxası ziddiyyətlər ilə müşayiət olunan bu mübarizənin hazırda açıq müstəviyə keçməkdə olduğu inkaredilməz reallıqdır. Və bu qarşıdurmanın yaxın gələcəkdə bütövlükdə region üçün ciddi təhlükələr vəd etdiyi açıq-aşkar sezilməyə başlayıb.
Avropa Birliyinin Ermənistana "mülki müşahidə missiya"sı göndərmək barədə qərarı regional gərginliyin artırılmasına yönəlik addım kimi diqqəti çəkir. Əsas ziddiyyətli məqamı və "düyün nöqtəsi" ondan ibarətdir ki, bu addım bütün maraqlı tərəflərlə məsləhətləşmədən atılıb. Yəni, digər regional güc mərkəzləri və geopolitik oyunçuların mövqeyi nəzərə alınmadan birtərəfli qərar verilib. Halbuki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinin mütləq soruşulması olduqca vacib idi.
Ona görə də, rəsmi Bakının Avropa Birliyinin mülki missiyasına münasibəti bəribaşdan neqativ məzmun daşıyır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bu neqativ yanaşma birmənalı şəkildə ifadə olunur. Rəsmi Bakı xatırladıb ki, Avropa Birliyinin sona çatmış iki aylıq missiyası müsbət nəticələr ilə diqqəti çəkməyib. Əksinə, Ermənistanın sülh prosesindən daha da uzaqlaşması ilə müşayiət olunub.
Ona görə də, rəsmi Bakı xəbərdarlıq edib ki, Avropa Birliyinin yeni mülki missiyası Cənubi Qafqazda sülh prosesinin arxa plana keçirilməsinə yönəlik situasiya yaratmağa səbəb olmamalıdır. Yəni, Azərbaycan tərəfi eyham vurur ki, Avropa Birliyinin mülki missiyası öz davranışları ilə Brüssel prosesindəki vasitəçiliyinin üzərinə kölgə salmamalıdır. Regional sülh prosesində avropalı vasitəçilərə etimadı boşa çıxartmamalıdır.
Göründüyü kimi, kifayət qədər dəqiq və prinsipial mövqedir. Rəsmi Bakı Avropa Birliyinin regional sülh danışıqları prosesi ətrafında yeni Minsk Qrupunun yaradılması cəhdlərinə imkan verilməyəcəyinə dolayısı eyham vurur. Azərbaycanın milli maraqlarına zidd davranışlara kəskin reaksiya veriləcəyi bəribaşdan vurğulayır. Və bundan sonra regionda situasiyanın sülh prosesindən kənara çıxarılmasına cəhdlərə görə Ermənistan ilə yanaşı, məhz Avropa Birliyi də siyasi məsuliyyət daşımalı olacaq.
Bütün bunlar onu göstərir ki, hazırda Avropa Birliyi Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlik fəaliyyətdən daha çox regiona nüfuz etmək barədə düşünür. Bu halda isə Avropa Birliyinin qarşısına əsas rəqib kimi məhz Rusiya çıxmış olur. Çünki Rusiya keçmiş SSRİ-nin süquta uğramasından sonrakı 30 il ərzində Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biri olub. İndi Avropa Birliyi Rusiyanın regional forpostu olan Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək cəhdi ilə Kremli bölgədən sıxışdırmağa çalışır.
Təbii ki, Kremldə bu reallığı tam dəqiqliyi ilə görürlər və anlayırlar. İndi Rusiya üçün Ermənistan üzərindən Qərblə savaşda ikinci cəbhənin açılmaqda olduğu açıq-aşkar nəzərə çarpır. Ona görə də, Kreml Avropa Birliyinin mülki missiyasının Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün icad olunduğunu birmənalı şəkildə bəyan edir. Və bu missiyanın regionda geopolitik situasiyanı gərginləşdirəcəyini vurğulayır.
Kremlin mövqelərində bir önəmli məqam diqqəti çəkir. Belə ki, xəbərdarlıq edilir ki, Rusiya sərhədçiləri və rus sülhməramlı qüvvələri Avropa Birliyi mülki missiyasının davranışlarına yaranacaq situasiyaya uyğun reaksiya verəcək. Yəni, bu xəbərdarlıqda açıq hərbi müdaxilə hədəsi sezilir. Yəni, Kreml demək istəyir ki, əgər, Rusiyanın maraqlarına zərbə vurmaq cəhdi olarsa, situasiya hərbi qarşıdurmaya səbəb ola bilər.
Digər tərəfdən Kreml üstüörtülü şəkildə Ermənistanın siyasi dairələrinə də xəbərdarlıq mesajı göndərib. Çünki, KTMT Ermənistana operativ müşahidə missiyası göndərmək istəsə də, Paşinyan hakimiyyəti buna maraq göstərməyib və Avropa Birliyinin xeyrinə seçim edib. İndi Kreml də bundan sonra baş verə biləcək hadisələrin əsas günahkarları sırasında məhz rəsmi İrəvanın da yer aldığına eyham vurur.
Maraqlıdır ki, Kremlin son hədələri artıq öz təsirini göstərməyə başlayıb. Belə ki, rəsmi İrəvan geri çəkilmək üçün uyğun manevr məkanı axtarmağa çalışır. Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib ki, rəsmi İrəvan KTMT-nın missiya göndərmək təklifindən imtina etməyib. Onun sözlərinə görə, KTMT bu məsələ barədə hələlik yekun qərar verməyib və ona görə Ermənistan hazırda gözləmə mövqeyindədir. Eyni zamanda erməni səfir Paşinyan hakimiyyətinin KTMT-dan çıxmağa hazırlaşması barədə mövcud iddiaları da təkzib edib.
Belə anlaşılır ki, rəsmi İrəvan Kremlin son dolayısı xəbərdarlığını ciddiyə almaq məcburiyyətində qalıb. Hər halda, Rusiyadan yan keçib, Qərblə yaxınlaşmağın o qədər də asan olmayacağını artıq anlamağa başlayıblar. Halbuki, indiki situasiyada bu, Ermənistanın vəziyyətini yüngülləşdirmək əvəzinə daha da qəlizləşdirmiş olur. Çünki proses çox irəliyə gedib. Avropa Birliyinin mülki missiyası barədə qərar verilib. Onlar artıq tərkibi formalaşdırmaq mərhələsindədirlər və tezliklə Ermənistana yerləşməyə hazırlaşırlar. KTMT-nın missiyası ilə bağlı sənəd isə baş nazir Nikol Paşinyan tərəfindən hələ də imzalanmayıb.
Üstəlik, belə bir sənəd imzalansa belə, rəsmi İrəvanın mövcud "geopolitik labirint"dən çıxma şansı ümidverici görünmür. Hər halda, Avropa Birliyi və KTMT missiyalarının eyni vaxtda, yan-yana necə fəaliyyət göstərəcəklərini yəqin ki, ən avantürist siyasi fırıldaqlar qurmaq qabiliyyəti olan rəsmi İrəvan da təxmin edə bilməz. Və belə vəziyyətdə Ermənistan həm Qərbin, həm də Rusiyanın sərt pressinqi altında qalmağa hazır olmalıdır.
Kreml indi rəsmi İrəvandan sülh danışıqları masasına qayıtmağı tələb edir. Üstəlik, bu prosesdə yalnız Rusiyanın vasitəçiliyini ön plana çəkir. Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazır olduğunu artıq bəyan edib: "Vaxtaşırı ortaya çıxan ziddiyyətlər danışıqlar prosesinə əngəl olmamalıdır. Azərbaycan-Ermənistan münasibətlərinin bütün istiqamətlər üzrə normallaşması prosesinin tez bir zamanda bərpası olduqca vacibdir".
Göründüyü kimi, Rusiya Ermənistanın danışıqlar masasına qayıtmasını tələb edir. Rəsmi İrəvana eyham vurulur ki, Rusiyanın vasitəçiliyindən kənarda dəstək axtarışları Ermənistan üçün müəyyən təhlükəli nəticələr verə bilər. Yəni, Kreml Ermənistanı belə asanlıqla, Rusiyadan qaçıb, Qərbə sığınmasına imkan vermək niyyətində deyil. Əksinə, rəsmi İrəvanın avantürist manevrlərinə olduqca sərt alternativ reaksiya verməyə hazır olduğunu sezdirir.
Ona görə də, proseslər inkişaf etdikcə, Ermənistanın daha çətin vəziyyətə düşə biləcəyi qətiyyən istisna deyil. Çünki Ermənistan Rusiyanın tam nəzarəti altındadır. Üstəlik, Rusiyanın düşməni olan ABŞ və Qərb də Ermənistana yerləşmək üzrədir. Rusiyanın Qərblə Ermənistanda əvvəl-axır açıq toqquşmaya məcbur olacağı da şübhə doğurmur. Və bu halda, Ermənistanın hansı fəlakətli perspektivlə üzləşəcəyini təxmin etmək çətin deyil.
Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda geopolitik proseslər nəhəng güclərin toqquşmasına doğru yönəlib. Nəhənglərin toqquşmalarında isə həmişə kiçik dövlətlər qurbana çevrilir. İndiki situasiyanın əsas günahkarı avantürist manevrlərlə Rusiya və Qərbi eyni vaxtda Ermənistana yerləşdirməyə çalışan Paşinyan hakimiyyətidir. Ona görə də, Ermənistanın hər iki istiqamət üzrə hədəfə çevrilməsi qətiyyən gözlənilməz olmayacaq.(musavat.com)


Tarix: 27-01-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti